
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya qarşı silahlı hücumun terror olduğunu rəsmi şəkildə elan etdi. Hələlik terrorun təşkilatçısının hansı ölkə olduğu və kimlər tərəfindən törədildiyi açıqlanmasa da izlər daha çox İranı göstərir.
Sui-qəsdin İran tərəfindən öncədən planlaşdırıldığına və icra olunduğuna dəlalət edən konkret izlər var.
Birincisi, DTX-nın İran casusları ilə bağlı yayımladığı videoda saxlanılan şəxslər tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı aldıqlarını etiraf etdi. Bu etiraf əslində hadisənin öncədən planlandığını sübut edir.
İkincisi, hadisə sonrası “Hüseniyyun” qruplaşması bəyanat yayıb. Bəyanatda diqqətçəkən məqam odur ki, qruplaşma məsuliyyəti üzərinə götürməsə də qeyd edir ki, “Sionistlər və onların Azərbaycanda olan icraçı qüvvələri bilməlidirlər ki, heç bir müsəlman ölkəsində onların təhlükəsizliyinə zəmanət verilməyib və onlar mütləq müsəlmanlardan ağır şillə yeyəcəklər”.
“Hüseniyyun” qruplaşması məsuliyyəti hər nə qədər üzərinə götürməsə də bəyanatda qeyd edilən məqamlar hadisəni törədən şəxsin məhz Hüseniyyunçu olduğunu göstərir.
Üçüncüsü, hadisədən sonra sosial şəbəkənin Azərbaycan seqmentində İran agenturasının təsiri altında olduqları şübhə doğurmayan şəxslərin hadisədən sevinc duyduqlarını əks etdirən paylaşımlar edilməsinə başlanılıb. Bu tip paylaşım edən insanların profillərinə nəzər saldıqda İran dini lideri Əli Xameneinin, Qasım Süleymaninin və ya şiə müqəddəsləri ilə bağlı foto, video paylaşımlarının edildiyini görmək mümkündür. Dostluğundakı şəxslərə baxdıqda isə eyni məzmunlu paylaşımlar edən bənzər şəxslərin olması diqqət çəkir. Bu da onu deməyə əsas verir ki, İran Azərbaycandakı agentura şəbəkəsini bu istiqamətdə təlimatlandırıb və aktivləşdirib.
Dördüncüsü, hazırda İranın əksər saytları, televiziya kanalları Fazil Mustafaya qarşı terror hücumunu geniş şəkildə tirajlayırlar. Diqqətçəkən məqam isə “o, qatı şiə düşmənidir” tezisinin qabardılmasıdır. İran bu yolla həm də hadisəni leqallaşdırmağa çalışır.
Beşincisi, Fazil Mustafaya qarşı terror aktı “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açılmaqla törədilib. Maraqlıdır ki, bir müddət öncə Azərbaycanın İrandakı səfirliyinə edilən hücumda da “Kalaşnikov” markalı avtomatdan istifadə edilmişdi. Hər iki hadisədə “Kalaşnikov” avtomatından istifadə edilməsi də insidentin İran tərəfindən törədildiyinə dəlalət edir.
Turan Rzayev,
politoloq