
Azərbaycan əsilli rusiyalı oliqarx Telman İsmayılov yerli “Dan” qəzetinə müsahibəsində Monteneqrodan sığınacaq almaq üçün pul vermədiyini bəyan edib: “Bəlkə bu milyonları kimsə Rusiyanın maraqlarını qorumaq üçün alıb?”
Haqqin.az bildirir ki, Telman İsmayılov nəşrin redaksiyasına göndərdiyi açıq məktubda da “Monteneqronun Gələcəyi Naminə” koalisiya partiyasının, onun guya Balkan ölkəsindən sığınacaq almaq üçün 5 milyon dollar ödəməsi ilə bağlı iddiasını qəti şəkildə rədd edib.
Telman İsmayılov açıq məktubunda adının artıq bir neçə dəfə siyasi məqsədlərlə hallandığını, adətən buna reaksiya verməməyə çalışdığını qeyd edib. Amma bu dəfə oliqarx ona qarşı əsassız ittihamlara son qoymaq qərarına gəlib.
“Belə şər və böhtanlara cavab olaraq, sivil dünyada adətən məhkəməyə müraciət edirlər. Hələlik mən bunu etməyəcəyəm və bu tipli bütün ittihamları qətiyyətlə təkzib etməklə kifayətlənməyəcəyəm”, - T.İsmayılov məktubunda bildirib.
İsmayılov iddia edir ki, 2021-ci ilin oktyabrında Monteneqroda aldığı siyasi sığınacaq ona qanunla müəyyən edilmiş qaydada verilib: “Mənə qarşı siyasi təqib faktını təsdiq edərək, sübut kimi Monteneqronun Sığınacaq İdarəsinə minlərlə səhifəlik sənədlər təqdim etdim. Onlardan birmənalı şəkildə belə çıxır ki, mən və ailə üzvlərim Rusiya Federasiyası tərəfindən təqiblərə məruz qalmışıq. Rusiya ilə mübahisə etdiyim bütün ölkələrdə - İsveçrədə, İsraildə, Türkiyədə, Böyük Britaniyada qalib gəlmişəm, Rusiyanın məni siyasi, iqtisadi, maliyyə və hər cür təqib etdiyini sübuta yetirmişəm”.
Azərbaycanlı oliqarx vurğulayıb ki, o, dəfələrlə ona Monteneqroda siyasi sığınacaq verilməsi ilə bağlı faktları qəsdən təhrif edən “Rusiyaya yaxın bəzi siyasi strukturların” hədəfinə çevrilib.
“Əvvəlcə heç bir reaksiya vermək istəmirdim, amma indi adımı Monteneqro xalqının və dünya ictimaiyyətinin gözündə təmizləmək üçün mən açıq şəkildə və tam məsuliyyətlə, heç bir sübut-dəlil olmadan ictimaiyyətə açıqlanan bütün pis niyyətli ittihamları təkzib etməyə məcburam. Bu siyasi strukturların mənə qarşı irəli sürdükləri tamamilə saxta ittihamlara cavab olaraq güman edə bilərəm ki, onların haqqında danışdıqları beş milyon dollar Rusiya maraqlarının lobbiçiliyi üçün alınan qonorardır ki, Moskva məni Monteneqroda da siyasi cəhətdən təqib edə bilsin. Qarayaxma kampaniyasına son qoymaq və məsuliyyətlə bəyan etmək istəyirəm ki, mənə Monteneqroda siyasi sığınacaq verilməsi üçün bir sent də ödəməmişəm!”, - deyə T. İsmayılov vurğulayıb.
Haqqin.az xatırladır ki, Telman İsmayılov 2021-ci il oktyabr ayının əvvəlində Monteneqronun paytaxtı Podqoritsadakı barlardan birində Rusiyanın onun barəsində verdiyi beynəlxalq order əsasında həbs edilib. Amma bir neçə gündən sonra T.İsmayılov azadlığa buraxıldı. Rusiyalı oliqarx Rusiya hakimiyyəti tərəfindən siyasi motivlərlə təqib edilir. Monteneqro hökuməti T.İsmayılova siyasi sığınacaq verib.
Senzor.az