
Avropa İttifaqı (Aİ) Şurası Ermənistan və Azərbaycan liderlərinin həftəsonu Brüsseldə görüşəcəyi barədə məlumatı təsdiqləyib.
Senzor.az bildirir ki, bu barədə məlumat Aİ Şurasının Ermənistan və Azərbaycan üzrə açıqlamasında yer alıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə 2023-cü il mayın 14-də danışıqlar aparacaqlar.
"Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir", - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, mayın 8-də Britaniyanın "Financial Times" qəzeti Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın həftəsonu Brüsseldə görüşə biləcəyini yazıb. Mənbələr qeyd ediblər ki, İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla daha bir görüş keçirmək planları da var.
**11:16(08.05.2023)
Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.
“Financial Times” xəbər verir ki, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq.
Nəşrin yazdığına görə, liderlər sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Qeyd olunub ki, bu görüş mühüm irəliləyişə səbəb ola bilər: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqton və Brüsselin səyləri bir-birini tamamlayır”.
"Report" xatırladır ki, bu, fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən danışıqlardan sonra və iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da baş tutan görüşündən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.