
ABŞ-ın MKİ, FKB, Ədliyyə Nazirliyinin Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri martın 8-də Konqresə illik qlobal risklər icmalını təqdim ediblər. Sənəddə yekun həllini tapmamış Ermənistan-Azərbaycan münaqişəsinə də diqqət yetirilib.
ABŞ xüsusi xidmətləri Ermənistanla Azərbaycan arasında gərginliyin səbəbi kimi üç problemi göstərirlər:
1. Sülh müqaviləsinin olmaması
2. Delimitasiya və demarkasiya məsələsinin həll olunmaması
3. Qarabağın ermənilər məskunlaşan ərazisinin gələcəyinin qeyri-müəyyənliyi.
Prinsipcə, bununla razılaşmamaq olmaz və bugünki gərginliyin davam edəcəyi 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra proqnozlaşdırılırdı. Bu, ilk növbədə erməni cəmiyyətinin 1992-1994-cü ildə işğal edilmiş bütün Azərbaycan ərazilərinin itirilməsinə və Qarabağın ermənilər məskunlaşan ərazisi uğrunda 35 illik açıq mübarizədə Ermənistanın mövqeyinin xeyli zəifləməsinə gətirib çıxaran müharibənin nəticələrini qəbul etməyə hazır olmaması ilə bağlıdır.
Ermənistanın Qarabağın ermənilər məskunlaşan ərazisinin zorla ayrılması strategiyası həmişə pat vəziyyəti yaradıb. Bu strategiya Azərbaycanla danışıqlar prosesində Yerevanın “güzəştli xəttindən”, “suveren” və Ermənistan tərəfindən idarə olunmayan Qarabağ ermənilərinin güzəştsiz mövqeyindən ibarət olub. Yeri gəlmişkən, beynəlxalq vasitəçilər uzanan münaqişədə status-kvonu qoruyub saxlamaq üçün bu xətti qəbul edib və ondan yararlanıblar. Müharibə Ermənistanın Qarabağ ermənilərinə təsirindən daha çox bu regionun birbaşa idarə olunduğunu və Qarabağ ermənilərinin davranış xəttinin müəyyən edildiyini ortaya qoydu. Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması haqqında 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanması, Ermənistan silahlı qüvvələrinin maddi-texniki və insan itkiləri və onların çıxarılması faktları Azərbaycan ərazilərinin, vasitəçilərin imzaladığı beynəlxalq sənədlərdə təfsir olunduğu kimi hansısa qeyri-müəyyən “erməni qüvvələri” tərəfindən yox, məhz Ermənistanın təcavüzü və onun nizami ordusu tərəfindən işğal edilməsi haqda Bakının iddiasını təsdiq edib.
Sonuncu dəfə biz 13 sentyabr 2022-ci il tarixində Ermənistan-Azərbaycan sərhədində lokal, amma intensiv qarşıdurmadan sonra yazmışdıq: “Dəfələrlə qeyd etmişik ki, Azərbaycan və Ermənistan arasında davam edən gərginliyin səbəbi sülhə bir-birinə zidd iki yanaşmanın mövcudluğundadır. Azərbaycan öz mövqeyini üç əsas məqam üzərində qurur: 1) böyük sülh sazişi, 2) bütün nəqliyyat kommunikasiyalarının açılması, 3) sərhədin delimitasiyası və demarkasiyası. 
Ermənistan Azərbaycanın, demək olar ki, bütün beynəlxalq vasitəçilər tərəfindən dəstəklənən bu planına ön şərt kimi Qarabağın ermənilər məskunlaşan ərazilərinin statusunun müəyyən edilməsi, daha dəqiq desək, Qarabağ ermənilərinə müstəqillik verilməsi tələbini irəli sürür.
