
"Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı möhkəmləndirməlidir".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bildirir ki, bunu Gürcüstanda rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib.
O, "3+3" əməkdaşlıq formatına (Rusiya, İran və Türkiyənin iştirakı ilə) da münasibət bildirib: "Gürcüstan ərazisinin 20 faizini işğalda saxlayan Rusiyanın hər hansı bir əməkdaşlıq formatı barədə danışmazdan əvvəl 2008-ci ilin atəşkəs razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsi daha yaxşı olardı".
Yeri gəlmişkən, Tbilisidə Gürcüstan və ABŞ-ın müdafiə nazirlikləri arasında saziş imzalanıb.
Sənədi müdafiə nazirləri – Cuanşer Burçuladze və Lloyd Austin imzalayıblar.
Saziş Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutur.C.Burçuladze deyib ki, ABŞ-la möhkəm tərəfdaşlıq Gürcüstanın sabit inkişafına, həmçinin bölgədə sülh və təhlükəsizliyin qorunmasına imkan verir: “ABŞ-la strateji əməkdaşlıqda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq”.
Pentaqon rəhbəri isə öz növbəsində bildirib ki, ABŞ Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir: “Bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional islahatları dəstəkləyəcəyik, ölkənin NATO ilə əməkdaşlıq potensialını gücləndirəcəyik və qarşılıqlı fəaliyyəti təşviq edəcəyik”.