ERMƏNİSTAN YENİ MÜHARİBƏ FİKRİNƏ DÜŞƏRSƏ... - ELÇİN ALIOĞLUNUN YAZISI
SİYASİ TƏHLİL - PROQNOZ

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının alternativi hərbi əməliyyatlardır. İrəvanın Bakıya qarşı yeni müharibəyə başlamaq şansı, imkanları, istəyi və potensialı minimallıq səviyyəsində proqnoz təsiri bağışlasa da, onu tamamən istisna etmək yanlışlıq olardı.

 

Sülh sazişinin imzalanması istiqamətində səylərə baxmayaraq, rəsmi İrəvan bu prosesi qəsdən uzadır, paralel olaraq informasiya müharibəsini dərinləşdirir və Fransayla, Hindistanla hərbi əməkdaşlığı gücləndirir. Ermənistan daxilində isə militarist əhval-ruhiyyə artır, müxalifət və diasporun bir hissəsi revanşist ideyaları açıq şəkildə təbliğ edir. Bu şəraitdə Ermənistan üçün mümkün münaqişə ssenarilərinin və nəticələrinin ciddi şəkildə təhlil edilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Azərbaycanla Ermənistan arasında hərbi güc balansı olduqca fərqlidir. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyət sayı təxminən 120 min nəfərdir və bu rəqəmə ehtiyat qüvvələr də daxildir. Ermənistanın hərbi personalı isə 65 min nəfəri keçmir. Azərbaycan ordusunda T-90S və modernləşdirilmiş T-72 tankları da daxil olmaqla, 570-dən çox tank var, Ermənistan isə, əsasən, köhnə T-72 modelləri ilə kifayətlənir və onların da bir hissəsi nasaz vəziyyətdədir. Pilotsuz uçuş aparatları sahəsində fərq daha da böyükdür: Azərbaycan 600-dən çox müasir PUA-ya sahibdir, bunlara "Bayraktar TB2", "Harop", "Hermes 900" və "Akıncı" daxildir. Ermənistan isə təxminən 50 ədəd, əksəriyyəti köhnə və ya təlim məqsədli dronlara malikdir.

 

Artilleriya sistemlərində də fərq açıqdır. Azərbaycan 1000-dən çox artilleriya qurğusu, o cümlədən, özüyeriyən toplar, çoxnöqtəli raketatanlar, “Smerç” və LORA sistemlərinə malikdir. Ermənistan isə, əsasən, sovet dövrünün texnikasından ibarət olan 400-ə yaxın qurğuya sahibdir. Hava hücumundan müdafiə sahəsində Azərbaycan "S-300 PMU2", "Barak-8", "Hisar" və “Dəmir Qübbə” sistemlərini əldə edib.

 

Ermənistanın HHM arsenalı isə köhnəlmiş S-300 PS və “Osa” sistemlərindən ibarətdir və müasir PUA-lara qarşı təsirsizdir.

 

Aviasiyada da Azərbaycan üstünlük təşkil edir. Su-25 və MiQ-29 təyyarələri ilə yanaşı, "Bayraktar TB2" və "Akıncı" PUA-ları da hava üstünlüyünü təmin edir. Ermənistanın az sayda Su-25 və MiQ-29 təyyarələri isə ya köhnədir, ya da istifadəyə yararsızdır.

 

Ermənistanın hərbi hazırlığı da zəifdir. 1994-cü ildən bu yana ordu heç bir real döyüş uğuru əldə etməyib. 2020-ci il müharibəsində isə orduda dərin demoralizasiya, rəhbərliyin səriştəsizliyi və manevr qabiliyyətinin olmaması üzə çıxdı. Azərbaycan isə həmin döyüşdən sonra davamlı olaraq ordusunu müasirləşdirir, Türkiyə, İsrail və Pakistanla birgə təlimlər keçir.

 

Coğrafi baxımdan da Ermənistan əlverişsiz vəziyyətdədir. Dənizə çıxışı yoxdur, ətrafı düşmən münasibətli dövlətlərlə əhatələnib: Azərbaycanla münaqişə vəziyyətindədir, İranla münasibətləri gərgindir və bütün logistikası Gürcüstan üzərindən asılıdır. Azərbaycan isə Zəngəzur dəhlizinə nəzarət edir, möhkəm infrastruktur və Xəzər dənizi vasitəsilə beynəlxalq çıxış imkanlarına malikdir. Bu amillər ona hərbi hissələri və silah-sursatı operativ şəkildə cəbhəyə çatdırmağa şərait yaradır.

 

Ermənistanın daxilində siyasi vəziyyət də qeyri-sabitdir. Nikol Paşinyan həm müxalifət, həm də kilsə və ordu daxilindəki bəzi qüvvələr tərəfindən ciddi təzyiq altındadır. İrəvanda mitinqlər keçirilir, hökumət binaları bloklanır, hakimiyyətə qarşı etimadsızlıq artır. Belə vəziyyətdə yeni müharibə baş verərsə, daxili siyasi böhran dövlət idarəçiliyini iflic edə bilər.

