
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası üçün əlavə tədbirlərin görülməsini tələb edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Komitənin saytı xəbər yayıb.
Bastrıkin komitənin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinin tabeliyində olanlara xüsusi tapşırıq ünvanlayıb ki, Baş Prokurorluq və Rusiya Xarici İşlər Nazirliyi də ekstradisiyaya kömək etməlidir.
Komitə sədri vurğulayıb ki, İsmayılov ağır və xüsusilə ağır cinayətlərdə ittiham edildiyi üçün Rusiya qanunlarına əsasən cavab verməlidir: "İstintaqın topladığı sübutlar iş adamının iki sahibkarın qətlində, adam oğurluğunda və qanunsuz silah alverində iştirakını təsdiqləyir".
Bastrıkin qeyd edib ki, cinayət işində adı keçən şəxsə Monteneqroda siyasi sığınacaq verilməsi ilə bağlı xəbərlərdən çaşqındır, çünki söhbət adi cinayətlərdən getmir.
Xatırladaq ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılov bir müddət əvvəl Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb. Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.
Telman İsmayılovun vəkili isə yerli “Vijesti” nəşrinə bildirib ki, məşhur azərbaycanlı biznesmen artıq Monteneqroda siyasi sığınacaq alıb.
Nəşrin yazdığına görə, T.İsmayılov artıq istintaq təcridxanasından da buraxılıb.