
Bu gün metroda baş ferən insidentlə bağlı "Bakı Metropoliteni" də yeni məlumat yayıb.
Bildirilib ki, “28 May” metro stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib.
"Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib.
Ehtiyat tədbiri kimi, “Həzi Aslanov-28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.
Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai-Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəsizliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub.
Hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir", - məlumatda deyilir.
**16:18
Bu gün saat 14:32-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən senzor.az-a verilən məlumata görə, dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının Metropiliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
Bakı Metropolitenindən isə bildiriblər ki, "Xətai-Cəfər Cabbarlı" stansiyasında qatarların hərəkəti bərpa edilib.
**14:52
"Bakı Metropoliteni"nin "28 May" stansiyasında həyəcanlı anlar yaşanıb.
Senzor.az-ın məlumatına görə, qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə bildirib ki, giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb: "Bu səbəbdən "Həzi Aslanov"-"28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub".
O qeyd edib ki, "Xətai - "Cəfər Cabbarlı" mənzili istisna olmaqla, "Bakı Metropoliteni"ndə qatarların hərəkətlərinin tənzimlənməsi istiqamətində iş aparlır.
B. Məmmədov metroda bomba təhlükəsilə bağlı iddiaları təkzib edərək, bunun həqiqətə uyğun olmadığını deyib.