 

Cəmiyyətin psixoloji durumu da optimist deyil. 2025-ci ilin aprelində Gallup International tərəfindən keçirilən sorğuya görə, Ermənistan əhalisinin 47 faizi ordunun ölkəni müharibə zamanı qoruyacağına inanmır. 62 faizi isə Qərbin hərbi dəstək verməyəcəyini düşünür. Artan miqrasiya və aşağı doğum səviyyəsi ölkənin səfərbərlik imkanlarını da məhdudlaşdırır. BMT-nin məlumatına əsasən, Ermənistanın əhalisi 1990-cı ildəki 3,3 milyondan 2025-ci ildə 2,7 milyondan da aşağı səviyyəyə düşüb və onların 900 mindən çoxu iqtisadi fəal deyil. Gənc kişilərin 40 faizi isə Rusiyaya və Avropaya köçüb.

 

Ermənistanın xarici siyasəti də ziddiyyətlərlə doludur. Parisin dəstəyi simvolik xarakter daşıyır. Fransa tərəfindən Ermənistana GM-200 tipli radarlar verilib. Bu radarlar kağız üzərində müasir və dəqiq olsa da, Ermənistanın dağlıq relyefində onların effektivliyi kəskin azalır. Fransadan alınan üç radar ölkənin şərq sərhədini tam nəzarətdə saxlamaq üçün yetərli deyil. Onların NATO sistemlərinə inteqrasiya üçün infrastruktur da yoxdur. Eyni zamanda, Azərbaycan RƏB vasitələri və radarları hədəfə alan dronlar sayəsində bu radarları döyüşün ilk saatlarında sıradan çıxara bilər.

 

Fransadan Ermənistana "Bastion" və VAB tipli zirehli maşınlar da göndərilib. "Bastion" 4×4 tipli yüngül minaya davamlı maşındır. Amma bu maşınlar ağır döyüş şəraitində tab gətirə bilməz. Onlar PUA-lar və FPV-dronlar tərəfindən asanlıqla izlənilir və sıradan çıxarılır. Ermənistan ordusunda bu maşınların taktiki istifadə mexanizmi, strukturlaşdırılmış batalyon sistemləri yoxdur. Bu texnika fərqli hissələrə paylanır, vahid komanda və istifadəyə dair doktrina yoxdur.

 

"Bastion"lar döyüş şəraitində daha çox hədəfə çevriləcək. Onlar nə tank əleyhinə silahların, nə də artilleriyanın təsirindən müdafiə oluna bilər. Dronlar üçün isə açıq və zəif hədəfdir. Üstəlik, Ermənistan bu maşınlara texniki qulluq və ehtiyat hissələri təmin edə bilmir. Köhnə və artıq istismardan çıxarılan VAB tipli texnika isə ümumiyyətlə, müasir döyüşlər üçün yararsızdır.

 

Bütün bu faktlar göstərir ki, Ermənistanın istinad etdiyi xarici dəstək – istər Fransanın simvolik texniki yardımı, istərsə də Hindistanın uyğunlaşdırılmamış silah sistemləri – yeni müharibə ssenarisində real üstünlük verə bilməz. Əksinə, bu silahlar qeyri-integrativ olduğu üçün döyüşdə sürətli şəkildə sıradan çıxarılacaq. Ermənistan nə coğrafi, nə siyasi, nə hərbi, nə də demoqrafik baxımdan belə bir münaqişəyə hazır deyil.

 

VAB - soyuq müharibə dövrünə aid olan, Fransız ordusunda artıq istifadədən çıxarılan zirehli texnikadır. Kütləsi 13 ton olan bu maşınlarda 2 nəfər heyət üzvü və 10 əsgər yerləşə bilir. Onun zireh müdafiəsi çox zəifdir və yalnız yüngül atıcı silahlardan qorunmaq üçündür.

 

Ermənistan Fransadan 10–15 ədəd VAB maşını alıb. Onlar müxtəlif modifikasiyalarda təqdim olunub: komanda idarəetməsi, sanitar daşınma və şəxsi heyətin nəqli üçün. Bu maşınlar artıq 40 ildən çoxdur ki, istismardadır və istismar müddətləri sona yaxınlaşıb.

 

Əsas problemlərdən biri texniki xidmət və ehtiyat hissələri məsələsidir. Fransa artıq bu texnikaya yeni detallar istehsal etmir. Ermənistan ordusu onları işlək vəziyyətdə saxlamaq üçün “hannibalizm” üsuluna - yəni bəzi maşınları hissələrə ayıraraq başqalarını işlətməyə - məcbur qalacaq. Taktiki baxımdan da bu texnika müasir döyüş şəraitinə uyğun deyil. VAB nə partlayışa davamlıdır, nə də müasir döyüş vasitələrinin, xüsusilə də PUA-ların təsirindən qoruna bilər. Onu mexanikləşdirilmiş və ya motorlu piyadalarla birbaşa qarşıdurmada istifadə etmək qeyri-mümkündür.

