
Kahramanmaraşda zəlzələ nəticəsində dağılan Hasan Alpargün Yaşayış binasının podratçısı da saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, podratçı Həsən Alpargün saxlanılaraq Adanaya gətirilib.
O, Şimali Kipr Türk Respublikasına qaçmaq istəyərkən tutulub.
Qeyd edək ki, Adananın mərkəzi Çukurova rayonunda yerləşən və 92 nəfərin yaşadığı binadan indiyədək 70 nəfərin cəsədi tapılıb. Dağıntılar altında daha 15 nəfərin olduğu bildirilir. 

**18:50

Türkiyədə baş verən zəlzələ nəticəsində Adıyamanda dağılan bir çox binaların podratçısı olduqları müəyyən edilən Yavuz Karakuş və Sevilay Karakuş Gürcüstana qaçmaq istəyərkən İstanbul Hava Limanında yaxalanıblar.
Yavuz Karakuş və Sevilay Karakuşun üzərindən 16 min dollar pul çıxıb.
**14:51

Türkiyənin Kahramanmaraş şəhərində iki böyük zəlzələdə dağılan və böyük ziyan görən binalarla bağlı başladılan araşdırmada, indiyə qədər 14 nəfərin cəsədinin tapıldığı Pamukoğlu küçəsindəki binaların inşaat mühəndisi Afyonkarahisarda yaxalanıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Respublika Prokurorluğu zəlzələlərdə dağılan və zərər görən binalarla bağlı araşdırmalara başlayıb.
İlk müayinələrdə tikilən binalarda betonun keyfiyyətinin çox aşağı olduğu açıqlanıb.
Dəqiq təsbitlərə əsasən, binaların lisenziyalaşdırılmasında texniki məsul olduğu bildirilən inşaat mühəndisi A.G. Afyonkarahisar Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) Şöbə Müdirliyi qrupları tərəfindən yaxalanıb. A.G. qruplar tərəfindən Qaziantepə göndərilib.