Ağ Ev “Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammiti çərçivəsində Nuvola Konqres Mərkəzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşü barədə məlumat yayıb.Məlumata əsasən ABŞ və Türkiyə prezidentləri Suriyadakı siyasi prosesləri, Əfqanıstana humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər.
“Prezident Bayden müdafiə sahəsində tərəfdaşlığımızı və Türkiyənin NATO müttəfiqi kimi əhəmiyyətini bir daha təsdiqləyib. O, konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarını effektiv şəkildə həll etmək istəyini vurğulayıb”.
1 saat 10 dəqiqə davam edən görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub.
Bu dəqiqələrdə görüş barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası da məlumat yayıb.
Administrasiya “Tvitter” səhifəsində Türkiyə liderinin Romada ABŞ Prezidenti Cozef Baydenlə baş tutan görüşünü müsbət adlandırıb.
Bildirilib ki, müsbət atmosferdə keçən danışıqlarda ikitərəfli münasibətlər və regional mövzular müzakirə edilib.
“Lliderlər ikitərəfli münasibətləri daha da gücləndirmək və inkişaf etdirmək üçün birgə mexanizm yaratmaq barədə razılığa gəliblər. Danışıqlar zamanı tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımları müzakirə ediblər. NATO müttəfiqliyinin və strateji tərəfdaşlığın əhəmiyyəti qeyd edilib. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə kontekstində atılan qarşılıqlı addımlardan məmnunluq ifadə ediblər”, - məlumatda deyilir.
**14:25
“Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Nuvola Konqres Mərkəzində ABŞ Prezidenti Co Baydenlə görüşüb.
Senzor.az bildirir ki, liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.
Amerikalı jurnalistin "Türkiyəyə F-16-ları verməyi düşünürsünüzmü" sualına ABŞ Prezidenti C.Bayden “Yaxşı görüş keçirməyi planlaşdırırıq” - deyə cavab verib.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Entoni Blinken də iştirak ediblər.**13:38
Romada G-20 liderlərinin sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.
Senzor.az bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Görüş mətbuat üçün qapalı rejimdə keçirilir.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.