ABŞ-ın 18 kəşfiyyət idarəsi koronavirusun mənşəyi ilə bağlı birgə hesabat yayıb.“RİA Novosti”nin məlumatına görə, hesabatda bildirilir ki, kəşfiyyat qurumlarının əksəriyyəti koronavirusun bioloji silah kimi yaradılmadığı qənaətindədir.
ABŞ Milli Kəşfiyyat direktorunun ofisi tərəfindən yayılan hesabatda deyilir: “Kəşfiyyat orqanı hesab edir ki, Çin rəsmiləri öncədən virus haqqında xəbərdar olmayıblar. Yəni əgər o, laboratoriyada insident nəticəsində yaranıbsa, çox güman ki, onlar (Çin rəsmiləri – red.) bu barədə ilk aylar bilməyiblər”.
Yalnız bir idarə ölümcül virusun öncədən silah qismində yaradıldığını və qəza nəticəsində Uxan laboratoriyasından yayıldığını ehtimal edir. Lakin bunu qəti şəkildə demək üçün dəlillərin kifayət qədər olmadığı vurğulanır.
Qeyd edək ki, hesabatın hazırlanmasında Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqatlar Bürosunun (FBI) əkskəşfiyyat idarəsi, Milli Təhlükəsizlik Agentliyi (NSA), Pentaqon, Dövlət Departamenti, eləcə də digər nazirliklərin müvafiq strukturları iştirak ediblər.