Mayın 17-də Bağdadda keçiriləcək Ərəb Dövlətləri Liqasının (ƏDL) sammitində Suriyanı keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şibani təmsil edəcək.
Bu barədə “Əl-İxbariya” telekanalı müvəqqəti Prezidentin administrasiyasına istinadən məlumat yayıb.
"Ərəb Respublikasının müvəqqəti Prezidenti Əhməd əş-Şara Bağdadda keçirilməsi planlaşdırılan sammitdə iştirak etməyəcək. Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əş-Şibani rəhbərlik edəcək", – məlumatda bildirilir.
Bu qərarın səbəbləri açıqlanmır. Lakin Livanın "Al Mashad" telekanalı qeyd edir ki, bu, Dəməşqdə yeni administrasiya rəhbərinin təhlükəsizliyi ilə bağlı məqamlarla əlaqəli ola bilər.
Xatırladaq ki, aprelin 16-da İraqın baş naziri Məhəmməd əs-Sudani Suriyanın müvəqqəti Prezidentinə ərəb dövlətləri liderlərinin Bağdadda keçiriləcək sammitində iştirak etməsi üçün rəsmi dəvət göndərdiyini bildirmişdi.