 

Ümumilikdə, Fransanın Ermənistana verdiyi hərbi texnika sayca da, keyfiyyətcə də qeyri-adekvatdır. Bura cəmi 3 ədəd GM-200 radar qurğusu, 25-ə yaxın "Bastion" zirehli maşını, təxminən 15 ədəd VAB və cüzi miqdarda atıcı silah və "Akeron MP" tipli tank əleyhinə raket sistemləri daxildir. Bu silahlar Ermənistanın müdafiə qabiliyyətini artırmır, sadəcə Fransanın siyasi jestidir və döyüş meydanındakı qüvvələr balansını dəyişmək gücündə deyil.

 

Bundan əlavə, bu texnikalar Ermənistanın hərbi strukturlarına inteqrasiya olunmur. Onların işləməsi üçün ayrıca logistika, komanda idarəetmə mexanizmləri və rəqəmsal koordinasiya tələb olunur. Sovet standartları ilə işləyən Ermənistan ordusu isə nə bu infrastruktur, nə təcrübə, nə də vaxt baxımından bu texnikaları səmərəli şəkildə tətbiq edə bilməz.

 

Digər tərəfdən, Azərbaycan texnoloji üstünlük baxımından Ermənistanı çoxdan qabaqlayıb. Bakı yüksək dəqiqlikli silahlar, müasir kəşfiyyat sistemləri, 24 saatlıq döyüş sahəsi müşahidəsi, avtonom idarəetmə sistemləri və effektiv elektron müharibə texnologiyalarına malikdir. "Harop", LORA, SOM-B2 kimi silah sistemləri, güclü PUA parkı və koordinasiyalı əməliyyat bacarığı Ermənistanın pərakəndə və köhnəlmiş sistemlərini dəfələrlə üstələyir. Belə şəraitdə "Bastion" və GM-200 kimi texnikaların hərbi dəyəri, praktik baxımdan sıfıra yaxındır.

 

Fransanın Ermənistana silah tədarükü - Parisin Ankara və Bakı ilə münasibətlərinin gərginləşdiyi dövrdə İrəvana ünvanladığı siyasi reveransdır. Amma bu texnika hərbi güc deyil, təhlükəli bir illüziya yaradır. Ermənistan bu avadanlıqları real döyüş vəziyyətində nə müdafiə edə, nə effektiv istifadə edə bilər. Azərbaycan dronları və yüksək dəqiqlikli raketləri üçün bu silahlar asan hədəfə çevriləcək. Müdafiəni möhkəmləndirmək əvəzinə, Ermənistan pis uyğunlaşdırılmış, bir-biri ilə əlaqəsiz və həddən artıq həssas silahlarla öz vəziyyətini daha da zəiflədir.

 

Ermənistanın digər tərəfdaşlarından biri - Hindistan - 2022-ci ildən başlayaraq İrəvana silah satmağa başlayıb. Bu əməkdaşlıq, əsasən, Rusiyayla münasibətlərin soyuması və Qərbin ağır texnika verməkdən imtina etməsi fonunda ortaya çıxıb. Amma bu silahların real döyüş təsiri yoxdur. Çünki onlar Ermənistan ordusunun strukturuna nə texniki, nə də taktik baxımdan uyğun gəlmir. Onların istifadəsi çoxsaylı problemlər yaradır və risk daşıyır.

 

"Pinaka" - Hindistanın Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) və "Bharat Earth Movers Ltd." tərəfindən hazırlanmış çoxnöqtəli reaktiv atəş sistemidir. 1999-cu ildən Hindistan ordusunda istifadəyə verilib. Maksimum 75 kilometr məsafədə canlı qüvvə, texnika və möhkəmləndirilmiş obyektləri vurmaq üçün nəzərdə tutulub. Hər moduldakı qurğular 12 raket buraxmağa qadirdir. Ermənistan isə 2025-ci ilin əvvəlində cəmi 2–3 batareyaya malikdir. Bu sistemlərin idarəsini öyrənmək üçün artilleriya heyəti ancaq 2024-cü ilin sonunda Hindistanda təlimlərə göndərilib. Köhnə sovet “Qrad” və ya “Smerç” sistemlərindən bu sistemlərə keçid ən azı 4–6 ay vaxt tələb edir.

 

Digər tərəfdən, "Pinaka" sistemlərinin xüsusi saxlanma, soyutma, doldurma və hazırlıq məntəqələrinə ehtiyacı var. Ermənistanın bu cür mobil anbar infrastrukturu yoxdur və bu sistemlər üçün logistika sıfırdan qurulmalıdır. Atəş idarəetməsi də ayrıca sistem tələb edir. "Pinaka" Hindistanın radar və komanda sistemləri ilə eyni şəbəkədə işləyir. Ermənistan isə nə bu radarlara, nə proqram təminatına, nə də bu sistemlə işləməyi bacaran zabitlərə malikdir.

