
Yaponiyanın qərbindəki Vakayamada Baş nazir Fumio Kişidanın kütlə qarşısında çıxış edəcəyi yerin yaxınlığında güclü partlayış baş verib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, hökumət başçısı dərhal təxliyə olunaraq təhlükəsiz yerə-Vakayama Polis Departamentinə aparılıb.
Polisin məlumatına görə, Kişidanın çıxışından əvvəl naməlum şəxs tüstü şaşkasına və ya məşələ bənzəyən əşyanı yerə atıb, sonra partlayış olub. Hadisə zamanı hökumət başçısı parlamentin aşağı palatasına təkrar seçkilərdə hakim Liberal Demokrat Partiyasından olan namizədlə söhbət edirmiş.
Hücum edən şəxs dərhal təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb.

Hadisə baş verən zaman ərazidə bir neçə yüz adam olsa da, ilkin məlumatlara görə, xəsarət alan olmayıb. Amma hadisə insanlar arasında ajiotaja səbəb olub.
Xatırladaq ki, 2022-ci ilin iyulunda keçmiş donanma dənizçisi Tetsuya Yamaqami Yaponiyanın əsas Honsyu adasının cənub-qərbindəki Nara küçəsində seçki kampaniyası mitinqində çıxış edən Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni kürəyindən güllələmişdi.
O özünün hazırladığı və diqqətlə sınaqdan keçirdiyi çoxlüləli atıcı qurğudan istifadə etmişdi. Atəş açan şəxs qətlə yetirilən siyasətçinin mühafizəçiləri tərəfindən cinayət yerində tutularaq həbs edilmişdi...
Senzor.az