Türkiyə üçün kritik 100 gün
QƏRB ƏRDOĞANA QARŞI ƏKS-TƏBLİĞATI GÜCLƏNDİRİR

Türkiyədə 14 may seçkiləri yaxınlaşdıqca ABŞ və Avropa mediasında qardaş ölkə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə hay-küylü məqalələrin sayı artır. Türkiyədə parlament və prezident seçkilərinə 100 gün qalmış az qala bütün Qərb mediası ayağa qalxmış kimi görünür.

 

Diqqət edin, yetərincə qısa zaman ərzində “Foreign Policy”, “The Wall Street Journal”, “The Economist”, “Bloomberg”, “The Washington Post” və Almaniyanın “STERN” jurnalı kimi nüfuzlu media orqanları Türkiyəni və Prezident Ərdoğanı ləkələməyi artıq ənənə halına çevirib. Vaxtaşırı təhrif olunmuş, yalanla dolu, hətta, sadəcə qara PR-ı və manipulyasiyanı özündə ehtiva edən materiallar dərc edilir.

 

Adıçəkilən nəşrlərdə getmiş son başlıqlara nəzər salmaq yetər: “Ərdoğan hakimiyyətdə qalmaq üçün müharibələr yaradır”, “Türkiyə demokratiyasının sonu”, “Türkiyə diktatura astanasında”, “Ərdoğan qızışdırıcıdır”, “Ərdoğan müxalifəti yox edir, məhkəməni nəzarətə götürür”, “Ərdoğan seçkiləri saxtalaşdırmaqla hakimiyyətdə qalacaq” və s.

 

Mətbuatın yazdığına görə, hətta ABŞ rəsmilərindən biri bu yaxınlarda bildirib ki, Amerika Ankaraya tədarük etmədiyi F-35-lərə görə aldığı 1,4 milyard dolları (Türkiyənin öncədən ödədiyi vəsaiti) qaytarmaq üçün prezident seçkilərini gözləyəcək. Yəni pulların halal sahibinə qaytarılması, beləcə, ABŞ-ın “xoşməramlı jesti” kimi təqdim olunur. Belə çıxır, Ərdoğan qalsa, nə F-35 olacaq, nə də pul geri veriləcək.

 

Türkiyə seçicilərinin həm də bu cür ləyaqətsiz vədlərlə şirnikləndirilməsinə ucuz cəhdlər edilir. Ankaraya və Ərdoğana qarşı əsas irad da elə AKP iqtidarı dönəmində Türkiyənin öz milli maraqlarından güzəştə getməyən, “1-ci sort” ölkəyə, regiona, hətta qlobal gücə çevrilməsi ilə bağlıdır. O Türkiyə ki, artıq öz milli mənafeyi ilə bağlı daha Qərbə heç bir kompromisə getmir.

 

Lakin Ərdoğana qarşı qara PR daxildə əks effekt də verə bilər. Görəsən, bunu Qərb texnoloqları bilmirlər? 

Fazil Mustafa: “Bu kampaniya Ərdoğanın əleyhinə işləməyəcək, əksinə...”

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bu təzyiqlərin arxasında duran əsas səbəblərdən danışdı: “Türkiyədə seçkilər, təbii ki, bütün Qərb arenasında ciddi şəkildə müzakirə olunur. Hakimiyyətin əl dəyişməsi onların hədəfində olan məsələlərdən biridir. Bu həm də Türkiyənin müəyyən dərəcədə dünya arenasında müstəqil bir siyasət yürütməsinə qarşı ola biləcək əks həmlədir. Çünki qardaş ölkə bütün məsələlərdə müstəqil mövqe ifadə edir. Hər hansı bir ölkənin diktəsi ilə hərəkət etməyəcəyini açıqca göstərir. NATO-da üzv ölkədir, amma bu təşkilatın öz milli maraqlarına uyğun gəlməyən qərarlarına tabe olmur və ayrıca öz dəst-xəttini irəli sürür. NATO-ya üzv olmaq istəyən dövlətlərə münasibətdə də öz şərtlərini ortaya qoyur, terroru dəstəkləməyi dayandırmağı tələb edir. Bu da, təbii ki, NATO ölkələri arasında Türkiyəyə olan sərt münasibətin formalaşmasına gətirib çıxarır.

