
ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya səfəri başa çatıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Cozef Bayden Ukrayna səfərindən sonra Polşaya yola düşüb.
Xatırladaq ki, bu gün Co Bayden Kiyevə öncədən elan olunmayan səfər edib.
**15:40

ABŞ prezidenti Co Bayden Kiyevə elan olunmamış səfəri zamanı Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketi alacağını açıqlayıb.
Qeyd olunur ki, rəsmi olaraq yeni yardım paketinin təqdim olunması sabah, fevralın 21-də açıqlanacaq.
"Bu gün açıqlanan paketə HIMARS və haubitsalar üçün döyüş sursatı, xüsusən Javelin, tank əleyhinə sistemlər, Ukrayna xalqını bombardmanlardan qorumaq üçün hava müşahidə sistemləri daxildir", - ABŞ prezidenti bildirib.
Bundan əlavə, Bayden silah tədarükü ilə bağlı öhdəliklərini açıqlayıb. Bura 700-dən çox tank, minlərlə zirehli texnika, min artilleriya sistemi, 2 milyondan çox artilleriya mərmisi və s. daxildir.
**15:23

“Amerikalı həmkarım Cozef Baydenlə bugünkü görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq”.
Xarici KİV xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib.
O, ölkəsinin qələbəsinə inandığını söyləyib.
Qeyd edək ki, Bayden Kiyevdə səfərdədir.
**14:56
“Ukrayna bütün gözləntilərin əksinə olaraq, müharibədə uğur qazandı”.
Xarici KİV xəbər verir ki, bunu Kiyevdə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden deyib.
O bildirib ki, Ukrayna mütləq qalib gələcək: “Bu, əsrin dörddəüçü ərzində Avropada baş verən ən böyük müharibədir. Əminəm ki, Ukrayna qalib gələcək”.
Xatırladaq ki, C.Bayden fevralın 20-də gözlənilmədən Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
**14:52

ABŞ Prezidenti Cozef Baydenin Avropaya səfəri zamanı Ukraynanı ziyarət etməsi əvvəlcə planlaşdırılmamışdı.
Bu barədə Ağ evdən bildirilib.
Qeyri-rəsmi məlumata görə, ABŞ lideri Kiyevə qatarla gəlib.
KİV-in məlumatına görə isə səfərin logistika baxımından çox çətin olacağı proqnozlaşdırılırmış. Çünki C.Bayden ya qatarla 10 saat hərəkət etməli, ya da təhlükəli uçuş həyata keçirməliymiş.
Qeyd edək ki, “Politico” məxfi səfər variantının nəzərdən keçirildiyini və sonda bundan imtina olunğunu yazmışdı.
Ancaq indi səfərdən imtina edilmədiyi ortaya çıxıb.

**14:18
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında ABŞ lideri Cozef Baydenin Kiyevə səfəri ilə bağlı paylaşım edib.
Xəbərə görə, o, Birləşmiş Ştatlar Prezidenti ilə görüşdüyünü bildirib.
“Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz ukraynalılar üçün fövqəladə dərəcədə vacib dəstək nümayişidir”, - V.Zelenski görüşdə söyləyib.
**14:06

ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Kiyevin Mixaylovski kilsəsində görüş keçirilir.
Məlumatı Ukrayna KİV-i yayıb.
V.Zelenski amerikalı həmkarını Mixaylovsk meydanında qarşılayıb.
ABŞ lideri həyəcan siqnalı altında müharibədə həlak olan Ukrayna müdafiəçilərinin xatirəsini yad edib.
**14:45
ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Məlumatı Ukrayna mətbuatı yayıb.
Ağ ev liderinin Kiyevə gələcəyi barədə əvvəldən heç bir məlumat yayılmayıb.
C.Baydenin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi, ölkədəki vəziyyətlə yaxından tanış olacağı gözlənilir.
Məlumata görə, hazırda ABŞ-ın strateji kəşfiyyat aviasiyası Polşa ilə Ukraynanın sərhədləri boyu uçuşlar edir.(“Report”)