
“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayev müəllifi və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişinin son buraxılışında Milli Məclisin deputatı Fazil Mustafaya edilən sui-qəsddən danışarkən İranın anti-Azərbaycan siyasətini növbəti dəfə kəskin tənqid edib.
Senzor.az mövzunun və məsələnin aktuallığını nəzərə alaraq verilişin həmin hissəsini oxucularına təqdim edir:
- Bax, belə vəhşi qanunların işlədiyi dünyada Azərbaycan öz müstəqil mövcudluğunu qorumağı, işğaldan azad etdiyi əraziləri abad eləməyi bacarır. Millət vəkili Fazil Mustafaya açılan atəşsə sabitliyə, tərəqqiyə, müstəqil idarəetməyə, multikulturallığa, bəşəri ideyalara, dördüncü sənaye transformasiyasına - yaşıl enerjiyə açılmış atəşdir. Hadisədən dərhal sonra yaranan informativ mühit o saat İranı nişan verdi. Ramazan ayında, iftar süfrəsindən qayıdan millət vəkilini, sabit iman adamını, İsraildə səfirliyimizin açılan vaxtı öz qapısının ağzında gülləyə tutublar. Media, mətbuat rəsmi məlumatı gözləmədən əminliklə göstərdilər ki, avtomatın tətiyi Tehrandan basılıb.
Əslində etiraf edim ki, o gecə mən başqa dövlətlərdən daha çox, İranın Xarici İşlər Nazirliyindən mövqe gözləyirdim. Çünki artıq bir neçə dəfə bu ölkənin ya birbaşa, ya da dolayısı ilə Azərbaycana təhdid və hücumda barmağının olduğunu görmüşük. Məsələn, Londonda səfirliyimizə hücum. Fransadakı səfirliyimizə hücum.
Görəndə ki, başqa ölkələrdə qətlə yetirməyi bacarmadılar, o zaman düşündülər ki, day uzağa niyə gedək, elə hazır Azərbaycanın Tehran dövlətindəki səfirliyini terror edək. Və belə də etdilər.
Normal məntiq diqtə edir ki,bu hadisədən dərhal sonra ilk növbədə İran özü təşəbbüs göstərsin və ən azı hadisəni pisləsin. Yaralıya şəfa arzulasın. Heç olmasa ona görə ki, cinayət hadisəsi baş verəndə ilk növbədə buna qədər oxşar cinayətdə əli olanladan şübhələnirlər. Millət vəkili Fazil Mustafa da istisna olmamalıydı. Bu ölkənin ən müxtəlif dairələindən Fazil Mustafanın ünvanına fasiləsiz təhdidlər gəlirdi. Məşhur “qumcuq” ifadəsi Fazil Mustafaya məxsusdur, elə qum saatı da. Bu ifadə altında uzun müddətdir ki, millət vəkili İranın Qum şəhərində fəaliyyət göstərən ruhani məktəblərinin, mədrəsələrinin Azərbaycanda işlətmək üçün nüfuz agentləri hazırlanmasına diqqət çəkir. Xurafat və cəhalət mənbələrinə İranda xüsusi səxavətlə yanaşıldığını deyir. Fazil Mustafa İran rejiminin qail olduğu İslamın gerçək İslamı gözdən saldığını dəfələrlə bəyan etmişdi. Əvəzində isə millət vəkilinin çıxışlarını izləyən xurafatpərəstlər, mövhumat-cahiliyyə düşərgəsi sosial şəbəkələrdə onun gözünə Qum təpəcikləri tolazlayırdılar. Hətta ölümlə, edamla hədələyirdilər. İranın cahiliyyə emalı və onun dünyaya, o cümlədən Azərbaycana ixracının baza prinsipləri haqqında Millət vəkilinin parlamentdəki çıxışını elə biz də yaymışdıq...
