
Moskva Azərbaycanla Ermənistana sərhəd məsələsində yardım edə bilər.
Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya Klubunun plenar iclasındakı çıxışında deyib.
O bildirib ki, Rusiya sərhəd məsələsində açar rolunu oynaya bilər: “Bu gün əsas məsələ sərhəddəki situasiyanın son tənzimlənməsidir. Burda, əlbəttə, Rusiyanın iştirakı olmadan nəsə etmək mümkün deyil. Burda bizə kimsə lazım deyil – yalnız Azərbaycan, Ermənistan və Rusiya. Çox sadə və praqmatik məsələlər var: bəli, Rusiya ordusunun Baş Qərargahında xəritələr mövcuddur, orda müttəfiq respublikaların sovet dövründəki sərhədləri göstərilib. Orda elə məsələlər var ki, qarşılıqlı kompromis tələb edir: hansısa yerdə nələrisə dəyişmək, hansısa yerdə götürmək... Yalnız bu cür tanınmaqla hər iki tərəfə sərfəli ola bilər”.
Putin əlavə edib ki, həm Azərbaycan Prezidentinin, həm də Ermənistan Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşılmalıdır: “Baş vermiş hadisələrin faciələrinə baxmayaraq, onlar siyasi konyukturadan yuxarı qalxmağı bacardılar və çox məsuliyyətli qərar verdilər. Yenə də Prezident Əliyev və Baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər.
Bütövlükdə regionda uzunmüddətli həll üçün şərait yaratmaq lazımdır. Bu şərtlər yalnız hər iki tərəfin əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul etməsi və hər iki tərəfin üstünlükləri qiymətləndirməsi şərti ilə yaradıla bilər. Mən burada dinc, yanaşı yaşamağı vurğulamaq istəyirəm. Bunda isə hamı maraqlıdır”.
Rusiya lideri xüsusi qeyd edib ki, Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır: “Regionda səmərəli iqtisadi həyatın, səmərəli əməkdaşlığın qurulmasında, o cümlədən Azərbaycanla gələcəkdə münasibətlərin qurulmasında, Türkiyə ilə münasibətlərin donunun açılmasında, bu münasibətlərə müasir xarakterin verilməsində prinsipcə, Ermənistan da maraqlıdır...
Bunu etmək mümkündür ya yox? Mümkündür...”, - deyə Rusiya Prezidenti vurğulayıb.
V.Putinin fikrincə, indi əsas məsələ Azərbaycanla Ermənistan arasında münasibətlər qurmaqdır: “Biz çoxtərəfli formatın da tapılmasının tərəfdarıyıq. O cümlədən, Minsk Qrupunun işini aktivləşdirməyin tərəfdarıyıq. Biz bunun üzərində, o cümlədən tərəfdaşlarımızla işləyirik. Başlıcası, əsas məqsədə - təhlükəsiz vəziyyətin yaradılmasına və gələcəkdə münasibətlərin müsbət şəkildə qurulmasına çatmaqdır. İndiyə qədər qarşımıza məqsəd olaraq qoyduğumuza ümumilikdə nail ola bilmişik. Əlbəttə ki, gələcəyə baxmaq lazımdır, bundan sonra nə olacağına baxmaq lazımdır. Məsələ onda deyil ki, bizim Bəyanatların müvafiq bəndində Rusiya kontingentinin qalma müddətinin uzadılmasının mümkünlüyü nəzərdə tutulur. Bəyəm məsələ bundadır? Məsələ iki ölkə arasında münasibətlərin qurulmasındadır. Budur ən əsas məsələ...Ümid edirəm ki, biz buna nail olacağıq”.