Jurnalist Əvəz Zeynallı: “Elçin azadlıqda olduğu halda, mən niyə həbsdəyəm?” - Vəkil Elçin Sadıqov: “Əvəz mənə fantastik məbləğ demişdi, sonra razılaşdıq”
MƏHKƏMƏ ZALINDA VƏ ONDAN KƏNARDA DEYİLƏNLƏR

Xəbər verildiyi kimi, rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının məhkəməsi başlayıb.

 

Senzor.az bildirir ki, dünən iş üzrə hazırlıq prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib. 

 

Əvəz Zeynallı ilə yanaşı, prosesə təqsirləndirilən şəxs qismində "Səda TV" YouTube kanalının rəhbəri Elnur Şükürov də gətirilib.

 

Ə.Zeynallı ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, vəzifəli şəxs olmadığı halda ona bu barədə ittiham verilib: "Mən vəkil Elçin Sadıqovla birlikdə həbs olunmuşam. İttiham verilib ki, mən onunla birlikdə rüşvət almışam. Niyə o azadlıqdadır, mən həbsdə? Axı mənə ittiham onunla birlikdə verilib? Biz bir ittihamla saxlanılmışıq, həbs edilmişik. Deyim, nəyə görə. Elçin Sadıqov mənim üzümə durdu deyə azadlığa buraxıldı”. 

Onun vəkili Fəxrəddin Mehdiyev təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılması və müdafiəçilərin yanında mühakimə olunması barədə vəsatət qaldırıb. F.Mehdiyev həmçinin cinayət işinə xitam verilməsini də istəyib. 

 

Elnur Şükürovun vəkili Ramil Əliyev isə bildirib ki, istintaq dövründə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Mehman Hümbətov (hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İstintaq İdarəsinin rəisi-red.) onu yanına çağırıb və Əvəz Zeynallıya qarşı ifadə verməsini istəyib.

 

Vəkillər Mehman Hümbətovun əməlində cinayət tərkibi olduğunu deyərək onun barəsində xüsusi qərar çıxarılmasını istəyiblər. Vəsatətlər təmin edilməyib.

 

Prosesdə bildirilib ki, cinayət işinin təqsirləndirilən şəxs Elnur Şükürovla bağlı hissəsində Sabunçu rayon icra başçısı Adil Vəliyev, Suraxanı rayon icra başçısı Əziz Əzizov və Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov şahid qismində tanınıb. Təqsirləndirilən şəxsin qeyd olunan icra başçılarını rüşvət verməyə təhrik etdiyi iddia olunur.

 

İş üzrə hazırlıq iclası başa çatıb və məhkəmənin baxış iclası aprelin 10-a təyin olunub.

 

Bu gün isə vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Əvəz Zeynallının məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

 

“Qafqazinfo” xəbər verir ki, E.Sadıqov hər hansı cinayət əməli törətmədiyini, Əvəz Zeynallının onu aldatdığını bildirib: “Bu müddət ərzində dinmədim, səbr etdim. Düşündüm ki, yoldaşı nə yazmasından, danışmasından asılı olmayaraq gözləyim, görüm Əvəz Zeynallı nə deyir. Məni tanıyanlar bilir,  bütün görüşlərimdə Əvəz Zeynallının həbsinin siyasi olduğunu bildirmişəm. Amma bu gün Əvəz Zeynallı məni özü ilə birlikdə görmək istədiyini bildirib. 

Əvəz Zeynallıdan Rasim Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allah şükür etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. Rasim Məmmədovun ailəsinə dedim ki, bu yaxşı adam deyil. 14 il pulsuz vəkillik etmişəm, indi bir şey xahiş edəndə pul istəyir, bununla ümumiyyətlə danışmayaq”.

 

Elçin Sadıqov əlavə edib ki, həmin gündən sonra Əvəz Zeynallı dayanmayıb, əskinə hər gün Rasim Məmmədova və ailə üzvlərinə qarşı danışmağa başlayıb: “Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də, Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq, pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu edəcəyini, yəni pul alıb yenə danışacağını, “karusel” edəcəyini heç gözləməzdim.

 

Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi, ikimizi də tutdular. Halbuki  Cinayət Məcəlləsinin 312-ci maddəsinin qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər”.

 

Vəkil qeyd edib ki, Əvəz Zeynallıya qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var: “Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz onları pərdələməyə çalışır”.

 

Qeyd edək ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

 

Daha sonra Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib və barəsində cinayət işi açılıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.