Finlandiya NATO-ya üzv oldu: MOSKVA İLƏ HELSİNKİ ARASINDA GƏRGİNLİK YARANA BİLƏRMİ?
TƏHLİL

Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu. Beləliklə, Alyans üzvlərinin sayı 31-ə çatdı. 

 

Prinsip etibarilə Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub. Sadəcə, indi hüquqi prosedurlar icra edilir. 

Finlandiya NATO-ya üzv olaraq Alyansın ümumi müdafiə ilə bağlı olan 5-ci maddəsindən faydalana biləcək. Yəni Finlandiyaya edilən istənilən hücum bütün İttifaqa hücum kimi qəbul ediləcək. 

 

Helsinkinin Alyansın 31-ci rəsmi üzvü olması həm də Baltik dənizinin NATO-nun daxili dənizi halına gəlməsi deməkdir. Düzdür, İsveçlə bağlı proses hələ davam edir, ancaq bunun da qısa zamanda müsbət nəticələnəcəyi bəllidir. Sadəcə, zaman məsələsidir.

 

Kremlin narahatlığı

 

Rusiya üçün Finlandiyanın İttifaqa üzvlüyü İsveçin üzvlüyündən daha önəmlidir. Çünki Finlandiya Rusiya ilə həmsərhəddir. Helsinkinin Alyansa üzv olması həm də NATO-Rusiya sərhədinin böyüməsi deməkdir. 

 

Əslində Kreml yaxşı bilir ki, indiki məqamda NATO-Rusiya gərginliyi olmayacaq. Sadəcə, Rusiya-Finlandiya sərhədinə əlavə hərbi qüvvə cəmləmək ehtiyacı görmürdüsə, NATO üzvü Finlandiya sərhədinə əlavə hərbi qüvvə cəmləməli olacaq. Bu isə mövcud Ukrayna-Rusiya müharibəsi fonunda onsuz da geriləyən iqtisadiyyatın əlavə yüklənməsi deməkdir. 

 

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun “Əgər digər NATO üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, əlavə addımlar atacağıq. Rusiyanın hərbi təhlükəsizliyini möhkəm şəkildə təmin edəcəyik” sözləri də Kremlin Finlandiyanın NATO-ya üzv olmasından deyil, Finlandiya-Rusiya sərhədinə NATO qüvvələrinin yerləşdirilməsindən narahat olduğunu təsdiqləyir. 

 

Finlandiya Ukraynanın taleyi ilə üzləşə bilərmi?

 

A.Qruşkonun son açıqlaması nə qədər təhdidkar ritorikada olsa da, Finlandiyanın NATO-ya üzv olmasının ehtimal bir fin-rus gərginliyinə səbəb olacağını düşünmürəm. 

 

Birincisi, A.Qruşkonun “Əgər digər NATO üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, əlavə addımlar atacağıq” sözləri fin-rus gərginliyi mənasına gəlmir. Mümkündür ki, belə bir hal olacağı təqdirdə Rusiya da Finlandiya sərhədinə əlavə hərbi qüvvələr yerləşdirəcək. Yəni Qruşko “əlavə addımlar atacağıq” deyərkən bunu nəzərdə tutur.

 

İkincisi, yuxarıda qeyd etdiyim kimi, Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub. Sadəcə, indi hüquqi prosedurlar icra edilir. Yəni Rusiyanın bundan sonra Finlandiya ilə gərginlik yaratması birbaşa NATO ilə gərginlik yaratmaq deməkdir. Çətin ki, Kreml NATO ilə birbaşa gərginliyi gözə alsın.

 

Üçüncüsü, Rusiya yaxşı bilir ki, Finlandiya Ukrayna deyil. Bu ölkə həm rifah səviyyəsinə görə, həm də sosial baxımdan dünyanın ən sabit ölkəsidir. 

Finlandiya ardıcıl beş ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilir. Yəni Rusiya bu ölkədə daxili sabitliyi poza bilməz. Digər tərəfdən, Finlandiyada etnik münaqişə də yoxdur. Ümumiyyətlə belə bir münaqişəni yaradacaq əsas da yoxdur. 

 

Finlandiya coğrafi olaraq da mürəkkəb relyefə və iqlimə malikdir. Kreml çətin ki, bu reallıqları bilə-bilə Finlandiya ilə gərginliyə girsin.

 

Finlandiya Prezidenti Sauli Niinistö deyib ki, ölkəsinin NATO-ya daxil olması hansısa ölkəyə qarşı yönəlməyib. Hesab edirəm, Niinistönun bu açıqlaması Finlandiya tərəfinin də Rusiya ilə gərginliyə getmək istəmədiyini göstərir.  

 

Turan Rzayev, 

politoloq

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.