İranın Azərbaycanın böyük alimi Ziya Bünyadovun, yazıçı Rafiq Tağının qətlində əli olduğunu elə İranda da yaxşı bilirlər. Fazil Mustafanı təqib etdiklərini İran heç gizlətmirdi də. Yəni terror İranın mahiyyətidir. Üslubları da bəsitdir. Sənin fikirlərini təhrif edirər, sonra bir–iki ərəb-fars tərkibli sözlərlə sənin hərəkətlərini şərh edirlər, sadə dindar yazıq da elə bilir ki, Quran ayəsidir, başlayır xora qoşulub bir dəfə salavat çevirir, iki dəfə lənət oxuyur adam. Neçə illlərdir ki, İran Respublikası bu yolla xüsusilə Bakı kəndlərində, Gəncə ətrafında, Lənkəran-Astara zonasında işləyir. Öz düşərgəsini bizim məsum, səmimi dindarlarımızın müəyyən bir hissəsini yoldan çıxarmaq hesabına genişləndirir. 2022-ci ildə Bütün Qafqazın Şeyxinin Azərbaycanda İslamın İrandan tam azad olması anlamına gələn çıxışından sonra isə bu ölkə daha radikal, açıq düşmənçilik yoluna keçdi...
Bu müsahibəni biz Şeyxdən İran adlı psevdo islam dövlətinin Azərbaycana qarşı hərbi təlim keçirməsi ilə bağlı almışdıq. Ölkə dindarlarının mövqeyini Şeyx birmənalı elan etmişdi. Elə o müsahibədən sonra İranın qaragüruhu, cahiliyyəsi Şeyxi də linç etməyə başlamışdı. Yəni Fazil Mustafaya açılan atəş Azərbaycanın İslam istiqlalına açılmışdı. İranın isə imkanı var idi ki, heç olmasa Azərbycanda ona olan neqativ total nifrəti hiss edərək prosesləri qabaqlasın. Bir bəyanatsa versin... İran Xarici İşlər Nazirliyi bəyanat verdi. Amma bu terrorla bağlı yox. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani: “Azərbaycan hakimiyyətindən izahat tələb edirik!” dedi. İsraildə səfirliyimizin açılması zamanı nazir Ceyhun Bayramovun çıxışına görə. Guya burda bizim xarici işlər nazirimiz İran əleyhinə nəsə deyib... Azərbaycanın Xarici İşlər Nazirliyi Ceyhun Bayramovun israilli həmkarı ilə brifinqdə İrana qarşı hər hansı mövqe səsləndirmədiyini rəsmən bəyan etdi.“ Hətta küt beyinlərə xatırlatdı ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib”. Yadınıza bu cümlənin alt qatını salmağa məcburam. Bir neçə il əvvəl İranın nüvə silahı hazırlaması zəminində bu ölkənin bəzi müəssisə və zavodlarının nöqtəvi zərbələrlə vurulması mövzusu aktual idi. O zaman Əhmədi Nejad Azərbaycana məhz ona görə təşəkkür etdi ki, biz İrana qarşı 3-cü dövlətlərə ərazimizdən istifadə etməyə izn verməmişdik! İndi hansı izahat lazımdı İrana? Məgər görmür ki, Azərbayan İrandan fərqli olaraq mərdanə dövlətdir! Əksinə biz izahat gözləyirik İrandan. Fazil Mustafaya açılan atəşlə bağlı! Biz İrandakı səfirliyimizə qarşI həyata keçirdiyi terror aktına görə izahat gözləyirik İrandan. Nə oldu, terrorçuya ağıl duası yazmaq nə uzun çəkdi? Yoxsa belə bir duanı İran üçün etməliyik?! Biz Ermənistanla hərbi müttəfiqliyi hər gün sıxlaşan Tehran dövlətindən izahat gözləyirik. Biz qələbənin ilk ilk günündən dostluq əli uzatdıq. Azərbaycan İranla sərhədini dostluq sərhədi adlandırdıq.
Prezident Əliyev azad edilmiş ərazilərdən danışanda, İran-Azərbaycan sərhədinin də azad olunduğunu qeyd etmişdi. O sərhədi ki, İran indi Ermənistanla izdivacının belin bağlamış qırmızı lent hesab edir. Anam-bacım, qız gəlin... İranın Şəhər salma nazirini qəbul edərkən azad edilmiş ərazilərdə əməkdaşlıq təklif etmişdi Azərbaycan Prezidenti. Bəs İran nə edir? İran Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin diliylə Azərbaycanı təhdid edir, guya burda Suriya muzdluları qalmaqdadır və sair başqa cəfəngiyyatlar. Azərbaycanın Müdafiə nazirliyinin sərt bəyanatı Tehranın üzü üçün qış dəstəmaz suyu omalıdır: “İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilib. K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O, eyni zamanda, İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir.
Öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyil.
K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdi. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənib. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır.
Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır.
44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan təkbaşına azad edərək zəfər salnaməsi yazıb. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyil. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur”.
