
Türkiyənin yeni prezidentinin kimliyinin 28 mayda - seçkilərin ikinci turunda müəyyənləşəcəyi artıq rəsmən elan olundu.
Bununla belə, ilk turda - 14 mayda Türkiyə xalqının və dövlət ağlının ortaya qoyduğu misilsiz iradə nəinki Türkiyənin öz gələcəyini kiminlə, hansı siyasi qüvvəylə gördüyünü bütün dünyaya nümayiş etdirdi, həm də bu seçkilər üzərində Türkiyəni qarışdırmağı hədəfləmiş Qərbin sifətinə tərs şapalaq oldu.
Qərb mediasının və sorğu mərkəzlərinin sistemli şəkildə Ərdoğan və AKP əleyhinə apardıqları nüfuzdanslama kampaniyalarına, sosial şəbəkələr üzərindən pozucu müdaxilələrinə və seçiciyə psixoloji basqılarına baxmayaraq, Ərdoğanın namizədliyini müdafiə edən “Cümhur İttifaqı” 600 nəfərlik Türkiyə parlamentinin yarıdan çoxunu götürməyə müvəffəq oldu; Ərdoğanın özü isə ilk turdaca Qərbin qurduğu koalisiyanın - "Altılı masa + PKK"nın namizədi Kılıcdaroğlunu azı 2,5 milyon səslə - 5 faizlik fərqlə üstələdi.
İlk turun nəticələrinin təhlili göstərir ki, rəqibləri üzərində psixoloji üstünlük artıq tam şəkildə Ərdoğandadır və hətta üçüncü yerə çıxmış Sinan Oğan gələcəkdə onu deyil, Kılıcdaroğlunu dəstəkləsə belə, Ərdoğan FETÖ-nün şantajıyla seçkidən çəkilmiş Məhərrəm İncəni yanına almaqla, 28 mayda qələbəsini tam təmin edə bilər...
Hər halda, qarşıdakı 2 həftəlik zaman aralığı Türkiyə siyasətində kimin daha uzaqgörən, ağıllı gedişlər sahibi olduğunu da müəyyənləşdirəcək!
Hələliksə, 14 may seçkiləri o gerçəyi ortaya qoydu ki, Türkiyə dövləti və cəmiyyəti demokratik seçkilərin keçirilməsində ABŞ-dan və Avropa ölkələrinin əksəriyyətindən daha öndədir, daha yetkindir.
2020-ci ildə ABŞ prezidenti Trampın səslərini saxtalaşdırmaq hesabına qalib gələn Bayden 2021-ci ilin dekabrında və 2023-cü ilin martında təşkil etdiyi Demokratiya Sammitinə “demokratik seçki keçirə bilmir” bəhanəsiylə NATO üzvü Türkiyəni dəvət etməmiş və bununla da Ərdoğanı qeyri-legitim prezident elan etməyə və devirməyə hazırlaşdığını göstərmişdi.
Türkiyə dövləti və cəmiyyəti isə daha ayıq davranaraq, 14 mayda qoca Baydenin bu bəhanəsini qaytarıb onun sifətinə çırpmaqla, bütövlükdə Qərbin qanlı dişlərini də vurub laxlatmağa müvəffəq oldu...
O dişlərin birdəfəlik qırılması isə bizim bayramımıza - 28 Maya saxlanıldı...
"Bir millət, iki dövlət"in daha bir ortaq bayramı niyə də olmasın?
