
İnsan öz keçmişinə hörmət hissini heç vaxt itirməməli, bunun yaşadığı həyatın bir hissəsi olduğunu unutmamalı və onu davamlı şəkildə araşdırıb, öyrənməlidir. Çünki gələcək keçmişin üzərində qurulur və yaşadığın, geridə buraxdığın həyatını - keçmişindəki səhvlərini və doğrularını araşdırıb öyrənməzsənsə, gələcəklə bağlı aydın təsəvvürün olmaz və kim olduğunu, haradan gəlib haraya getdiyini də bilməz, yolunu azarsan!
Bu səbəbdən ağıllı və ləyaqətli insanlar, yanlışı və doğrusuyla birgə, keçmişinin hər qarışına sahiblənər, ondan imtina etməz, ancaq eyni zamanda onun əsirinə də çevrilməzlər: yanlışlarından, səhvlərindən nəticə çıxarar, onları bir daha təkrarlamamağa çalışar, doğrularını isə inkişaf etdirərlər.
Yalnız keçmişi büsbütün bulaşıq, ləkəli olanlar, qürurla xatırlanacaq bir yaşantısı olmayanlar onu silməyə, itirməyə, unutmağa və xatırlamamağa çalışar və “hər şey elə bu gündən başlayır” düşüncəsində olarlar.
Dövlətlər, xalqlar, millətlər də belədir: hansı öz keçmişinin hər səhifəsinə sahib çıxıbsa, onu dərindən araşdırıb öyrənibsə və o keçmişinə hörmət hissini də qırmayıbsa, vacib ənənə kimi bir nəsildən digərinə ötürübsə, sabit inkişaf edənlər də onlar olub; hansı öz gerçək tarixini itirməyə və əvvəlkilərin üstündən xətt çəkərək, “tarix elə məndən başlayır” deməyə qalxıbsa, itən və itirən də sonda elə özü olub...
Çox təəssüf ki, son illər Azərbaycanda da tariximizin böyük bir səhifəsini, xüsusən də elm, təhsil, mədəniyyət sarıdan bizi xeyli önə atmış Sovetlər dövrünü bilərəkdən silməyə, itirməyə, unutmağa və xatırlamamağa, aşağılayıb təhrif etməyə cəhdlər var. Elə davranılır ki, sanki dünənimiz olmayıb və hər şey elə bugündən – 1991-dən sonra başlayır.

Və bunu edənlərin əksəriyyəti də elə dünən Sovetlər dövründə eyni cür davranan keçmişi bulaşıq, ləkəli adamlardır - onda ata-babaları önə düşüb eyni həyasızlıq və canfəşanlıqla daha əvvəlki tariximizi təhrif edir, ziyalılarımızı satır və məhv edir, milli və dini adət-ənənlərimizi itirməyə çalışırdılar, indi də özləri, uşaqları...
Dünən kapitalist Qərbi bəşəriyyətin bütün fəlakətlərinin baiskarı sayıb, Rusiyanı və sosializmi xilaskar kimi öyənlər, tərənnüm edənlərin özləri və övladları indi eyni şövqlə, həvəslə də Rusiyanı tənqid atəşinə tutur, ABŞ-ı, Avropanı bizə nicat qapısı göstərir, demokratiyanı “qüsursuz ideologiya” kimi xalqa sırıyırlar.
Dünənin ən qatı “kommunist alimlər”i indi “ən sevilən millətçi və demokrat professor”lar libasında auditoriyalarımızda dərs keçir, universitetlərimizə rəhbərlik edir; komsomol təşkilatlarının öncülləri “demokratik hərəkat”ın dəyişməz liderləridir; Allahı qandallamaq üçün axtarışa çıxan ateistlərimiz molla əbasında və əmmaməsində minbərlərdən xütbə oxuyur, xalqı doğru yoldan azmamağa çağırırlar; cəmiyyətdə ən əxlaqsız və pozğun adamlar kimi tanınanlarsa efirləridən bizə “namuslu həyat” dərsi keçirlər...
Bilirsiniz, niyə?! Çünki bunların əksəriyyətinin öz keçmişlərinə, adət-ənənələrinə, ata-babalarının irslərinə, yaşantılarına hörmətləri, sevgiləri olmayıb; əksəriyyəti zatıqırıqlar, soyukəsiklərdir!
Öz keçmişinə, ata-babasına hörməti və əxlaqı olan bu sayaq davranmaz!
Əgər “köksüz”, “zatıqırıq”, “soyukəsik” adlanmamızı istəmiriksə, ata-babalarımızın yaşadıqları ömrün hər səhifəsinə sahib çıxmalıyıq – doğrularıyla da, yanlışlarıyla da onlar bizimdir, biz onlardanıq!
Biz yalnız o zaman ləyaqətli, qürurlu millət və dövlət olacağıq ki, Şah İsmayıla da, Nadir Şaha da, Qacara da, Rəsulzadəyə də, Nərimanova da, Bağırova da, Vəzirova da, Mütəllibova da, Elçibəyə də, Heydər Əliyevə də, İlham Əliyevə... də sahib çıxmağı bacaracağıq - səhvləriylə də, doğrularıyla da! Səhvlərini təkrarlamamaq, doğrularını isə inkişaf etdirmək üçün!
Yox, bacarmayacağıqsa, hər gələn gedəni silməyə qalxacaqsa, hamımız silinəcəyik və gələcəyə heç nəyimiz qalmayacaq!
Gəlin, gələcəyimizi itirməmək üçün keçmişimizə savaş açmayaq!