 

Bu səbəbdən, Pinaka sistemləri Ermənistan üçün real döyüş gücü deyil, daha çox siyasi nümayiş vasitəsidir. Onların döyüşdə istifadəsi praktiki olaraq sıfır fayda verəcək, əvəzində texniki itkilər çox olacaq. Bu silahlar hazırlıqsız, koordinasiyasız və kəşfiyyatsız şəraitdə istifadəyə yararsızdır və Azərbaycanın müasir döyüş taktikaları qarşısında davam gətirə bilməyəcək.

 

Hindistanın Ermənistana verdiyi digər silahlar sırasında tank əleyhinə idarəolunan raket kompleksləri də yer alır. Buraya “Nag” tipli sistemlər və ehtimal ki, Hindistan vasitəsilə Ermənistana ötürülən İsrail istehsalı olan “Spike” tipli raketlər daxildir. Bu silahlar həm daşına bilən, həm də mobil platformalarda istifadə üçün nəzərdə tutulub. Amma praktiki baxımdan bir sıra məhdudiyyətlər var.

 

Birincisi, bu silahların sayı çox azdır. Açıq mənbələrə əsasən, Ermənistan cəmi 150–200 ədəd tank əleyhinə silah alıb və onların əksəriyyəti piyada bölmələri səviyyəsində taktiki istifadə üçün nəzərdə tutulub. İkincisi, bu sistemlər Ermənistanın mövcud rabitə və nişanalma sistemləri ilə uyğun deyil. Ordunun ümumi döyüş əməliyyatlarına inteqrasiya olunmadan bu PUA-lar hərəkətli hədəflərə qarşı effektivliyini itirir. Üçüncüsü, Azərbaycan ordusunun "Harop", "Bayraktar TB2" və "Akıncı" tipli PUA-ları istilik izlərini izləmə qabiliyyətinə malikdir və bu raket komplekslərini döyüşə daxil olmadan məhv edə bilər.

 

Hindistandan alınan bu tank əleyhinə raket sistemləri nə say, nə də keyfiyyət baxımından Ermənistanla Azərbaycan arasında mövcud texnoloji fərqi aradan qaldıra bilmir. Azərbaycanın T-90S və modernləşdirilmiş T-72 tankları kimi müasir texnikasına qarşı bu raketlər kütləvi tətbiq və dəqiq kəşfiyyat məlumatları olmadan praktiki baxımdan yararsızdır.

 

Digər tərəfdən, Ermənistana verilən "Akash" hava hücumundan müdafiə sistemi də ciddi problemlərlə üzləşir. Texniki cəhətdən bu sistemin hədəf məsafəsi 30 kilometrə, hədəf hündürlüyü isə 18 kilometrə qədərdir. Sistem yarımaktiv idarəetmədən istifadə edir və onun yerləşdirilməsi təxminən 20 dəqiqə çəkir. Nəzəri olaraq, helikopterlərə, təyyarələrə, PUA-lara və qanadlı raketlərə qarşı işləməlidir. Amma Ermənistanın coğrafi şəraitində bu sistemin praktiki səmərəliliyi çox aşağıdır.

 

"Akash" sistemi Hindistanın düzənlik, rütubətli və tikinti sıxlığı yüksək olan bölgələri üçün nəzərdə tutulub. Ermənistanın dağlıq relyefi və mürəkkəb təbii şərtləri bu sistemin hədəfləri düzgün müəyyən etməsini çətinləşdirir. Əlavə olaraq, bu sistemin məlumat almaq üçün nəzərdə tutulduğu "Rajendra" radarları Ermənistanda yoxdur, nə də ki, onları mövcud sovet mənşəli S-300 və “Osa” sistemləri ilə uyğunlaşdırmaq mümkün deyil. Bu sistem mobil deyil, ağır və iriölçülüdür, bu da onu PUA-ların asanlıqla aşkar edib döyüşə daxil olmadan məhv etməsinə şərait yaradır. NATO və ya rus sistemləri ilə uyğunluq da yoxdur, yəni Ermənistan ordusunda olan digər texnikalarla bu sistem arasında heç bir qarşılıqlı əməliyyat imkanı yoxdur.

 

Bu səbəbdən, hətta bir batareya "Akash" olsa belə, Azərbaycanın həyata keçirdiyi yüksək manevrli və şəbəkə əsaslı döyüş əməliyyatları şəraitində onun effektivliyi əhəmiyyətsizdir. Bu, döyüş üçün deyil, daha çox Hindistanla strateji tərəfdaşlıq görüntüsü yaratmaq üçün Ermənistana verilmiş bir “vitrin sistem”dir.

