
Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.
Bu barədə xəbəri Ə.İnsanov özünün “Feysbuk” hesabında yayıb.
“Bu gün Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının Dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə HƏP Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edilib.
Bu işdə razılığı və əməyi olmuş hər kəsə dərin təşəkkürümü bildirir, Haqq Ədalət Partiyasının bütün üzvlərini isə ürəkdən təbrik edərək onlara Dövlətçiliyimizin möhkəmlənməsi və Xalqımızın rifahı naminə fəaliyyətlərində uğurlar arzulayıram”, - deyə Ə.İnsanov bildirib.
Azərbaycanın indiki hakimiyyətinə qarşı ən radikal mövqeyi ilə seçilən və 14 il həbsxanada yatdıqdan sonra mövqeyindən bir addım belə geri çəkilməyən Əli İnsanovun partiyasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınması, yəqin ki, sizdə şok effekti yaratdı. Amma bundan da təəccüblüsü var. Əli İnsanovun mövcud hakimiyyət üzərində bu müdhiş qələbəsini Azərbaycanın rəsmi televiziya kanalı AzTV də öz Telegram səhifəsində yayıb. Belə görünür ki, hakimiyyətdəki dövlət televiziya kanalına himayədarlıq edən müəyyən qruplar açıq şəkildə sabiq Səhiyyə nazirinə “stavka” etdiklərini gizlətməyə lüzum görmürlər.
Bütün hallarda biz Əli İnsanovu alnının təri ilə qazandığı bu ciddi qələbə münasibətilə təbrik edir və bildiririk ki, onun bundan sonra atacağı addımları izləməyə çalışacağıq.
Bizə maraqlı gələn başqa məqam da var. Görəsən, dünənə qədər onun çörəyini yeyə-yeyə adam olanlar, daha sonra isə həmin çörəyi tapdayaraq nankorluq edənlər Əli İnsanovun bu uğuruna sevinəcəklərmi? Ən əsası, onun qarşısına nə üzlə çıxacaqlar? (Ovqat.com)