 

Amma qardaş ölkə bütün bu məsələlərdə öz milli maraqlarını güdməyi daha vacib sayır. Bu məsələdə də haqlıdır. Digər tərəfdən, ümumiyyətlə, Qərblə inteqrasiya içərisində olsa da, Ukrayna savaşında ən müstəqil mövqeyi elə Türkiyə ifadə etdi. Həm Rusiya ilə normal münasibətlərini qoruyub saxlayır, həm də Ukrayna ilə eyni münasibəti sərgiləyir. Müharibənin gedişatına təsir edə biləcək taxıl məsələsində, eləcə də əsirlərin dəyişdirilməsi məsələsində aktiv rol alır, öz təşəbbüslərini gerçəkləşdirir. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələrini də Qərbin təzyiqlərinə baxmayaraq kəsmir. Ukrayna üçün də silah, pilotsuz uçuşların tədarükündə önəmli bir rolunu göstərməyə çalışır. Bu da Türkiyənin nə qədər özünün maraqlarına uyğun davranma niyyətinin olduğunu ortalığa qoyur.

 

Bu prosesin başında da Ərdoğan şəxsiyyəti durur. Çünki Ərdoğan həm də Türkiyə üzərində hansısa bir təzyiq, yaxud basqıçı bir siyasətə qarşı sərt dirəniş göstərməyi özünün siyasətində əsas kurs olaraq görməkdədir. Təbii ki, bu persona da Qərb ölkələri tərəfindən birmənalı şəkildə qəbul olunmur. Onun xarizması, Türkiyə cəmiyyətindəki müəyyən resursları sarsıntı içərisində qalmaqdadır. Buna qarşı pozuculuq işlərini gücləndirməyə başlayırlar. Bu isə Türkiyədə iqtidarda olan həm partiyanın, həm də Ərdoğanın özünün əleyhinə işləyən amil deyil. Nə qədər Qərb ölkələri Türkiyə Prezidentini qaralamağa çalışsalar da, türk toplumunun bir xarakteri var: kənardan gələn təzyiqlər əksinə daxildə mövqeyin güclənməsi üçün müəyyən dərəcədə stimul yaradır. İnsanlar daha sərt formada bunun yeni müstəmləkəçilik, yeni təzyiq forması olduğunu dərk edərək buna qarşı dirəniş göstərməyə üstünlük verirlər. Türkiyə cəmiyyətində indiki formada bu etirazı görmək mümkündür. Bu formada Türkiyə Prezidentinə qarşı yağdırılan hər hansı bir təzyiq, şantaj xarakterli, yaxud aşağılayıcı bir üslub Türkiyə cəmiyyətinə neqativ bir təzahür olaraq görülür. Onun dəstəklənməsi ən azı, ölkənin təəssübkeşliyi baxımından çıxış edən neytral, hətta narazı insanlarda belə motivasiya yaratmış olur.

 

Qəzetlərdə gedən materiallar, ayrı-ayrı dövlətlərin bu istiqamətdə xətləri genişləndirməsi hələ o demək deyil ki, türk seçicisinə ciddi təsiri olacaq. Təbii ki, iqtidarda uzun müddət təmsil olunan partiyanın rəhbəri çox insanı özündən narazı salmış durumda ola bilər. İqtisadi şərtlərdə müəyyən problemlər yaşanmaqdadır. Amma Türkiyə cəmiyyəti dövlət təhlükəsizliyi məsələsinə çox ciddi, həssaslıqla yanaşan cəmiyyətdir. Bu gün Türkiyənin həm müstəqilliyi, həm də bölgədə ciddi bir gücə çevrilməsi istiqamətində hədəflər gerçəkləşdirilməkdədir. Bu gerçəkləşdirilən hədəflərdə də müəyyən dərəcədə Ərdoğanın bir az daha müstəqil davranışları önəmli rol oynayır. Bunu da zəiflətmək üçün cəhdlər kifayət qədər artmaqdadır". 

Deputat Azərbaycanın mövqeyindən də söz açdı: “Biz, Azərbaycan olaraq, Türkiyənin daxili işlərinə qarışmırıq. Biz qardaş ölkənin elə demokratik bir dövlət olaraq, seçicilərin iradəsi ilə hansı formada hakimiyyət qərarı verilsə, o seçimə sayğı göstərməyə hazırıq. Amma biz həm də unutmuruq ki, Azərbaycanın Qarabağı işğaldan azadetmə prosesində ən böyük dəstəyi həm də Türkiyə ona görə verdi ki, bunu Rəcəb Tayyib Ərdoğan qətiyyətlə istədi. Azərbaycana bu qədər açıq, birmənalı şəkildə dəstək vermək onun xüsusi bir xidməti olaraq sayılmalıdır. İndi bizim buradan qiymətləndirdiyimiz budur. Amma Türkiyə cəmiyyəti daxildən bu prosesləri necə qiymətləndirəcək, bunu seçkilərin nəticələri daha çox göstərmiş olacaq.