İranın hərəkətlərində əslində bir ardıcıllıq var. Məsələn, Fazil Mustafaya terror ediləndə bu ölkənin rəsmi informasiya orqanı olan İRNA hadisə haqqında demək olar ki, hamıdan əvvəl xəbər yayıbmış. Və ən maraqlısı da budur ki, məlumatda millət vəkilinin hətta öldüyü də qeyd edilib. Görünür, hadisəni qabaqlayıblar. Ya da nəticə belə olmalıymış.
Dəsti-xətt tanışdır. 2018-ci ildə Yunis Səfərovun Gəncədə terror hərəkəti törədəndən sonra yaydığı müraciəti də xatırlayırıq...
Bu müraciəti edəndə Yunis Səfərli də eynən İRNA kimi elə bilirdi ki, məqsədə çatılıb, Elmar Vəliyevi öldürə bilib. İndi isə İran Xüsusi xidmət orqanlarının Yunis Səfərov haqqında hazırladığı çarxdan kadrlara baxaq. Yunisin İranla bağlı olduğunu ayıdın görmək, daha doğrusu yenidən yada salmaq üçün...
Yunis Səfərlinin canını qaçıb qurtara bilən silahdaşlarından bəziləri isə bu gün də İrandadı. Yəni İranın Fazil Mustafaya terror həmləsində rolunun olduğunu bizim adi jurnalist araşdırmalarımız belə təxmin etməyə imkan verir. Tərz eynidir. Həm də əsas səbəblərdən biri məhz həm Tehranın bu mövzuda susqunluğunu israrla saxlamasıdırsa, başqa səbəb İsraillə Azərbaycanın əməkdaşlığı dərinləşəcəyi təqdirdə Tehranın cavabının çox sərt veriləcəyi barədə olan ardıcıl xəbərdarlığlarıdır.
Ən maraqlısı, özü də sırtıqcasına, həyasızcasına maraqlısı budur ki, işğalçı Ermənistanda, Zəngəzurda-Qafanda səfirlik açan İran onunla heç bir müharibə vəziyyətində olmayan İsraildə bizim səfirlik açmağımıza qəti etiraz edir, daxili işlərimizə qarışır...İranın Azərbaycanla sərhədlərini 30 il işğalda saxlamış İşğal etmiş Ermənistanı qınamır, bu sərhədləri, deməli həm də İranın heysiyyatını azad etmiş Azərbaycanın üzərinə gəlir. İran faktiki olaraq özünü FETÖ kimi aparır. Bütün iş prinsipləri də FETÖ ilə eynidir. Orda təyin olunmuş mərceyi-təqlid İran şiəçiliyini qəbul edənlərdən ötrü qərar sahibidir. Hansı vəzifədə çalışmasından asılı olmayaraq İran şiəçiliyini qəbul edən kəs öz ağasının, mərceyi-təqlidinin sözünü qəbul etməlidir. Mərceyi-təqlid “öl!” deyirsə, ölməli, “qal!” deyirsə qalmalıdır.Azərbaycan dövlətinin içində öz təsir və təhdid dairəsini yaratmağa çalışan İran psevdo islam dövlətinin uzaq vuran niyyətləri var. O da Azərbaycanı zəif, zavallı, İranın quru lavaşına möhtac görmək istəyir. Fazil Mustafa isə mürəkkəb bir xüsusi əməliyyatın mərkəzində qalmaqdadır. Ona görə də ona özünü bir göstərsin tipli sadədil istəklərimizlə yanaşmayaq. Bir dost məsləhətidi, bir az dözək. Diqqətli olaq. Hələlik rəsmi məlumatlara qane olaq. Fazil Mustafaya şəfa istəyək. Allahdan, həkimlərimizdən.
İranda isə bilməlidirlər ki, Fazil təkcə Mustafa deyil, həm də məsələn - Mir Şahindir və belələri 100 minlərlədir. Bayrağımızın rəngi də təbiətə işarə deyil. Biz öz yaşılımızı elə qırmızımız və mavimiz kimi başqalarının rənglərindən ayırmağı bacarırıq...
