Elxan Şükürlü dələduzluğa görə həbs olunan partiya sədrindən yazdı - “AĞLINA VƏ İRADƏNƏ PARA HÖKM EDƏCƏKSƏ...”

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) sədri Anar Əsədlinin dələduzluq ittihamıyla həbsi və özünə yaxın şəxslərin ortaya qoyduqları təkzibedilməz faktlar bizim uzun illərdir vurğuladığımız bir məsələni yenidən aktuallaşdırır: ölkənin siyasi həyatında sözüylə əməlləri üst-üstə düşməyən, xalqla və yaxın ətrafıyla münasibətlərdə dürüst və səmimi olmayan, hər işini yalan və saxtakarlıq üzərində quran, keçmişi bulaşıq və ləkəli adamlar çoxluq təşkil etdikcə, cəmiyyətimizdə siyasətçilərimizə inam və rəğbət, siyasi partiyalarımıza isə kütləvi axın qətiyyən olmayacaq! 

 

Ölkəni daha yaxşı idarə etmək iddiasında olan və bu məqsədlə ali siyasi hakimiyyət uğrunda mübarizə aparan bir siyasətçini, bir partiya sədrini xalq o vaxt sevər və arxasınca gedər ki, hər şeydən öncə, onun xalqla səmimi olduğuna, siyasi fəaliyyətində xalqın adından və maraqlarından öz şəxsi mənfəətləri üçün sui-istifadə etməyəcəyinə, təmiz və dürüstlüyünə əminlik olsun! 

 

Sən yalançısansa, başqasını yalan danışmaqda ittiham edə və ondan dürüstlük, şəffaflıq tələb edə bilməzsən! Sən oğru, əliəyrisənsə, başqasının oğurluğuna, əyriliyinə irad tuta və onu da doğru yola dəvət edə bilməzsən! Sən əxlaqsızsansa, başqasına əxlaq dərsi keçməyə qalxa və onun hansısa dəyərinə toxuna bilməzsən! 

 

Yox, para ağlına və iradənə hökm edəcəksə, daha siyasətlə məşğul olma, get, başqa fəaliyyət növü seç! 

Ancaq çox təəssüf ki, bu gün Azərbaycanın təkcə əksər siyasi partiyalarında yox, ölkənin ictimai-siyasi həyatının özəyini təşkil edən əksərinstitusional mexanizmlərdə - media və QHT sektorunda eyni rüsvayçı durum hakimdir – dələduzlar at oynadır, fırıldaqçılar öndədirlər və öz ictimai-siyasi statuslarını, populyarlıq amilini də maddi qazanc, siyasi özünümüdafiə və dövləti şantaj vasitəsinə çeviriblər!

 

Görün, son vaxtlar nə qədər media, QHT rəhbəri, siyasətçi konkret “iş üstə” yaxalanıb, həbsə atılıb! Hamısı da iddia edir ki, guya, onları hökumət məhz “barışmaz siyasi fəaliyyətlərinə görə” hədəfə alıb!

 

Ən pisi də odur ki, konkret əməllərinə görə tutulduqları halda, səmimi peşimançılıq keçirmək, səhvlərini etiraf etmək və xalqdan da üzr istəmək əvəzinə, özlərini haqlı çıxarmağa çalışır və hələ bir bizi də qınayırlar ki, niyə onların müdafiələrinə qoşulmuruq!

 

Əlbəttə, mən Anar Əsədlinin və eləcə də ictimai-siyasi sektordan tanıdığım digər şəxslərin həbslərinin tərəfdarı deyiləm - xüsusən də daha böyük cinayətlərdə suçlanan şəxslərin çöldə rahat gəzdikləri şəraitdə!


Azərbaycanda hər kəsin qanun qaşısında bərabər olmadığını yaxşı bilir və indiyədədk sifarişlə işləyən, pulun qulu olan Azərbaycan məhkəmələrinə “ədalətin təmin olunduğu müqəddəs ünvan” kimi də baxmıram! 

 

Yaxşı, bəs, müdriklərin bütün qanunlardan üstün, ən ali mühakimə ünvanı saydıqları vicdan məhkəməsinin qarşısında duranda nə cavab verəcək, nə danışacaqsınız?! Onun ədalətli hökmündən qaçmaq ki mümkün deyil!

 

AY Partiyada yaxından tanıdığım, istedadlarına və qabiliyyətlərinə inandığım müəyyən təmiz insanların məyusluğunu, öz sədrlərinin azdlığa çıxması üçün ictimai dəstək arayışlarını anlayır, darda qalan yoldaşa kömək etmək cəhdlərini yüksək qiymətləndirirəm. Ancaq onlar da qəbul etməlidirlər ki, yalan üzərində qurulan heç nə dayanıqlı ola bilməz və hər işi siyasiləşdirmək də heç doğru deyil! 

 

Yalanı müdafiə etməyin ki, doğruların müdafiəsinə qalxanda, ictimai dəstəyiniz olsun!


Elxan ŞÜKÜRLÜ,

Ədalət Partiyasının sədr müavini, politoloq







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.