
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni dəstələrinin üzvləri tərəfindən Şuşa və Xocavənd, eyni zamanda Ermənistan ərazisindən Naxçıvan, Kəlbəcər və Tovuz rayonu istiqamətlərində yerləşən Ordumuzun mövqelərinin atəşə tutulması erməni fərarilərin böyük ehtimalla Avropa İttifaqının (Aİ) regiona gələn çağırılmamış qonaqlarının fəaliyyətindən cəsarətlənməsi ilə əlaqədardır. Təbii ki, buna qarşı Ordumuzun bölmələri adekvat cavab tədbirləri görüb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Ermənistan ordusunun qalıqları və Qarabağdakı erməni silahlıları növbəti dəfə özləri üçün təhlükəsizlik çətiri olaraq Aİ-nin mülki missiya adlandırdığı fəaliyyətdən cəsarətlənib. Hesab edirəm ki, belə missiyanın təyin olunmamış Azərbaycan-Ermənistan sərhədinə gətirilməsi təhlükəsizliyə və sülhə xidmət etmir. Bu barədə münaqişə ilə yaxından tanış olan bir çox mütəxəssislər də daha əvvəl fikirlərini bildiriblər. Rusiya və Azərbaycan tərəfi də rəsmi olaraq bu fəaliyyətlərdən narazılığını dilə gətirib. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, avropalı müşahidəçilərin gəlişi regionda vəziyyətin gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha sübut etdi. 
Ölkəmiz regionun lider dövlətidir, bu münaqişədə qalib tərəfdir və şərtləri də Azərbaycan diktə etməlidir. Ermənistanın bizimlə razılaşdırmadan təyin olunmamış sərhədlərimizə hansısa kənar qüvvələri çağırmasının, birmənalı olaraq Azərbaycan üçün qəbuledilməz olduğunu vurğulayan ekspert deyib: “Əgər Ermənistan düşünürsə Avropa İttifaqının missiyasının iştirakçılarının onun ərazisində olmasından istifadə edərək belə təxribat xarakterli addımlara cəzalanmadan yol verə bilər, bu kökündən yanlış yanaşmadır. Atəşkəsin pozulması və prosesin bu istiqamətdə inkişaf etməsi heç bir halda Ermənistan üçün nəticəsiz ötüşməyəcək. Əgər Ermənistan fəaliyyətində ciddi düzəlişlər etməzsə, o zaman Azərbaycan Ordusu tərəfindən ötən ilin sentyabrındakı toqquşmalardan daha sərt tədbirin görülməsi qaçılmaz olacaq. Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50 nəfər “silahsız müşahidəçidir”. Bu o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Belə olan halda əlli silahsız avropalı hərbçinin Ermənistanın başına gələ biləcək fəlakətlərdən sığortalıya biləcəyini düşünmürəm”.
Ədalət Verdiyev qeyd edib ki, missiyanın Ermənistanın istənilən ərazisinə gəlməsi heç nəyi dəyişə bilməz. Lakin onların təyin olunmamış sərhədlərə yaxınlaşması və oradakı Azərbaycan Ordusunun mövqelərinə qarşı hansısa kəşfiyyat və müşahidə aparması bizim üçün qəbul edilən deyil. Bunun həmin missiyada iştirak edənlərin də həyat və fəaliyyəti üçün təhlükəsiz olmadığını söyləyə bilərəm. Erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını özləri üçün “təhlükəsizlik çətiri” hesab edir. Missiyanın nəzarətində olan ərazilərdə isə erməni silahlı dəstələrinin üzvlərinin atəş açması onlar üçün daha ağır nəticələrə gətirib çıxara bilər: “Hesab edirəm ki, baş verən atəşkəs pozuntuları Azərbaycanın güc strukturlarına adekvat və daha təsirli addımlar atmaq üçün real imkanlar yaradıb. Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur – təxribat və təhdid davam edərsə, Ermənistan sərt şəkildə cavablandırılacaq”.