
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Senzor.az bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin (MN) növbəti açıqlamasında belə deyilir.
Bildirilir ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
**18:45
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən Senzor.az-a verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır: “Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur.
Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır".
Qeyd olunub ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
MN ictimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.
**18:11
"Ermənistan təxribatı nəticəsində yaranmış gərginlik davam edir, qarşı tərəf xeyli sayda itki verib"
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.
Bu barədə Senzor.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.
İctimaiyyətə əlavə məlumat veriləcək.
**17:33
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Senzor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
"Hazırda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür", - nazirlikdən qeyd olunub.