Sanksiyalar şəraitində LİTVA SƏFƏRİ
MEHMAN ƏLİYEVİN YAZISI

Mayın 19-da Azərbaycan Prezidentinin Litvaya səfəri zamanı əsas məsələ Rusiyaya qarşı sanksiyalar idi. Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra nitqində məhz bu məsələni xüsusi olaraq vurğulayıb.

 

“Rusiyanın hazırda Ukraynada apardığı qəddar müharibə əməkdaşlığımıza yeni məzmun qatıb. Biz Rusiyanın sanksiyalardan yayınmaması üçün bir yerdə çalışmalı və Ukraynanı qələbəsinə qədər dəstəkləməliyik”, - deyə Nauseda bildirib.

 

Latviya, Estoniya və Polşa ilə yanaşı Litva da Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq ona qarşı daha sərt və güzəştsiz mövqe tutmağın tərəfdarıdır. Amma Aİ-nin Rusiyaya qarşı sanksiyalarla bağlı birliyi pozulmağa başlayıb, belə ki, onların Avropa iqtisadiyyatına necə təsir edə biləcəyi ilə bağlı narahatlıqlar Rusiyaya təzyiqdə qətiyyəti zəiflədir.

 

Ötən il dekabrın 15-də Aİ liderləri doqquzuncu sanksiyalar paketi ilə razılaşıblar, amma danışıqlar gərgin  keçib: Aİ diplomatları Reuters agentliyinə bildiriblər ki, Polşa və Rusiyanın qonşuları olan Baltikyanı ölkələr daha sərt tədbirlərə üstünlük veriblər, Belçika və Yunanıstan, hələ də Rusiyadan enerji idxalından çox asılı olan Macarıstan isə əlavə tədbirlərə qarşı çıxıblar.

 

Litvanın XİN başçısı Qabrielyus Landsberqis sanksiyalar haqqında bu sazişi “əldən verilmiş fürsət” adlandıraraq, Aİ ölkələrinin daha sərt addımlardan daha çox istisnaların müzakirəsinə vaxt ayırmasından məyus olduğunu bildirib.

 

Litva, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin, xüsusən də Azərbaycanın Aİ ilə münasibətlərində səmərəli vasitəçi kimi məşhurdur. Vilnüs  Azərbaycanda Aİ-nin 17 tvininq layihəsini həyata keçirib, diqqəti nəqliyyat təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, pensiya islahatı və səhiyyə, energetika kimi sahələrə cəlb edib. Təsadüfi deyil ki, İ.Əliyev qeyd edib ki, ötən ilin mayında Prezident Nausedanın Bakıya səfərindən iki ay sonra Azərbaycanın Avropa İttifaqı ilə qaz əməkdaşlığı haqqında memorandum imzalanıb, bu da Balkanlarda Azərbaycan qazının iştirakı ilə bir sıra layihələrin işə salınması üçün əsas olub. Ötən il Azərbaycan Avropaya qaz tədarükünü 3 mlrd. kubmetr artıraraq, 12 mlrd. kubmetrə çatdırıb. Bu, Xəzər şelfində artan qaz hasilatı sayəsində mümkün olub. 2027-ci ilə qədər Avropaya qaz tədarükü 20 mlrd. kubmetrə çatacaq. Bu ilin sonuna doğru isə qaz artıq Macarıstana və Slovakiyaya daxil olacaq.

 

Azərbaycanın sanksiyalardan mümkün yan keçməsi mövzusu təsadüfən  yaranmayıb. Rusiyanın Ukraynaya qarşı təcavüzünün başlanğıcından etibarən Ermənistan ekspertləri Rusiya qazının və neftinin sanksiyalardan yayınmaqla dünya bazarlarına tədarükü üçün Azərbaycan infrastrukturundan istifadəsi haqda yalan məlumatlar yayırlar.

 

Turan-ın Analitika Xidmətinin - ASTNA-nın qeyd etdiyi kimi, Azərbaycan və Rusiya ötən illərdə ənənəvi olaraq, amma bəzi fasilələrlə mövsümlük təbii qaz mübadiləsi sahəsində əməkdaşlıq edirdi. Yay mövsümündə Azərbaycan Rusiyaya təxminən 0,5-1 mlrd. kubmetr civarında, qış mövsümündə isə Rusiya Azərbaycana eyni həcmdə qaz tədarük edirdi. 2022-ci ilin dekabrından 2023-cü il aprelin 1-nə qədər Rusiya Azərbaycana təxminən 1 mlrd. kubmetr qaz tədarük edib. Və bununla da əməkdaşlıq başa çatıb.

 

Neftə gəlincə, “Lukoyl” şirkəti Xəzərin Rusiya şelfindən neft nəqli üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərindən istifadə edib. Nəqlin həcmi 2 mln. tona çatıb. 5 dekabr 2022-ci il tarixindən Rusiyaya qarşı sanksiyaların qüvvəyə minməsi ilə əlaqədar Rusiya neftinin nəqli dayandırılıb.

 

Əliyevin Nauseda ilə şəxsi görüşdə bununla bağlı nə cavab verdiyi məlum deyil. Vilnüsdə keçirilən brifinqdə o, Ukrayna müharibəsi və Azərbaycanın sanksiyalarda iştirakı mövzusundan yan keçib. Əliyev diplomatik şəkildə ikitərəfli münasibətlər və Litvanın Azərbaycanın Aİ ilə əməkdaşlıq qurmasında rolu haqda danışmağa üstünlük verib.

 

Əliyev Rusiyaya münasibətdə mövqe seçimi məsələsində çətin ki, radikal əhval-ruhiyyəli Baltika ilə eyni cərgədə dayansın. O, daha çox Yunanıstan və Macarıstanla birlikdə Avropa səfini tutmağa meyllidir, amma geosiyasət məsələlərində onun Türkiyə ilə birgə hərəkət etdiyini unutmaq olmaz. Atası Heydər Əliyevdən miras aldığı bərabər məsafə strategiyası prioritet olaraq qalır: o, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, humanitar yüklər göndərir, eyni zamanda sanksiya siyasəti çərçivəsində xüsusi canfəşanlıq nümayiş etdirmir. Bu hallarda Əliyev həmkarları ilə səmimi söhbətə kölgə salmamaq üçün ticari-iqtisadi münasibətlərin inkişafı haqqında danışmağa üstünlük verir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.