
Rusiya Prezidenti Vladimir Putinin martın 31-də təsdiq etdiyi xarici siyasət konsepsiyası Kremlin Qərbə qarşı yeni blok yaratmaq cəhdlərini dəstəkləməyə yönəlib.
Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında belə deyilir.
Bildirilir ki, yeni konsepsiya Rusiyanın çoxqütblü dünya nizamı yaratmaq, o cümlədən ABŞ-ın hökmranlığına son qoymaq məqsədi daşıyır. Sənəddə bəşəriyyətin əksəriyyətinin Rusiya ilə konstruktiv münasibətdə maraqlı olduğu və arzulanan çoxqütblü dünyanın Qərbdə olmayan dünya gücləri və regional liderlər üçün imkanlar açacağı iddia edilir.
Lakin ABŞ İnstitutu hesab edir ki, Rusiyanın iqtisadi qüdrətinin azalması və Ukraynada hərbi potensialının zəifləməsi səbəbindən Moskvanın təklifinə ciddi maraq göstərilməyəcək.
ISW onu da vurğulayır ki, Çin lideri Si Cinpinin Moskvaya səfəri zamanı da Putinin anti-Qərb bloku yaratmaq təklifi birmənalı qarşılanmayıb.