 

Hindistandan Ermənistana tədarük olunan silahlar - istər "Pinaka" sistemləri, istər tank əleyhinə raketlər, istərsə də Akash HHM kompleksi - real döyüş qabiliyyətinə malik deyil. Bu sistemlər Hindistandan kənarda heç vaxt döyüş şəraitində istifadə olunmayıb, onların istismar təcrübəsi yoxdur, uzunmüddətli inteqrasiya tələb edir və çoxsaylı texniki, taktiki və logistik çətinliklərlə üzləşir. Ermənistan ordusunda onları işlədə biləcək ixtisaslı personal yoxdur, müasir müharibənin sistemli xarakterinə hazır deyil, şəbəkə əsaslı komanda idarəçiliyi formalaşmayıb və PUA-lara qarşı həssaslıq da həddindən artıq yüksəkdir.

 

Əgər Ermənistan bu kompleksləri Azərbaycanla real münaqişədə istifadə etməyə cəhd etsə, onlar ya ilk günlərdə aviasiya və dronlar tərəfindən məhv ediləcək, ya da düzgün istismar olunmaması, logistika çatışmazlığı və ehtiyatın olmaması səbəbindən sıradan çıxacaq.

 

Digər tərəfdən, Ermənistanın uzun illərdən bəri etibar etdiyi Rusiya faktoru da artıq arxa plana keçib. 2020-ci ildən, xüsusilə də Azərbaycanın 2023-cü ildə Qarabağda keçirdiyi lokal antiterror əməliyyatından sonra Rusiya bu münaqişədə neytral mövqe tutur. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının fəaliyyəti passivləşib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq zəifləyib, Paşinyan hökumətinin Moskvadan uzaqlaşmaq cəhdləri Ermənistanı daha da təcrid olunmuş vəziyyətə salıb.

 

Avropa İttifaqı və ABŞ isə Ermənistana yalnız mənəvi dəstək verir, hərbi baxımdan konkret heç bir öhdəlik götürməyiblər. Avropa İttifaqının hüquqi çərçivəsində NATO-dakı kimi kollektiv müdafiə sistemi yoxdur. Ermənistan nə Aİ-yə üzv, nə də onun hərbi proqramlarının (PESCO, EDF və s.) iştirakçısıdır. Bu səbəbdən Brüsselin Ermənistana genişmiqyaslı hərbi yardım göstərməsi hüquqi cəhətdən mümkün deyil.

 

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası (EUMA) 2023-cü ilin əvvəlində yaradılıb və əsasən alman, fransız, holland və polyak müşahidəçilərdən ibarətdir. Onların vəzifəsi sadəcə sərhəddə vəziyyəti izləmək və məlumat toplamaqdır. Onlar silahsızdır, PUA və radar kimi texniki vasitələri yoxdur və bütün hesabatları siyasi mətn kimi Brüsselə ötürürlər. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi birgünlük əməliyyat zamanı bu missiya heç bir addım atmadı və təhlükəsizlik səbəbilə geri çəkildi. 2024-cü ilin martında Tovuz istiqamətindəki gərginlik zamanı isə yalnız uzaqdan artilleriya səslərini fotoya çəkdi. Bu faktlar göstərir ki, EUMA missiyası reallıqda sadəcə vətəndaş cəmiyyətini sakitləşdirmək və Qərbin guya maraqlı olduğunu göstərmək üçün təşkil olunub. Müharibə halında ya təxliyə olunacaq, ya da sadəcə müşahidəçi kimi kənarda qalacaq.

 

Avropa Komissiyası və Aİ-yə üzv dövlətlərin bəyanatları da Ermənistana real hərbi dəstək yox, sadəcə səs-küylü sözlər üzərində qurulub. Ən fəal iştirakçı olan Fransa, Prezident Emmanuel Makron, müdafiə naziri Sebastyen Lekornyu və xarici işlər naziri Stefan Sejurnenin bəyanatlarında Ermənistanı müdafiə etməyə “qətiyyətli olduqlarını” iddia etsələr də, reallıqda bu çıxışların hərbi nəticəsi yoxdur. Çünki bütün hərbi texnika – radarlar, zirehli maşınlar – Avropa İttifaqının adından deyil, ikitərəfli müqavilələr əsasında göndərilib. Fransa Aİ adından hərbi güc tətbiq edə bilməz və Ermənistana müdafiə əməliyyatlarında iştirak edəcək heç bir əsgər göndərməyib.

 

Almaniya isə daha ehtiyatlı mövqe tutur. Kansler Olaf Şolts dəfələrlə bildirib ki, Almaniya Cənubi Qafqazda sülhlə maraqlanır, lakin hərbi texnika göndərmək məsələsində “ixrac məhdudiyyətlərini” əsas gətirərək imtina edib. Əslində isə Almaniya Ermənistana yalnız sərhəd kəndlərindəki humanitar layihələr üçün maliyyə ayırıb və bir neçə erməni diplomatı təlimə göndərib. Hərbi baxımdan bu – sıfır nəticədir.