Onu da unutmayaq ki, İran bizdən ötrü müqəddəs olan adlarla da bacarıqla manipulyasiya edir. Məsələn, Azərbaycanla sərhəddə təlim zamanı qərargahlardan birini Həzrət Abbasın adına qoyur. Bilir ki, Əlinin qəzəb oğlu Abbas bizdən ötrü nə qədər əzizdir. Deməli, hesablayıblar k, hərbi təlim Azərbaycana qarşı olsa belə, Həzrət Abbas adı bizdə tərəddüd yaratmalıdır. Yaxud da tutaq ki, sabah Azərbaycana İmam Zaman adı altında silahlı dəstə daxil oldu, bizim əsgər atəş açmalı, torpaqlarını qorumalıdır axı. İranın ağlı belə kəsir ki, əsgərimiz əl saxlamalıdır. Bax buna hesablayır hər şeyi Tehran dövləti. Və ya... bizim əfsanəvi generalımız Polad Həşimov şəhid olmuşdu. O zaman İran neylədi, Polad Həşimovun ailəsinə Dünyanın terrorçu kimi tanıdığı Qasim Süleymani medalı apardı. Və təbii ki, ailə onu geri qaytardı. Başa saldı ki, Polad Həşimov Vətən uğrunda şəhid olub... Süleymani kimi yox.
Unudulmamalıdır ki, İran düşmən kimi çox kəmfürsətdir. Məsələn, Təbrizdə bir misal var. Necəsən qanmayım, atan yansın. Tutaq ki, onun mediası bayrağımızı təhqir edir.
Ya da belə bir çarx hazırlayıb tirajlayır. Azərbaycanın xəritəsini təhdid edən, aşkar basqın anons edən çarx. İstərdim ki, bu animasiyanı Tehrandakı səfirliyimizin məruz qaldığı terror aktı ilə yanaşı təqdim edək.
Və təbii ki, biz belə həyasızlıqlara cavab veririk. O zaman nə baş verir? Ən gözlənilməzi. İran Azərbaycana nota göndərir. Niyə belə etdiyimizi soruşur. Guya üstümüzə qəzəblənir! Bizə əxlaq dərsi keçir, kompensasiya tələb edir. Əcəba niyə? Axı deyəsən cavabı İran verməliydi?! Yox? Bayaq dedik axı hansı hərəkətlərə görə. Ən azı o hərəkətlərin bir hissəsinə görə. Maraqlıdır işğalçı Ermənistanda səfirlik açacaqsan, ermənilərin havadarı rolunda çıxış edəcəksən, amma mən 44 günlük müharibədə dəstəyini hiss etdiyim İsraildə səfirlik açmayacam, xeyirdi?
Ümumiyyətlə, İran xətti Azərbaycanın qaragüruhunun da simasında hiss olunur. Bilirsiz də xəttin bir mənası saqqaldır. Nazik, cilalanmış. Məsələn, İran etdiyi terror hərəkətindən diqqəti İsraildə səfirlik açmağımız mövzusu ilə yayındırır. Azərbaycanın cahiliyyə İranı ilə unison düşünən qaragüruhu da eyni xətti saxlayır. Deməli, həftənin, günün mövzusu Fazil Mustafanın məruz qaldığı terror aktı olmalıdır. Amma bunların 3 cüt bir tək tərəfdarı küçəyə çıxır ki, siyasi məhbus Filankəsə azadlıq. Baxmayaraq ki, o filankəs nəinki siyasi məhbus deyil, heç filankəs də deyil... Məqsəd əlbəttə, diqqəti yayındırmaqdı. Bizim əziz tamaşaçılarımız, əziz mömin bacı və qardaşlarımız , Qarabağ Xameneilərin iddia etdiyi kimi - islam torpağı deyil. O, Azərbaycan torpağıdır. Üz tutduğunuz minbərə diqqətlə baxın. Düzdür, Fazil Mustafaya, bizim İrandakı səfirliyimizə hansı avtomat silahdan atəş açıldığını birmənalı şəkildə iddia edə bilmərəm. Amma elə açılmadığını da. Çünki bu silahı terrorçudan əvvəl İranın mollaları əllərində saxlamışdılar. Vaxtında bunu göstərmişdik...
Əlbəttə, minbərdən Azərbaycana qarşı çağırışlarını xütbədən 5 saniyə əvvəl əlinə verilən “Kalaşnikov“ avtomatına dayaqlanaraq səsləndirən Amuli kimi şarlatan mollaları biz Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin yerliləri kimi, istehzs ilə tanıyırıq. Nahaq demirlər: Amulinin duasındansa, İsrailin PUA-sı yaxşıdır...