
İyunun 15-də axşam saatlarında yağışla müşayiət olunan güclü külək Yevlax rayonunun yaşayış məntəqələrinə ziyan vurub.
AZƏRTAC xəbər verir ki, külək nəticəsində Yevlax şəhərində ağaclar qırılaraq elektrik xətlərinin üzərinə aşıb, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, rayon üzrə 14 min abonentin (50 faiz) elektrik təminatı dayandırılıb.
Yevlax şəhərinin Nizami prospektində ticarət obyektinin, Q.Quliyev küçəsində 5 mərtəbəli, 45 mənzilli yaşayış binasının, Q.Əşrəfbəy küçəsində 5 mərtəbəli, 60 mənzilli yaşayış binasının dam örtüyü uçub.
Güclü külək nəticəsində şəhərin Nizami prospektində ağac aşaraq Yevlax şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Rahib Fazil oğluna məxsus “Volsvagen Passat” markalı avtomobilin üzərinə aşıb.
Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən 288-ci kilometrliyində, yolun kənarında yerləşən avtoservis binasının dam örtüyünün uçaraq yola düşməsi nəticəsində yolda avtomaşınların hərəkəti 20 dəqiqə dayanıb.
Yüksək gərginlikli 6 kv-luq elektrik hava xəttinin dayağının Ərəbbəsrə kənd sakini Məmmədov Kərim Fərrux oğluna məxsus fərdi yaşayış evinin üzərinə aşması nəticəsində evin dam örtüyünə ziyan dəyib. Külək nəticəsində rayonun Varvara kəndində də elektrik dirəyi qırılaraq aşıb.
Hazırda dəyən ziyanın araşdırılması və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.