 

Skandinaviya və Şərqi Avropa ölkələri – İsveç, Danimarka, Çexiya, Latviya və digərləri – guya “Ermənistanın təhlükəsizliyini gücləndirmək” ideyasını dəstəklədiklərini desələr də, onların nə ciddi hərbi büdcəsi, nə də döyüş texnikası ehtiyatları var. Bütün bu bəyanatlar yalnız kağız üzərində qalır, sahədə heç bir konkret nəticə vermir.

 

Avropa Sülh Fondu (EPF) məsələsinə gəlincə, bu fond 2020-ci illərin əvvəllərində Aİ-nin Ukraynaya hərbi yardımını maliyyələşdirmək üçün yaradılıb. Ermənistan 2023-cü ildən etibarən bu fonda daxil olmaq üçün müraciət etsə də, 2025-ci ilə qədər bir qəpik belə vəsait almayıb. Avropa ölkələri, xüsusilə Almaniya və Macarıstan, Ermənistanın bu fonda daxil edilməsinə qarşı çıxır. Onlar Cənubi Qafqaz regionunu riskli zona hesab edir və buraya hərbi müdaxilənin Aİ üçün fəlakətli nəticələr doğura biləcəyindən ehtiyat edirlər. Beləliklə, EPF fondundan Ermənistana hər hansı real resurs daxil olmayıb və “hərbi tərəfdaşlıq” haqqında bütün danışılanlar əslində boş ritorikadır.

 

Geosiyasi reallıqsa daha sərtdir: Avropa İttifaqı müharibədən yorulub. Ukrayna, Fələstin, Səhil bölgəsi, Yəmən, Suriya - bütün bu münaqişələr Avropa liderlərini fiziki və siyasi baxımdan zəiflədir. Heç bir Aİ ölkəsi Cənubi Qafqazda, xüsusilə də Türkiyə və ya İranla qarşıdurma riski fonunda, hərbi münaqişəyə daxil olmaq istəmir. Belə bir ssenaridə, yəni Ermənistanla Azərbaycan arasında yenidən müharibə başlasa, Aİ-nin verə biləcəyi maksimum reaksiya – humanitar yardım və Brüsseldə bəyanatlardan ibarət olacaq. Ən pis halda isə EUMA missiyası təxliyə olunacaq və regiondakı bütün layihələr dondurulacaq.

 

Aİ-nin Ermənistana hərbi yardımı – bir neçə deklarasiya, simvolik müşahidə missiyası və kiçik həcmli ikitərəfli texnika transferlərindən ibarətdir. Bu yardımın arxasında nə siyasi iradə, nə hüquqi mexanizm, nə də real hərbi resurs dayanır. Ukraynadan fərqli olaraq, Ermənistan Avropa üçün “sivilizasiya sərhədi” deyil. Ermənistan Aİ-nin geosiyasi prioritetləri sırasında deyil və onun üçün riskə getməyə heç kim hazır deyil.

 

ABŞ məsələsində də vəziyyət fərqli deyil. Ermənistan və ABŞ arasında 1992-ci ildən diplomatik münasibətlər mövcuddur. Lakin bu iki ölkə arasında nə hərbi ittifaq müqaviləsi, nə qarşılıqlı müdafiə razılaşması, nə də Ermənistanın hansısa ABŞ hərbi alyansında iştirakı var. Ermənistan nə NATO üzvüdür, nə də Gürcüstan kimi "Enhanced Opportunities Partner" statusuna malikdir. Eyni zamanda, Ermənistan “Major Non-NATO Ally” təşəbbüsünün iştirakçısı da deyil. Bu isə o deməkdir ki, ABŞ hüquqi və hərbi baxımdan Ermənistanı müharibə zamanı müdafiə etməyə heç bir öhdəlik daşımır.

 

ABŞ-ın Ermənistana göstərdiyi hərbi-texniki “yardım” isə əslində mifdən başqa bir şey deyil. US Foreign Assistance Database məlumatına görə, 2020–2024-cü illərdə Ermənistan ABŞ-dən ümumilikdə 6 milyon dollardan az məbləğdə hərbi yardım alıb. Bu vəsaitin də əsas hissəsi silahlar üçün yox, minalardan təmizləmə, silah nəzarəti və zabit hazırlığı proqramlarına yönəldilib. Müqayisə üçün, ABŞ yalnız 2023-cü ildə Ukraynaya 46 milyard dollardan çox yardım edib, bunun 26,4 milyardı isə sırf döyüş silahlarına ayrılıb.

 

ABŞ Ermənistana heç bir ölümcül silah verməyib – nə atıcı, nə ağır texnika, nə hava hücumundan müdafiə sistemləri, nə də PUA-lar. Amerika yardımı yalnız bunlardan ibarətdir: 2022-ci ildə sərhəd xidmətinə 10 ədəd cip verilib, 20 mina mütəxəssisi təlimə cəlb olunub, HALO Trust vasitəsilə minalı ərazilərin təmizlənməsinə maliyyə ayrılıb, gömrük orqanlarına isə skaner və sensor avadanlıqları təqdim edilib. Reallıqda ABŞ Ermənistana yalnız logistik və humanitar məsələlərdə yardım göstərir, döyüş sahəsində və ya Azərbaycanla qarşıdurma şəraitində müdafiə baxımından heç bir dəstək verilmir.

