
Erməni separatçı-terrorçularının növbəti dəfə qanunsuz silah-sursat daşıdığı üzə çıxıb. Hadisə Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb.
Bununla bağlı yayılan görüntülər də təsdiqləyir ki, qanunsuz erməni birləşmələri həmin mövqedə postlar qurublar və ora aktiv şəkildə silah daşıyırlar.
“Laçın” postu işə yaramır?
Erməni separatçı-terrorçularının növbəti dəfə qanunsuz silah-sursat daşımasının üzə çıxması ciddi faktdır. Xankəndi-Qeybalı-Xəlfəli istiqamətində separatçıların postlarının olması indiki məqamda narahatlıq yaradan məqam deyil. Mümkündür ki, rəsmi Bakı separatçıların postlarının harda olduğunu yaxşı bilir. Yəni istənilən halda bu postlar rahatlıqla məhv edilə bilər.
Burada əsas narahatlıq yaradan məqam separatçıların silah-sursatı necə və hansı yolla əldə etməsidir. Məsələ ondadır ki, erməni separatçı-terrorçuların daşıdığı qanunsuz silah-sursat Ermənistandan gətirilməyib. Ən azından bu quru yolu ilə baş tutmayıb.
Ümumiyyətlə “Laçın” postu qurulduqdan sonra dövlət sərhədimizdən silah keçirilməsi mümkün deyil. Ordan keçən bütün mülki və digər təyinatlı nəqliyyat vasitələri və şəxslər yoxlanılır. Azərbaycan ərazisinə girişə yalnız müvafiq yoxlamadan sonra icazə verilir.
Sülhməramlıların özbaşınalığı
Qeydə alınan videogörüntülərdən də aydın şəkildə görünür ki, rus sülhməramlıları qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların "postları" arasında silah daşımasına yardım edirlər.
Prinsip etibarilə bu ilk belə hadisə olmasa da sülhməramlıların mandatına uyğun olmayan işlər ilə məşğul olduğunu bir daha sübut edir. Digər bir vacib məsələ isə odur ki, bu fakt həmin silah-sursatın separatçılara sülhməramlılar tərəfindən verildiyini göstərir.
Sülhməramlılara davamlı şəkildə silah-sursat ya birbaşa Rusiya ərazisindən, ya da onun Ermənistandakı hərbi bazalarından quru və hava yolu ilə gəlir. “Laçın” postumuzn qurulması sonrasında bu proses dayanıb.
Davam edirsə belə, ən azından proses Bakının nəzarətindədir. Lakin indiki məqamda silahların separatçılara verilməsi prosesini Rusiya sülhməramlıları hava yolu ilə həyata keçirirlər.
Bakının cavab addımı
Sülhməramlıların separatçıları silahlandırması qəbuledilməzdir. Rəsmi Bakı bu prosesin qarşısını ən qısa zamanda almalıdır. İlk növbədə bu barədə Azərbaycan tərəfi həm Rusiyaya, həm də sülhmərmalıların komandanlığına xəbərdarlıq etməlidir.
Bundan başqa Rusiya sülhməramlılarına silah-sursat və texnika yalnız quru yolu ilə gətirilməlidir. Yəni müvafiq qaydada və rotasiya qaydalarına uyğun olaraq Laçın postundan keçməklə həyata keçirilməlidir.
Rusiya sülhməramlıları bütün bunlara baxmayaraq separatçıları silahlandırmağa davam edəcəyi təqdirdə rəsmi Bakı separatçıların təyin edilən postlarına zərbələr endirməli və bununla bir daha ciddiyyətini göstərməlidir.
Ümumiyyətlə erməni separatçılarının tərkisilah edilməsi prosesi mütləq şəkildə başlamalıdır. Rusiya sülhməramlıları bunu etmək iqtidarında, ya da istəyində deyilsə, bunu Azərbaycan özü reallaşdırmalıdır.
Turan Rzayev,
politoloq