
İctimai fəal Bəxtiyar Hacıyev həbsxanadan Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Senzor.az bildirir ki, məktubun əlyazması sosial şəbəkələrdə paylaşılıb. 
B. Hacıyev dövlət başçısından onun həbsdən buraxılmasına kömək etməsini xahiş edib:
"Hörmətli cənab Prezident,
09 dekabr 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2 və 289.1-ci maddələri ilə ittiham olunaraq həbs edilmişəm və bu günə qədər həbsdə saxlanılıram.
Həbsdən azad olunmağım üçün kömək etməyinizi xahiş edirəm.
Hacıyev Bəxtiyar İlyas oğlu,
10.03.2023-cü il".
Bəxtiyar Hacıyevin vəkilləri Prezidentə müraciətin həqiqiliyini təsdiqləyiblər.
Xatırladaq ki, ötən il dekabrın 9-da Xətai rayon məhkəməsinin qərarı ilə müxalifətçi Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Daha sonra müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirinin müddəti aprelin 28-dək uzadılıb.
Onu da qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə B.Hacıyevlə tanınmış müxalifət liderlərinin həyat yoldaşları və qızları arasında şəxsi yazışmalar dərc olunmuşdu. Bloger yazışmalarında qadınları birgə yaşamağa razı salmağa cəhdlər edib. Dərc olunan məktublardan sonra liberal ictimaiyyət B.Hacıyevin işini siyasiləşdirməkdən imtina edib və məhbus tərəfdarlarının dəstəyini itirib.