 

ABŞ rəsmilərinin bəyanatları və səfərləri də konkret nəticələr verməyən səslərdən ibarətdir. 2023-cü ilin sonlarından etibarən Vaşinqtonun Ermənistana diplomatik marağında artım müşahidə olunmağa başlasa da, bu fəallıq praktik hərbi addımlara çevrilmir. USAID rəhbəri Samanta Pauer İrəvana səfəri zamanı "demokratik Ermənistan" haqqında yüksək pafoslu bəyanatlar verdi. ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceyms O’Brayen "regionda sabitliyə təhlükə" olduğunu bildirdi. Hələ 2022-ci ilin sentyabrında isə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelosinin dediyi “Ermənistan demokratiyanın vacib tərəfdaşıdır” ifadəsi erməni cəmiyyətində böyük ümid doğurmuşdu.

 

Lakin bütün bu çıxışlar və diplomatik jestlər heç bir konkret hərbi qərarla müşayiət olunmadı, təhlükəsizlik sahəsində hər hansı sazişə çevrilmədi, habelə müdafiə texnikası belə Ermənistana verilmədi (bu baxımdan Hindistan və Fransadan fərqli olaraq ABŞ konkret silah tədarükünə belə getmədi).

 

Əslində, Vaşinqtonun Ermənistanla bağlı siyasəti yalnız "demokratik transformasiya" ritorikasına əsaslanır. Bu isə daha çox ABŞ-ın Rusiya təsirinə qarşı apardığı ideoloji mübarizənin tərkib hissəsidir, hərbi təhlükə qarşısında Ermənistanı qorumaq məqsədi daşımır.

 

ABŞ-ın Cənubi Qafqaz siyasətindəki məhdudiyyətlər də kifayət qədər aydındır. Birincisi, Vaşinqton bu regionu həssas geosiyasi maraqlar sahəsi kimi qəbul edir. Burada NATO üzrə müttəfiqi olan Türkiyə var, ənənəvi təsir sahibi olan Rusiya var və ABŞ-ın açıq hərbi eskalasiyadan qaçdığı İran var.

 

Əgər ABŞ Ermənistanı Azərbaycanla hərbi toqquşma zamanı dəstəkləyərsə, bu ABŞ-Türkiyə münasibətlərinə ciddi zərbə vura bilər, xüsusilə Tramp administrasiyası dövründə aparılan normallaşma cəhdlərini pozar, Rusiyanın, zəif olsa da, reaksiyasını və təxribatlarını təşviq edə bilər və həmçinin, İran amilini gücləndirər, çünki Ermənistan logistik və enerji baxımından Tehrandan asılıdır.

 

İkincisi, ABŞ Ermənistanda real təsir rıçaqlarının olmadığını anlayır. Vaşinqton başa düşür ki, Paşinyan ordunun mühüm hissəsinə nəzarət etmir; Ermənistan cəmiyyəti, xüsusilə böhran zamanı, Qərb əleyhdarlarına çevrilməyə meyllidir və ABŞ-dan gələn istənilən yardım Ermənistanda "müdaxilə", "vasitəçilik", hətta "xainlik" kimi təqdim oluna bilər.

 

Bu səbəbdən, ABŞ açıq şəkildə hərbi-siyasi qarşıdurmaya girmək əvəzinə, yumşaq gücə və uzunmüddətli institusional proqramlara üstünlük verir.

 

Ermənistan hazırda dərin strateji dalanda yerləşir. 2023-cü ildən başlayaraq Qərblə yaxınlaşma siyasəti çərçivəsində İrəvan öz təhlükəsizliyini Avropa İttifaqı, Fransa, Hindistan və ABŞ-dan gələcək dəstəyə bağlamağa çalışdı. Lakin bütün bu istiqamətlər yalnız simvolik jestlərlə məhdudlaşır. Fransa verdiyi texnika – radarlar, "Bastion" və VAB zirehli maşınları – döyüş şəraitində effektiv deyil, nə texniki, nə taktik baxımdan Ermənistan ordusuna inteqrasiya olunmayıb. Hindistanın tədarük etdiyi Pinaka reaktiv yaylım sistemləri, Akash hava hücumundan müdafiə kompleksləri və tank əleyhinə raketlər isə Ermənistanda nə logistika, nə şəxsi heyət, nə də uyğun elektron infrastruktur olmadığı üçün tamamilə səmərəsiz qalır. Bu silahların heç biri döyüş şəraitində istifadə olunmayıb, onların istismarı üçün tələb olunan təlim və koordinasiya isə aylarla vaxt aparacaq. Bütün bunlar göstərir ki, İrəvanın son illərdə etdiyi silah alışları real döyüş qabiliyyəti yaratmaqdan çox, siyasi görüntü naminə həyata keçirilmiş addımlardır.

