
“İsrailin iki F-35 təyyarəsi Bakıya gəlib”.
Bu iddianı SEPAH-a yaxınlığı ilə seçilən “Azariha” Telegram səhifəsi yayıb.
Məlumatda deyilir: “Hərbi məlumatlara görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd F-35 təyyarəsi Bakı Respublikasına enib. Bu gizli təyyarələr nüvə obyektlərini bombalamaq üçün istifadə olunur. İsrailin İrana birbaşa çıxışı olmadığı üçün bu təyyarələrin Bakıda yerləşdirilməsi əhəmiyyətlidir”.
İranın uran zənginləşdirməsini 60 faizə çatdırmasından qorxuya düşən İsrail guya Bakıdan hərbi baza kimi istifadə edərək İran əleyhinə fəaliyyəti artırıb.
“Son üç həftə ərzində iki ölkə arasındakı münasibətlərə görə Bakının gərginliyi qəsdən artırması İsrailin bu bazanı Azərbaycanda yerləşdirmə ssenarisinin bəhanəsi ola bilər”, - məlumatda belə deyilir.

Qeyd edək ki, Azərbaycanın öz ərazisini erməni işğalından azad etməsini özünün Avropaya açılış projesinə zidd hesab edən İran ölkəmizə qarşı ən müxtəlif uydurma arqumentlər irəli sürür. Gah Zəngilanda hansısa camış fermasını İsrailin hərbi bazası kimi təqdim edir, gah da Qəbələdə İsrail təyyarələrinin yerləşdirildiyini bildirir. Azərbaycanın “əgər faktınız varsa, təqdim edin” çağırışına isə məhəl qoymur.
İndi isə F-35 təyyarələrinin nüvə obyektlərini vurmaq üçün icad olunduğunu bildirən SEPAH-a yaxın media bu təyyarələrdən 2-sinin Azərbaycana göndərilməsi barədə növbəti yalanını irəli sürür. Bu yalanını əsaslandırmaq üçün öz aləmində “ağlabatan” versiya da uydurur: İranla birbaşa sərhədi olmadığı üçün İsrail F-35-lərini Azərbaycana göndərir. Halbuki, İranla birbaşa həmsərhəd olan körfəz ölkələrinin bəzilərində F-35 təyyarələri var və İsrail istədiyi təqdirdə ərəblər məmnuniyyətlə Tel-Əvivin əmrini icra edə bilərlər.
Heç uzağa getməyək, illik hərbi büdcəsi 27 milyard dollar olan BƏƏ-nin ən azı 2 F-35 təyyarəsi var və əmirlik rəsmiləri dünyada yeganə düşmənlərinin İran olduğunu gizlətmirlər də. Əmirliyin ABŞ-dakı səfiri Yusif əl-Otaiba 2010-cu ildə mətbuata verdiyi açıqlamasında bu həqiqəti belə ifadə etmişdi: "Son 40 ildə ordumuz İran təhlükəsi ilə yedi, içdi, yatdı, oyandı. Bölgədə BƏƏ üçün təhlükə yaradan heç bir ölkə yoxdur, İrandan başqa”.
Üstəlik, son zamanlar İsraillə BƏƏ arasında diplomatik və hərbi əməkdaşlıqlar da getdikcə güclənir. İran isə bu gerçəklikləri görməzlikdən gəlir...
Digər tərəfdən, nüvə obyektlərinin təyyarə ilə vurulması da məntiqə sığmir. Ümumiyyətlə, müasir raketlərin əsas təyinatı təyyarələrə ehtiyac duymadan və heç bir canlı itki vermədən istənilən obyekti daha rahat, dəqiq vurmaqdır. İsrail isə hədəfləri ən dəqiq zərbələrlə vurmaq qabiliyyətinə malik raketləri ilə məşhurdur. O zaman İranın nüvə obyektlərini niyə daha riskli və qeyri-effektiv yolla zərərsizləşdirsin?
Göründüyü kimi, İran ən uydurma “dəlillərlə” Azərbaycanı qaraladığı halda, əsl təhlükə obyektini nədənsə görməzlikdən gəlir. Yəqin ona görə ki, İranın İsrailin gerçək dostu qarşısında at oynatmağa cəsarəti çatmır, bu səbəbdən də ona uydurma düşmən obrazı yaratmaq daha sərfəlidir. Bizim qarşımızda şeşələnməklə özünü təbəələrinə "dünyanın super güclərinə xox gələn qəhrəman" kimi göstərsin deyə.(Ovqat.com)