
Son günlər İran Cənubi Qafqaz regionunda qarşıdurma yaratmağa çalışır. İranın xarici işlər nazirinin ad çəkmədən “qonşuluqda sionist rejimin möhkəmlənməsini özümüzə təhdid hesab edirik" deməsi xüsusilə birmənalı qarşılanmayıb. İran tərəfi dolayısı ilə İsrailin Azərbaycanda hərbi baza yaratması kimi uydurma iddialar irəli sürməkdədir.
Azərbaycanın 11 ildən çox İranda səfiri olmuş Abbasəli Həsənov məsələ ilə bağlı fikirlərini modern.az-la bölüşüb.
Sabiq səfir son vaxtlar İran İslam Respublikasının Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dövlətinin ünvanına müxtəlif böhtanlar, heç bir əsası olmayan uydurma fikirlərin yer almasından narahat olduğunu deyib: “Təəssüf ki, bu cür əsassız bəyanatlar İranın dövlət rəsmiləri, millət vəkilləri tərəfindən səslənib. Sözsüz ki, bunların heç birinin əsası yoxdur. Həqiqətdən çox uzaq fikirlər söylənilir”.
A.Həsənov məsələ ilə bağlı yaxın keçmişə qayıtmaq və iki faktı nəzərə çatdırmaq istədiyini də bildirib: “Birincisi, 2001-ci ilə aiddir. Həmin ilin iyun ayında İranın eks-prezidenti Həsən Ruhani o dövrdə ölkənin Təhlükəsizlik Şurasının katibi kimi Azərbaycana rəsmi səfərə gəlmişdi. Səfər zamanı Ruhani və başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın o vaxtkı milli təhlükəsizlik naziri Namiq Abbasovla görüşmüşdü. Onda da Ruhani belə bir iddia səsləndirmişdi: “İranla Azərbaycan dost və qardaş ölkələrdir. Biz müsəlmanıq, şiəyik.
Amma Azərbaycan öz ərazisində İsrailə imkan verib ki, İranın sərhədlərinə yaxın bölgələrdə hərbi qurğular quraşdırsın. İsrail o qurğular vasitəsilə İranın ərazisinə nəzarət edir”. Guya Azərbaycanda İranın təhlükəsizliyinə xələl gətirə biləcək fəaliyyət göstərilib. Ruhani bu məsələ ətrafında 15 dəqiqə çıxış etdi.
Namiq Abbasov ona axıra qədər qulaq asdı və çox lakonik, qısa cavab verdi: “Təhlükəsizlik Şurasının katibi kimi dediyiniz fikirlərlə bağlı sizin əlinizdə fakt olmalıdır. Siz fakta əsaslanmalısınız. Əgər dediyiniz düzdürsə, siz o qurğuların yerini də bilməlisiniz. Siz xəritəyə barmağınızı qoyun və o qurğuların harada olduğunu göstərin. Mən maşın təşkil edim və elə indi burdan durub birbaşa dediyiniz yerə gedin və baxın”. Sözsüz ki, Həsən Ruhani Namiq Abbasova cavab verə bilmədi. Çünki iddialarının arxasında fakt olmalı idi. Sonra 2-3 nəfər bir-birinin üzünə baxdı, amma heç nə deyə bilmədilər. Məlum oldu ki, söylədikləri uydurmadır”.
Sabiq səfir İran tərəfinin səsləndirdiyi əsassız fikirlərlə bağlı ikinci faktı da qeyd edib: “2006-cı il aprelin sonlarında cənab Prezident İlham Əliyevin Amerikaya səfəri olmuşdu. Səfər mətbuatda geniş işıqlandırılmışdı. Onda cənab İlham Əliyev Ağ Evin qarşısında Amerika və digər xarici ölkələrin jurnalistlərinin suallarını cavablandırmışdı. Bu məsələ ilə bağlı cənab Prezident bəyan etmişdi ki, Azərbaycanla İran dost və qonşu ölkələrdir. İranla Azərbaycanın münasibətləri hərtərəfli inkişaf edir. Yaxşı əməkdaşlıq münasibətləri qurulub. Əməkdaşlığımızın da yaxşı inkişafı var. Bütün sahələrdə əlaqələrimiz yaxşı inkişaf edib: “Azərbaycan öz ərazisində İrana xələl gətirə biləcək, İranın əleyhinə hər hansı qurğuların tikilməsinə heç zaman heç kəsə icazə verməyəcək”.
Sözsüz ki torpaqlarının 20%-i işğal edilmiş və bir milyon qaçqın-köçkünü olan bir ölkənin dövlət başçısının Amerikada - Ağ Evin qarşısında belə bəyanat verməsi böyük cəsarət tələb edirdi. Bununla hörmətli Prezidentimiz fikirlərini açıq və mərdi-mərdanə bütün dünyaya bəyan etdi. Dünyanın heç bir dövləti İranın xeyrinə bu cür cəsarətli və qətiyyətli bəyanat verməyib. Bu, bir daha onu göstərir ki, Azərbaycanın dövlət başçısı cəsarətlə və çəkinmədən həqiqəti deyib. Bununla cənab Prezident dostluqda Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirmiş oldu. Əgər dövlətlərarası münasibətlərdə “dostuq” deyirsə, onu əməldə, işdə həyata keçirir. Bu ikinci fakt bir daha onu göstərir ki, Azərbaycanda İsrailin və ya hər hansı başqa dövlətin İrana qarşı fəaliyyəti yoxdur və İranın təhlükəsizliyi üçün hər hansı qurğunun təsis edilməsinə Azərbaycan tərəfi icazə verməyib, verməyəcək də”.
Abbasəli Həsənov onu da əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Ev qarşısında İranı dəstəkləyən bəyanatı haqqında məlumatı heç vaxt İran mətbuatı işıqlandırmadı: “Ağaye Ruhaninin milli təhlükəsizlik naziri Namiq Abbasovla görüşünü mətbuatda verə bilməzdik. O qapalı bir toplantı idi. Amma cənab Prezidentin Ağ Ev qarşısında İran haqda qətiyyətli bəyanatını mətbuatda verməli idilər. Hər dəfə bu haqda danışsam da, İran mətbuatı işıqlandırmırdı. Dəfələrlə həm İran rəsmilərinə, həm də yerli mətbuata Prezident İlham Əliyevin Ağ Ev qarşısında İranla bağlı qətiyyətli mövqeyi barədə söyləyirdim. Amma İran mətbuatı bu faktların heç birinin yayılmasına dəstək olmadı”.