 

İndi 9 ölkə İstanbulda konsulluğunu bağladı. Bu da təzyiq formalarından biridir. Sanki Türkiyənin etibarsız, qeyri-stabil bir ölkə görüntüsü vermək baxımından bir çətinliyə sürüklənməsidir. Amma belə təlatümləri vaxtilə qardaş dövlət üçün çox yaradıblar. Ümid edək ki, xeyirli bir seçim olar. Bu seçim də Azərbaycanla münasibətlərin bundan sonra daha da inkişaf etməsinə faydalı ola bilər. Əsas təmannamız budur. Bütün hallarda Qərb tərəfindən Türkiyədə hər halda bu seçkilərin normal keçməsinə qarşı da bir ümidləri sındırma prosesi aparılır. Düşünürəm ki, bu kampaniya heç də Ərdoğanın əleyhinə işləməyəcək. Əksinə, ona xaricdən təzyiq altında olan bir lider kimi türk cəmiyyətindən daha çox dəstək gələcək. Çünki Türkiyə cəmiyyətində anti-Amerika meylləri son 30 ildə kifayət qədər güclənib. Son illərdə, xüsusilə FETÖ qiyamından sonrakı dövrdə artmağa başlayıb. Çünki bu çevriliş cəhdinin arxasında müəyyən dərəcədə ABŞ-dakı qüvvələrin durduğu, çevrilişin memarlarının bu ölkədə qorunması faktını unutmamaq lazımdır. Bu olduqca ciddi proseslər idi və yekunda istiqamət olaraq Amerikanın Ərdoğana qarşı müəyyənləşdirdiyi bir plan olduğu ortalığa çıxmışdı. İndiki vəziyyətdə hər halda seçimlərin Türkiyə üçün daha faydalı bir istiqamətdə təlatümsüz, hər hansı bir qarşıdurma olmadan yekunlaşması hamının arzusudur. Ondan sonra Türkiyə cəmiyyəti hansı partiyaya, hansı şəxsə konkret olaraq seçkilərdə namizədliyini ortalığa qoyduğu halda dəstək verəcək, bunu zaman göstərəcək. Biz xalqın seçiminə hər zaman sayğı ilə yanaşacağıq".  

Əhəd Məmmədli: “ABŞ Türkiyədə yenə uğursuzluğa düçar olacaq”

 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli də fərqli düşünmür və Ərdoğan iqtidarına qarşı olan təzyiqlərdə təəccüblü heç nə görmür: “Qərb mediasında anti-Ərdoğan isteriyası illərdir davam edir. Əsasən də uğursuz hərbi xuntadan başlanan bu anti-Ərdoğan, anti-Türkiyə dalğası daha da çoxaldı. Təkcə Türkiyə üçün deyil, həm də region, hətta dünya üçün talehyüklü seçkilər öncəsi Qərb mediası rəsmi Ankaraya qarşı basqısını daha da artırıb. Burda da təəccüblü heç nə yoxdur. Amerika Türkiyədəki iqtisadi durum, maliyyə böhranı, inflyasiyadan istifadə edib seçkilər nəticəsində marionetlərini iqtidara gətirmək istəyir. Yuxarıda qeyd etdiyim maliyyə böhranı da, inflyasiya da məhz ABŞ-ın Türkiyəyə elan etdiyi iqtisadi müharibənin nəticəsində baş verdi. 

 

İmperialist Qərb siyasi baxımdan qalib gələ bilmədiyi  Ərdoğan Türkiyəsini iqtisadiyyat vasitəsilə çökdürməklə məqsədinə çatmaq istəyir. ABŞ və Avropa bu il mayın 14-də qardaş ölkədə baş verəcək prezident seçkilərində böyük milli lider Tayyip Ərdoğana qalib gəlməklə məqsədlərinə çatmaq istəyirlər. Tələm-tələsik ana müxalifət partiyası CHP-nin başqanı Kılıçdaroğlunun ABŞ-a dəvəti, paralel olaraq da Qərb mediasında anti-Ərdoğan ruzigarı prezident seçkiləri dönəmində Türkiyədə iqtidarı dəyişmək məqsədini güdür. Bütün çətinliklərə rəğmən Türkiyə Cümhuriyyətinin Ərdoğanın rəhbərliyi ilə dünya gücünə çevrilməsi, sürətli inkişafı Avropanı ciddi narahat etməkdədir. Anti-Türkiyə mövqelərinin yenidən ortaya çıxması bununla bağlıdır. Fikrimcə, bütün cəhdlərə rəğmən ABŞ Türkiyədə yenə uğursuzluğa düçar olacaq, Ərdoğan birinci turdaca qalib olacaq. Onu da unutmayaq ki, Ərdoğanın bu il prezident seçilməsi həm Türkiyə, həm bütün İslam dünyası, həm də ələlxüsus Azərbaycan üçün ekstra-vacibdir. Ona görə ki, Ərdoğan - güclü, bağımsız Türkiyənin daha güclü və bağımsız olması deməkdir. Əks təqdirdə nələrin olacağını adam düşünmək belə istəmir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.