“Biz Prezidentə sui-qəsdin qarşısını almışıq”- KEÇMİŞ MTN GENERALI İRANLI SNAYPERİN NECƏ ZƏRƏRSİZLƏŞDİRİLDİYİNDƏN DANIŞDI
MƏHKƏMƏ ZALINDAN

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və digərlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir.

 

Sabiq rəislə bərabər müttəhimlər kürsüsünə 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Onlar məhkəmə salonunda şüşə qəfəsə salınmaqla prosesdə iştirak ediblər.

 

Senzor.az “Yeni Müsavat”a istinadən bildirir ki, yanvarın 30-da keçirilən prosesdə Mövlam Şıxəliyev çıxış edib. O, ittiham olunduğu məqamları sadalayaraq heç bir epizod üzrə günahının olmadığını iddia edib.

 

Bildirib ki, Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi, hakimlər Camal Ramazanovun və Aslan Kalbalıyevin iştirakı ilə barəsində çıxarılan hökm ehtimallarla, sübutlarsız olan ittiham aktının surətinin hökmə köçürülməsi ilə verilən hökmdür: “Hörmətli hakimlər, hökmdə heç bir sübut göstərilmədən qeyd edilib ki, mənim etirafedici ifadəmə əsasən ittiham sübuta yetirilmiş hesab edilməlidir.

 

Hansı ifadəmdir etirafedici ifadə? Mənə cəlbetmə qərarı elan ediləndən, yəni 5 aprel 2021-ci il tarixdən heç bir ittihamı qəbul etməmişəm və buna da əsaslarım var. Əgər cinayət işində bir dənə də olsa sübut varsa, mənə ittiham təqdim edilsin. Mən artıq 21 aydan çoxdur əsassız olaraq həbsdə saxlanılıram".

 

Mövlam Şıxəliyev ona ittihamda elan edilən bütün epizodları sadalamaqla, xidmətlərini qabartmaqla günahsız olduğunu deyib. O, verilən ittihamların heç birini qəbul etmədiyini, özünü qətiyyən təqsirli bilmmədiyini söyləyib: “Nə biz Müdafiə Nazirliyinin işçiləri idik, nə də mən korpus komandiri idim ki, işçilərin hamısı mənə tabe olsun, göstərişlərimi yerinə yetirsin. Mən idarəyə daxil olan sənədlərin qeydiyyatına nəzarət eləmişəm, bölgüsünü həyata keçirmişəm. Nəzarətdə saxlamışam ki, süründürməçilik olmasın. İttihamı elə yazıblar ki, sanki istintaq qrupunun üzvləri bizimlə oturub, görüb ki, mən öz işçilərimi necə yığıram, necə rüşvət alıram. Halbuki belə şey olmayıb. Qanunda da yazılıb ki, prosessual rəhbərliyi prokuror həyata keçirir. İstəmirəm, jurnalistlər gedib yazsınlar ki, Mövlam Şıxəliyev hər şeyi prokurorluğun üstünə atdı. Mənə nə baş prokuror, nə Rüstəm Usubov qanunsuz göstəriş verib. Mənim təqsirim yoxdur”.

 

Mövlam Şıxəliyev deyib ki, ona qarşı 32 epizod üzrə ittiham irəli sürülüb: “Lakin bu epizodların heç biri üzrə prokurorluq bircə mötəbər sübut ortaya qoymayıb... İttihamda yazıblar ki, guya mənə 2008-ci ildə general rütbəsi almağım münasibətilə “Vertu” telefonu verilib. Halbuki mən bu rütbəni 2010-cu ildə almışam. Bunu belə araşdırmadan ittihama yazıblar. Yaxud da guya mən 28 May küçəsində evimdə rüşvət almışam, bunu görüblər. Halbuki mən 28 May küçəsində yaşamıram, mənim evim Nizami küçəsindədir, maliyyə naziri Samir Şərifovla qapı qonşuyuq. Əgər kimlərəsə mənim həbsim lazımdırsa, daha bu adamları (digər 3 təqsirləndirilən şəxsi nəzərdə tutur-E.M.) niyə tutursuz? “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyevin əmlakının alınması ilə bağlı mənə ittiham verilib. Tamamilə yalandır. Onun əmlakı necə satılıb, niyə araşdırılmadı? O əmlakı Eldar Ələkbərov adlı şəxs alıb, pulu verilib, ondan sonra da Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev alıb. Mənə nə aidiyyəti var bu məsələnin ki, mənə ittiham verilib?"

 

Mövlam Şıxəliyev orden və medallarının, general rütbəsinin alınmasından da danışıb. O bildirib ki, həmin mükafatlar onlara bir sıra xidmətlərin müqabilində verilmişdi: “Biz Prezidentə sui-qəsdin qarşısını almışdıq. Heydər Əliyev Mərkəzinin qarşısında iranlı casus ev kirayələmişdi, yüksək dəqiqliklə vuran snayperlə Prezidentə sui-qəsd hazırlanmışdı. Vüsal Ələkbərov və Sahib Ələkbərovun sayıqlığı nəticəsində onun qarşısı alındı. O, uzunmüddətli həbsə göndərildi. Hacı Məmmədovun dəstəsi Bakıya vəlvələ salmışdı, 12 qətl hadisəsi törətmişdi. Biz necə çətinliklə onun qarşısını aldıq. Elmar Hüseynovun qatillərini aşkarladıq. Tahir Xubanov, Teymuraz Əliyev, Serxio... Biz bu işlərə görə almışıq o rütbələri, orden və medalları. Bir cümlə ilə yazırlar ki, alınsın o rütbələr, orden və medallar...”

 

Məhkəmədə Mövlam Şıxəliyevlə zərərçəkmişlərdən Hüseyn Səfərov arasında mübahisə yaranıb. Hüseyn Səfərov Mövlam Şıxəliyevi yalan danışmaqda ittiham edib. Deyib ki, o, dövlətə xidmət eləməyib, xəyanət edib: “Əgər siz xəyanət etməsəydiz, Prezident MTN-i dağıtmazdı, sənin nazirini də qovmazdı. Bu gün də siz özünüzü müdafiə etmək üçün yalan danışırsız. Kişisən, düzünü de”.

 

Hakim müdaxilə edərək Hüseyn Səfərovu sakitləşdirməyə çalışıb.

 

Zərərçəkən isə deyib ki, Mövlam Şıxəliyev yalan danışdıqca, o da fikirlərini deyəcək.

 

Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını da tələb edir. Onun sözlərinə görə, həmin əmlakların bir qismi ailə üzvlərinə vərəsəlik əsasında keçib: “1953-cü ildə babamdan qalmış evi də müsadirə ediblər. Yaxud qızım 2004-cü ildə ailə qurub, 2014-cü ildə həyat yoldaşı ilə birlikdə mənzil alıblar, həmin əmlakı da müsadirə ediblər...”

 

Növbəti proses fevralın 6-da keçiriləcək. Həmin prosesdə digər keçmiş MTN-çilər çıxış edəcəklər.

 

Xatırladaq ki, adları çəkilən sabiq MTN-çilərdən Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edildi. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edildi.

 

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

 

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.