
Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Senzor.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, İran vətəndaşları - Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarın Ermənistan Respublikasından Azərbaycan Respublikası Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə respublikamızın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr 2021-ci il tarixdə Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaq aparılır.
"Onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir", - Komitədən bildirilib.
** 19:58
Azərbaycan polisi tərəfindən sentyabrın 15-də Gorus-Qafan magistral yolunda qanunsuz yük daşıdıqları üçün saxlanılan iki iranlı sürücü azad edilib.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu, İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov arasında telefon danışığından bir gün sonra baş verib.
Xatırladaq ki, daha əvvəl Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, həmin sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: “Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar”.