Brüssellə dördmərhələli və Moskva ilə çoxmərhələli danışıqlara baxmayaraq, tərəflərin mövqeyi dəyişməyib. Bu prosesdə yeganə nəticə Yerevanın 1992-ci ilin payızında ələ keçirdiyi və 2016-cı ilin aprel döyüşlərindən etibarən itirməyə başladığı hərbi-siyasi təşəbbüsü ardıcıl olaraq əldən verməsidir. Bakı və Yerevan 44 günlük müharibənin yekunlarına görə status-kvoya əsaslanan ortaq məxrəcə gəlmədikləri təqdirdə, vəziyyətin inkişafı məntiqinə əsasən, növbəti gərginliklərin baş verəcəyini və Ermənistanın regionda hərbi-siyasi təşəbbüsü itirməyə davam edəcəyini gözləmək olar”.
Azərbaycan və Ermənistan arasında onlar tərəfindən qəbul və təsdiq edilməmiş sərhəddə hadisələr 13 sentyabr 2022-ci ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması zərurəti haqqında Vaşinqton-Brüssel xəttinə zidd olan radikal anti-Azərbaycan mövqeyi tutan rusiyalı oliqarx Ruben Vardanyanın Qarabağa köçməsindən sonra baş verdi. Paşinyan və Əliyevin oktyabrın 6-da Praqada Fransa prezidenti Emmanuel Makron və Aİ sədri Şarl Mişelin iştirakı ilə keçirilən görüşdən sonra ümid verən rəsmi bəyanatına baxmayaraq, vəd edilən sülh sülh sazişi hələ də imzalanmayıb və yenə də Qarabağın ermənilər məskunlaşan ərazisinin statusu həll edilmədiyinə görə.
Gözləmək olardı ki, Azərbaycan Ermənistandan fərqli olaraq, onun sülh müqaviləsi bağlamaq prosesini ləngitmək xəttinə qarşı işğaldan azad edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərdə öz mövcudluğunu artırmaq prosesini sürətləndirməyə çalışacaq.
Bu mənada ekoloji fəalların Laçın yolunda aksiyası, Vardanyanın Bakının təzyiqi altında Qarabağın ermənilər məskunlaşan ərazisindən kənarlaşdırılması bu prosesin qeyri-hərbi addımları olsa da, münaqişənin hərbi alətlərinin artıq yerin dərinliyinə basdırıldığını düşünmək sadəlövhlük olardı. Bu baxımdan azərbaycanlılar və ermənilər arasında hərbi qarşıdurma, vəziyyətin gərginləşdirilməsinə yönəlmiş qarşılıqlı addımlar məntiqi nöqteyi-nəzərdən gözlənilən idi. Martın 5-də 5 nəfərin həyatına son qoyan atışma Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında nəticəsiz danışıqlardan sonra baş verib. Bu görüşdə sonuncular Qarabağın ermənilər məskunlaşan ərazisinin Azərbaycanın tərkibində statusu haqda danışmaqdan qəti şəkildə imtina ediblər.
Vəziyyət növbəti hərbi eskalasiyadan narahat olan beynəlxalq vasitəçiləri bir daha gərgin duruma salıb. Bu hərbi eskalasiya üçün bəhanələr göz qabağındadır. Amma münaqişə tərəflərinin hərbi-siyasi addımlarının informasiya təminatı yaxın günlərdə, bəlkə də yaxın həftələrdə hərbi qarşıdurma haqqında danışmaq üçün əsas vermir. Amma “nə müharibə, nə sülh” status-kvosu davam edərsə, qarşıdurma, xüsusən Cənubi Qafqaz regionunu əhatə edən kövrək geosiyasət şəraitində qaçılmaz ola bilər.
İndi gərginliyin artması səbəbindən yekun sülh sazişinə nail olmaq məqsədilə Əliyevlə Paşinyanın Brüsseldə keçirilməli olan qarşıdakı görüşü haqda artıq danışmırlar. Bu isə ABŞ kəşfiyyatının bəhs etdiyi növbəti və bəlkə də daha genişmiqyaslı gərginliklərə gətirib çıxaran qeyri-müəyyənlik rejiminin davam etməsi deməkdir. 