
“Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu müddət ərzində Azərbaycanın 5 vətəndaşının zəlzələ zonasında həlak olması təsdiq edilib:
“Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərar alınıb. Digər 4 nəfərin isə Azərbaycana aparılması istiqamətində işlər davam edir. Eyni zamanda hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".
**16:23
"Azərbaycandan davamlı olaraq yardım təyyarələri gəlir".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
"İnsan və tibbi yardımdan əlavə çadırlar da göndərirlər. Çadırlarla bağlı digər ölkələrlə də danışıqlarımız var. Nəticədə biz çiyin-çiyinə olduq. Azərbaycanın Zəfərində azərbaycanlılar qədər türk milləti də qürur hissi keçirdi. Bugünkü acımızı bizim qədər azərbaycanlı qardaşlarımızın da hiss etdiyini bilirik", - nazir əlavə edib.
**16:19
“Bütün Azərbaycan xalqı və dövləti Türkiyəyə yardım etmək istəyir”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, minlərlə könüllü Türkiyəyə gəlib yardım etmək istəyir: “Bu çox çətin prosedurdur və bunu sistemli şəkildə etmək lazımdır. Bu gündən başlayaraq, azərbaycanlı könüllülər də hissə-hissə bu bölgəyə gəlməyə başlayacaq”.
Ceyhun Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, zəlzələ bölgəsinin bərpasında Azərbaycan Türkiyənin yanında olacaq.
**16:18
“44 günlük müharibə zamanı Mövlud bəy düz 5 dəfə Azərbaycana səfər etdi, bizim yanımızda oldu. Bizi heç tək buraxmadı”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, biz bu dəstəyi Türkiyə Prezidenti başda olmaqla, hər bir türk vətəndaşından gördük, hiss etdik.
**16:06
“Türk xalqına, türk dövlətinə Azərbaycan xalqı, Azərbaycan dövləti adından başsağlığı verirəm”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu imtahandan qüdrətli türk dövləti, türk milləti alnıaçıq, üzüağ çıxacaq: “Qardaş ölkə olaraq, biz ilk dəqiqədən Türkiyənin yanındayıq. Nə qədər ehtiyac olacaqsa, nə qədər zərurət olacaqsa, biz Türkiyənin yanında olacağıq”, – Ceyhun Bayramov əlavə edib.
**15:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda AFAD-ın Kordinasiya Mərkəzinə gəlib.
Xəbərə görə, nazir Ceyhun Bayramov burada Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə görüşüb və yaradılan şəraitlə tanış olub.
Koordinasiya Mərkəzində hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.
**14:55
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş şəhərindəki Mobil səhra hospitalına gəliblər.
Xəbərə görə, hər iki nazir hospitalda yaradılmış şəraitlə yaxından tanış olublar.
Daha sonra Bayramovla Çavuşoğluna mobil səhra hospitalında xəstələrə göstərilən yardımlar barədə məlumat verilib.
Həmçinin Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin həkimlərinə təşəkkür edib.
**14:33

“Türkiyə dövləti indiyə qədər qarşıya qoyduğu bütün hədəflərə necə çatıbsa, zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində də hədəflərinə çatacaq”.
Bunu Kahramanmaraşda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə birlikdə zərərçəkmişlərlə görüşündə deyib.
"Allahın köməyi ilə bu işlər uğurla davam edər. Hörmətli Türkiyə Prezidentinin dediyi kimi bir il ərzində bütün bunlar yenidən bərpa ediləcək. Qüdrətli Türkiyə dövləti indiyə kimi bütün qoyduğu hədəflərə çatdığı kimi, bu hədəfinə də çatacaq. Təbii ki, ağır dərd və sınaqdır. Əminəm ki, bunun öhdəsindən birlikdə gələcəyik", - C.Bayramov vurğulayıb.
**14:00

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.
Məlumata görə, hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olublar.
Daha sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Bayramov və Çavuşoğluna əməliyyatlarla bağlı məlumat verib.
**13:43

Türkiyənin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov türkiyəli iki nazirlə birlikdə zəlzələdə zərər görmüş vətəndaşlarla söhbət edib.

**13:15

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə|nin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində AFAD Mərkəzini ziyarət edib.
Senzor.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Nazir zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Türkiyənin xarici işlır naziri Mövlud Çavuşoğlu görülən işlərlə bağlı Azərbaycan XİN başçısı ilə müzakirələr aparıb.


**12:32

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə gedib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazir artıq Kahramanmaraş şəhərindədir. Səfər çərçivəsində, C. Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.
Həmçinin, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyini (AFAD), Kahramanmaraşın mərkəzində fəaliyyət göstərən azərbaycanlı axtarış-xilasetmə qrupunu, Azərbaycanın səhra hospitalını və axtarma-xilasetmə yerlərini ziyarət edəcək.