 

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası – EUMA – hərbi mandatdan məhrumdur, silahsızdır, texniki müşahidə vasitələrinə malik deyil və münaqişə halında regiondan təxliyə olunacaq. Avropa dövlətlərinin bəyanatları – xüsusilə Fransanın “Ermənistanı müdafiə edəcəyik” ritorikası – yalnız daxili auditoriyaya hesablanmış ritorikadır və heç bir real hərbi öhdəlik yaratmır. Almaniya və Skandinaviya ölkələri isə ümumiyyətlə, hərbi yardım mövzusunda passiv və tərəddüdlüdür. Avropa Sülh Fondundan (EPF) Ermənistana indiyədək bir avro belə ayrılmayıb – nə hüquqi, nə də siyasi konsensus mövcuddur. Beləliklə, Qərbin Ermənistana hərbi dəstəyi yalnız bəyanat və simvolik jestlər səviyyəsində qalır.

 

ABŞ ilə münasibətlər də fərqli deyil. Ermənistanla Vaşinqton arasında nə hərbi ittifaq var, nə də qarşılıqlı müdafiə sazişi. ABŞ Ermənistanı nə NATO üzvü, nə də “Major Non-NATO Ally” kimi tanıyır. Son illərdə ABŞ rəsmilərinin İrəvana artan səfərləri, verdikləri bəyanatlar – demokratiya və regional sabitlik haqqında – heç bir real hərbi addımla müşayiət olunmayıb. ABŞ Ermənistana yalnız mina təmizləmə, sərhəd xidmətinə cip verilməsi və gömrük sahəsində texniki yardım kimi yardım göstərib. Bu isə nə silahdır, nə də təhlükəsizlik təminatı. ABŞ Ermənistanı yalnız Rusiya və İrana qarşı geosiyasi alət kimi nəzərdən keçirir, onu qorumaq üçün nə əsgər göndərəcək, nə də silah tədarük edəcək. Əgər İrəvan, Paşinyanın ətrafındakı dairələr ABŞ-ın “demokratiyanı qorumaq” adı altında gələcəkdə Azərbaycana qarşı hərbi müdaxilə edəcəyini gözləyirlərsə, bu son dərəcə təhlükəli illüziyadır. 2020 və 2023-cü illərdə ABŞ hərəkətsiz qaldı, hətta erməni lobbisinin təzyiqlərinə baxmayaraq, Azərbaycana qarşı sanksiya belə tətbiq etmədi.

 

Bu kontekstdə Ermənistanın strateji səhvləri daha da aydın görünür. Əgər İrəvan revanşist gündəmlə Zəngəzur dəhlizini bağlamağa və ya sərhəddə hərbi qarşıdurmaya gedərsə, Azərbaycan lokal hərbi əməliyyatla bir neçə gün ərzində Sünikdəki hədəfləri ələ keçirə bilər. Ermənistan ordusunun bu əraziləri uzun müddət müdafiə etmək imkanı yoxdur. Hava üstünlüyü, texnoloji fərq, kəşfiyyat imkanları və döyüş təcrübəsi Azərbaycan tərəfinin lehinədir. Belə ssenaridə Ermənistanın itkisi minlərlə insan, artilleriya və texnikasının 30%-i və əsas rabitə xətlərinin məhv olması ilə nəticələnə bilər. Daha genişmiqyaslı hücum ssenarisində isə Azərbaycan qüvvələri bir həftə ərzində Gorusa və Arəniyə qədər irəliləyə bilər, beynəlxalq reaksiya isə yalnız narahatlıq ifadə edən bəyanatlarla məhdudlaşacaq. İctimaiyyətin psixoloji vəziyyəti, Paşinyana qarşı artan narazılıq, ordudakı parçalanma və müxalifətə keçə biləcək hərbi hissələr Ermənistanı Livan tipli daxili dağılma ssenarisi ilə üz-üzə qoyacaq.

 

Bütün bu təhlillər fonunda geosiyasi proqnoz da kəskin və açıqdır: Ermənistan nə hərbi, nə siyasi, nə diplomatik baxımdan yeni müharibəyə hazır deyil.

 

Dövlətin mövcud forması ilə dağılması ehtimalı artıq nəzəri deyil, real bir təhlükədir. Ermənistanın yeganə çıxış yolu – revanşist illüziyaları kənara qoymaq, Azərbaycanla sülh sazişi imzalamaq, ərazi iddialarından rəsmən imtina etmək, xarici siyasət kursunu yenidən qiymətləndirmək və dövlətçiliyi real təhlükəsizlik və tərəqqi əsasında yenidən qurmaqdır.

 

Əks halda növbəti müharibə Ermənistan üçün təkcə bir hərbi məğlubiyyət deyil, onun müasir dövlət kimi tarix səhnəsindən çəkilməsi ilə nəticələnə bilər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.