
İşğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətov bildirib.
O, bu barədə Şəhərsalma Məsələləri üzrə İşçi Qurupun Ağdamda keçirilən iclasında danışıb. İclasda sonra İşçi Qurupunun üzvləri Ağdam şəhərində inşa edilən yaşayış kompleksinə baş çəkiblər. Dövlət qurumlarının nümayəndələrinə tikintinin gedişi barədə məlumat verilib, bildirilib ki, tikinti işləri 2023-cü ilin sonuna qədər başa çatdırılacaq, ərazidə ümumi giriş sayı 11 olmaqla 6 bina tikiləcək.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun Ağalı kəndinə baş tutub.
**14:15
Füzuli və Ağdam ərazisində avtovağzalların qurulması işləri gedir.
Bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Əlyar Təmirov deyib.
O bildirib ki, 203 ədəd baza stansiyası quraşdırılıb. Ağdam rayonu üzrə 12 ədəd baza stansiya hazırda istifadəyə verilib. Qarabağ üzrə 7 baza stansiyaları ümumi enerjiyə qoşulub. Ərazidə enerji ilə problemlər qalmaqdadır. Füzulidə MİDA-nın hazırlayacağı bina ilə bağlı layihələndirmə davam edir.
**13:49
Ağdamın şəhərinin Baş Planına uyğun olaraq burada 190 km uzunluğunda küçə şəbəkəsinin su təchizatı, tullantı və yağış suları şəbəkələri layihələndirilib, texniki ekspertizadan keçirilib.
Bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qurupun Ağdamda keçirilən iclasında "Azərsu" ASC-nin Şəhərsalma və Layihələndirmə Departamentinin rəhbəri Bahadur Kəngərli bildirib.
"Layihələndirməni bir neçə mərhələdə icra etmişik - bunlar şəhər şəbəkələri, daxili və şəhərdən kənar su təchizatı sistemi və tullantıları su təmizləyici qurğuları, kollektorlardır. Həmçinin, bu gün su təmizləyici qurğuları ilə bağlı işlər layihələndirilir", - deyə o qeyd edib.
**12:42
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhali köçürülməmiş onun məşğulluğu təmin edilməlidir və bu, qarşıya qoyulan əsas hədəflərdən biridir.
Bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Məşğulluq çox ciddi problemdir, burada fərdi yanaşma tələb edilir. Hər bir ailə üçün detallı şəkildə baxmalıyıq, ailələrin məşğulluq məsələsi həll edildikdən sonra köç məsələsi təmin edilməlidir. Şəhərsalma planlarında bu, nəzərə alınmalıdır", - deyə o qeyd edib.
**12:17
2022-2026-cı illərdə Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında 15 999 evin tikintisi planlaşdırılır.
Bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün burada bir neçə pilot layihə tətbiq ediləcək. O cümlədən 2 yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılıb, daha 2 layihə nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət kifayət qədər vəsait ayırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşıya qoyulub. Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında çoxsaylı infrastruktur layihələri icra edilir. Prezident tərəfindən təməli qoyulmuş layihələr üzrə işçi qrupları formalaşdırılır", - deyə o qeyd edib.
**11:36

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təşkilatçılığı ilə Ağdam şəhərində Konfrans Mərkəzində Şəhərsalma üzrə işçi qrupunun növbəti iclası keçirilir.
Senzor.az xəbər verir ki, tədbirdə Qarabağda, eləcə də Ağdamda bərpa ediləcək yaşayış məskənlərinin layihələri barədə, o cümlədən, daxili yolların, küçələrin, yaşayış məntəqələrinin enerji və su ilə təminatı üzrə işlərin vəziyyəti barədə layihələr səsləndiriləcək.
İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birinci müavini Namiq Hümmətov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov və bir neçə dövlət müəssisə və təşkilat nümayəndələri iştirak edirlər.
Namiq Hümmətov çıxışında bütün qurumların səfərbər olmalı olduğunu bildirib.
"İşçi qruplarda təmsil olunan qurumlar daha fəal və səfərbər olmalıdırlar. İşğaldan azad edilən ərazilərdə bütün infrastruktur bərpa edilməlidir. Hazırda Ağdamda bir neçə layihələrin icrası başlanılıb. Amma 2023-cü ildən Ağdamdan başqa digər işğaldan azad olunmuş ərazilərdə bərpa tədbirləri daha sürətlənməlidir. Ümid edirəm qarşıya qoyulmuş vacib tapşırıqlar yerinə yetiriləcək. Xüsusi olaraq tədbiri dəstəkləyən Emin Hüseynova və Nüsrət Süleymanova minnətdarlığımı bildirirəm”.