Martın 17-də Xankəndidəki separatçı rejimin “parlamentində” “hərbi vəziyyət şəraitində dövlət idarəetməsi və yerli özünüidarəetmə orqanları, mülki müdafiə təşkilatları məsələlərinin” qapalı müzakirəsi keçirilib.
Musavat.com bildirir ki, belə bir təcili müzakirənin “müdafiə, təhlükəsizlik və asayiş üzrə daimi komissiyanın” təşəbbüsü ilə baş tutduğu deyilir. Qapalı toplantıya qondarma “milli assambleyanın” sədri Artur Tovmasyan sədrlik edib.
Toplantıya dəvət edilənlər müzakirə edilən məsələlərinin “əhəmiyyətini” göstərir. Belə ki, toplantıda “dövlət naziri” Qurgen Nersisyan, “daxili işlər nazirliyinin fövqəladə hallar üzrə dövlət xidmətinin direktoru”, polkovnik Mexak Arzumanyan, “müdafiə ordusu komandanının 1-ci müavini, baş qərargah rəisi”, polkovnik Samvel Qriqoryan, Araik Arutyunyanın “müşavirləri” Qriqori Sahakyan və Armen Gevorqyan da qatılıblar. Əsas versiyalardan biri budur ki, separatçı rejimin toparlanması Ermənistanın müdafiə naziri Suren Papikyanın martın 15-də nazirliyin bölmələrində “artsax respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalaması barədə yayılmış xəbərlərlə bağlı ola bilər.
Yada salaq ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, nazirin əmrində yazılıb ki, “artsax respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır.
Bildirilib ki, S.Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada olan hərbçilər arasında narazılıq yaradıb. Amma onlar da Ermənistandakı bir çox vəzifəli şəxslər kimi işdən çıxarılacaqlarından qorxaraq susmağa üstünlük veriblər.
Başqa bir versiyaya görə isə separatçı ermənilər Bakı ilə danışıqlardan imtina etdikdən sonra ciddi şəkildə narahatdırlar, hansısa “hücum” gözləyirlər. Bu iddiaları təsdiqləyən daha bir məlumat da var. Belə ki, Ermənistan Milli Assambleyasının insan hüquqları komissiyasının sədri Taquhi Tovmasyan bu gün Böyük Britaniya və Şimali İrlandiya Krallığının bu ölkədəki səfiri ilə görüşüb. O, görüşdə iddia edib ki, guya Azərbaycanın Ermənistan və Qarabağ sərhədlərində ağır texnika toplaması nəzərə çarpır və “regionda yeni müharibə təhlükəsi var”.
Erməni mediasının xəbərinə görə, səfir “vəziyyətin mürəkkəbliyini və humanitar problemlərin ciddiliyini” anladığını qeyd edib. Böyük Britaniyanın münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq səyləri dəstəklədiyini bildirib, konstruktiv dialoqun və etimad mexanizmlərinin vacibliyini vurğulayıb. Səfir onu da deyib ki, Böyük Britaniya Azərbaycanla danışıqlarda Laçın dəhlizinin açılmasının vacibliyini qeyd edib. O, həmçinin dialoq nəticəsində situasiyada real dəyişiklik olacağına ümid etdiyini bildirib.