
“Xarici agentlər haqqında” qanun layihəsi Gürcüstan parlamentindən geri götürülüb.
Bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu”nun, “Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında qeyd olunub.
Bildirilib ki, bu, ölkədə sülh və əmin-amanlığı qorumaq üçündür: “Vətəndaşlarımızın enerjisini qarşıdurmaya deyil sülhə, ölkəni düzgün istiqamətdə inkişaf etdirməyə sərf etməliyik”.
Məlum olduğu kimi, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib. 
Əslində bu, gözlənilən idi. Qanun layihəsi geri götürülməsəydi, etirazlar daha da güclənə bilərdi. Bu isə ölkə daxilindəki sabitliyə zərbə vuracaqdı.
Parlamentarilərin qanun layihəsini geri götürməsi, yəqin ki, daha çox bu reallıqla bağlı oldu. Amma bundan sonra Moskva ilə Tbilisi arasında münasibətlərin gərginləşməsi, Rusiyanın Gürcüstana təzyiq göstərməsi mümkündür.
Gürcüstan müxalifətindən bildirilib ki, qanun layihəsinin geri götürülməsinə baxmayaraq, aksiyalar davam edəcək. Əlbəttə, belə də olmalıdır. Əks halda qanun layihəsinin yenidən gündəmə gəlməsi üçün şərait yarana bilər. Hökumət xalqın müqavimətini və əzmkarlığını görməlidir.
Ümumiyyətlə, Gürcüstandakı son hadisələrin Rusiyanın bu ölkə ilə bağlı yeni layihəsinin olması ehtimalı böyükdür. Sözügedən qanun layihəsi Gürcüstanda Avropa İttifaqı ilə Rusiyanın rəqabətini artıracaq.
Gürcüstanda sözügedən qanun layihəsi qəbul olunmazsa və yaxın zamanda sabitlik təmin olunarsa, bu, ölkənin Aİ-yə üzvlüyü istiqamətində növbəti addımı, daha bir maneəni dəf etməsi olacaq.
Kənan Novruzov,
siyasi ekspert