
Türkiyədə səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken Yunanıstana gedib və orada Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətindən danışıb.
Senzor.az-ın haqqin.az-a istinadən məlumatına görə, Afinada yunan həmkarı ilə keçirdiyi mətbuat konfransında dövlət katibi bildirib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) işə salınması nəticəsində əvvəllər Rusiya qazından asılı olan Sofiya öz tələbatını tam şəkildə Azərbaycandan tədarüklər hesabına ödəyə biləcək.
“Və əlbəttə ki, Yunanıstan da NATO-ya enerji təhlükəsizliyini gücləndirməyə kömək edir, mənbələrin şaxələndirilməsini və Rusiya qazından asılılığın azaldılmasını təşviq etməklə, eləcə də Avropanın enerji bazarına geniş inteqrasiyasını daha da dərinləşdirməklə. Məsələn, Bolqarıstan təbii qaz təchizatında əvvəllər 90 faiz Rusiyadan asılı idi. Yunanıstanla yeni qurulmuş interkonnektor Bolqarıstana bu mənbədən imtina etməyə imkan verir. Nəticədə gələn il ölkə istehlak etdiyi qazın 100 faizini Azərbaycan və ABŞ-dan idxal edəcək”, - deyə Antoni Blinken bildirib.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisi uzun illər Bolqarıstandakı rusiyapərəst qüvvələr tərəfindən təxirə salınıb. Ancaq keçən il ölkədəki Qərbyönümlü qüvvələrin koalisiyası qaz kəmərinin inşasını sürətləndirmək və Rusiya qazından imtina etmək qərarına gəldi. Nəticədə Yunanıstan-Bolqarıstan İnterkonnektoru 1 oktyabr 2022-ci ildə istifadəyə verildi.
Yeri gəlmişkən, onun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu layihəni “tarixi” adlandırıb və əlavə edib ki, IGB Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq.
“Bu gün enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik strategiyasının tərkib hissəsidir və dünyadakı mövcud siyasi vəziyyət bunu bir daha sübut edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. - Cənub Qaz Dəhlizi Avropa qitəsində həyata keçirilən və Avropanın enerji xəritəsini dəyişdirən mühüm infrastruktur layihələrindən biridir. Azərbaycan bu layihənin təşəbbüskarı olmaqdan qürur duyur”.
Senzor.az