
Britaniyanın Reuters xəbər agentliyinin əldə etdiyi elektron yazışmalardan belə aydın olur ki, Rusiya ordusunun Ukraynaya müdaxiləsindən sonra kəskinləşən Qərb və Rusiya arasında ənənəvi qarşıdurma iqlim dəyişikliyi ilə mübarizəni də ciddi şəkildə çətinləşdirə bilər.
Haqqin.az-ın yazdığına görə, məsələ ondadır ki, qlobal iqlim sammitinə ev sahibliyi etmək hüququ BMT-nin beş regionu arasında bölüşdürülüb. Bu prinsipə əsasən, 2024-cü ildə sammitə ev sahibliyi etmək hüququnu Şərqi Avropa ölkələrindən biri alacaq və bu, həmin regiona aid olan 23 dövlətin nümayəndələri tərəfindən yekdilliklə seçilməlidir. Amma…
BMT-nin iqlim dəyişikliyi çərçivə Konvensiyasındakı Rusiya nümayəndə heyəti hələ aprel ayında Şərqi Avropa ölkələrinə elektron məktub göndərib və Avropa İttifaqına daxil olan dövlətlərin heç birinin namizədliyini dəstəkləməyəcəyini bildirib. Rusiya bəyan edib ki, Avropa İttifaqına daxil olan Şərqi Avropa dövlətlərindən hər hansı birində qlobal iqlim sammitinin keçirilməsini əngəlləyəcək. Rusiya qərarını Aİ ölkələrinin ev sahibi ölkənin seçilməsinə "siyasiləşdirilmiş" yanaşma sərgiləmələri və onun dəstəklədiyi namizədləri bloklamaları ilə əsaslandırıb.
Reuters xəbər verir ki, vəziyyətdən istifadə edən Ermənistan qlobal iqlim sammitinin keçiriləcəyi yer kimi öz namizədliyini irəli sürüb. Bundan xəbər tutan Azərbaycan da bir neçə gün əvvəl BMT-nin baş qərargahına sammitə ev sahibliyi etməyə hazır olması barədə rəsmi məktub göndərib.

Qeyd edək ki, qlobal iqlim sammiti iki yüzə yaxın ölkədən on minlərlə qonağın, o cümlədən ABŞ prezidenti də daxil olmaqla dövlət və hökumət başçılarının, habelə dünyanın aparıcı şirkətlərinin icraçı direktorlarının və mütəxəssislərinin iştirak etdiyi möhtəşəm bir tədbirdir. BMT-nin bölgüsünə görə, bu il sammitin keçirilməsi şərəfi Asiya-Sakit okean regionuna daxil olan Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb.
Şərqi Avropa ölkələrinə gəlincə, hazırda Ermənistandan başqa, Bolqarıstan da öz namizədliyini irəli sürüb. Belə ki, BMT-nin ötənilki iqlim konfransı zamanı Bolqarıstan Prezidenti Rumen Radev ölkəsinin bu tədbirə ev sahibliyi etməyə hazır olduğunu bildirdi və sonradan - may ayından etibarən Bolqarıstan, digər AB ölkələrinin dəstəyi ilə müraciətini tanıtmağa başladı.
Lakin bu həftə Bolqarıstanda yeni hökumət formalaşıb, hansı ki, iqlim sammitinə ev sahibliyi etməyə hazır olduğunu hələ təsdiqləməyib. Bolqarıstanın Ətraf Mühit Nazirliyi də BMT-nin müvafiq sorğusuna hələ ki cavab verməyib.
Azərbaycana gəlincə, o, mübarizəyə yalnız bu həftənin əvvəlində qoşulub. 
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Reuters agentliyinə bildirib ki, "Azərbaycan belə bir mühüm tədbirə ev sahibliyi etməyə hazırdır".
Öz növbəsində, Azərbaycan Ekologiya Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı Reuters agentliyinə müsahibəsində bildirib ki, hazırda Şərqi Avropada heç bir ölkə Azərbaycanın namizədliyinə mane olmayıb.
Qeyd edək ki, əvvəlcə Çexiya sammitə ev sahibliyi etməyi planlaşdırırdı, lakin sonradan bu qərarını dəyişdi. Çexiya rəsmiləri bildirdilər ki, Bolqarıstan konfransa ev sahibliyi etsə, Praqa hazırlıq konfransı keçirməyə hazır olacaq.
Reuters müxbirinin Moskvanın Bolqarıstanın namizədliyinə qarşı çıxıb-çıxmayacağı ilə bağlı sualına Rusiya Prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev birbaşa cavab verməyib.
“Bolqarıstan 2024-cü ildə keçiriləcək Qlobal İqlim Sammitinə ev sahibliyi etməyə yeganə namizəd deyil. Məsələ BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həll olunacaq”, - deyə Rusiya Prezidentinin xüsusi nümayəndəsi bildirib.
Haqqin.az xatırladır ki, hazırda Şərqi Avropa ölkələri qrupu bu məsələni BMT-nin Bonn şəhərində keçirilən iclasında müzakirə edir. Əgər qrup razılığa gələ bilməsə, onda sammitin BMT-nin Bonndakı daimi iqlim dəyişikliyi ofisində keçirilməsi ehtiyat variant ola bilər, hərçənd ki, bundan ötrü Almaniya hökumətinin dəstəyi tələb olunacaq…
Senzor.az