
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.
Senzor.az bildirir ki, müraciətdə deyilir:
“Mən Rusiya vətəndaşlarına, Silahlı Qüvvələrin, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının şəxsi heyətinə, indi öz döyüş mövqelərində vuruşan, düşmənin hücumlarını dəf edən, bunu qəhrəmancasına yerinə yetirən əsgər və komandirlərə müraciət edirəm. Mən hiylə və ya hədə-qorxu ilə kriminal avantüraya sürüklənən, ağır cinayət yoluna – silahlı qiyama sövq edilənlərə də müraciət edirəm.
Bu gün Rusiya neonasistlərin və onların ağalarının təcavüzünü dəf edərək, öz gələcəyi üçün ağır mübarizə aparır. Qərbin faktiki olaraq bütün hərbi, iqtisadi və informasiya maşını bizə qarşı yönəlib. Biz xalqımızın həyatı və təhlükəsizliyi, suverenliyimiz və müstəqilliyimiz üçün mübarizə aparırıq.
Xalqımızın taleyinin həll olunduğu bu döyüş bütün qüvvələrin birləşməsini, birliyini, konsolidasiyasını, məsuliyyətini tələb edir. Bizi zəiflədən hər şey kənara atmalıyıq, xarici düşmənlərimizin bizi daxildən sarsıtmaq üçün istifadə edə biləcəyi hər hansı bir fitnəyə uymamalıyıq.
Buna görə də birliyimizi parçalayan hərəkətlər əslində xalqımızdan, indi cəbhədə vuruşan silahdaşlarımızdan dönüklükdür. Bu, ölkəmizin, xalqımızın kürəyinə vurulan zərbədir”.
Putin baş verənlərin 1917-ci il inqilabı ilə müqayisə edib. Onun sözlərinə görə, o zaman Rusiyanın Birinci Dünya müharibəsindəki qələbəsi oğurlanıb.
“Daxili intriqalar, çəkişmələr, ordunun və xalqın arxasınca aparılan siyasət ən böyük sarsıntıya çevrildi, ordunun məhvi və dövlətin dağılması, geniş ərazilərin itirilməsi ilə nəticələndi. Nəticədə vətəndaş müharibəsi faciəsi baş verdi.
Bunun bir daha baş verməsinə imkan verməyəcəyik. Biz həm xalqımızı, həm də dövlətçiliyimizi istənilən təhlükədən qoruyacağıq. O cümlədən - daxili xəyanətdən.
Qarşılaşdığımız şey isə məhz xəyanətdir. Həddindən artıq ambisiyalar və şəxsi maraqlar xəyanətə gətirib çıxardı.
Yenə deyirəm, istənilən daxili təlatüm dövlətçiliyimiz üçün, bir millət olaraq bizim üçün ölümcül təhlükədir. Bu, Rusiyaya, xalqımıza zərbədir. Vətəni belə bir təhlükədən qorumaq üçün hərəkətlərimiz sərt olacaq. Xəyanət yoluna qəsdən qədəm qoyan, silahlı qiyam hazırlayan, şantaj yoluna, terror üsullarına əl atanların hamısı qaçılmaz cəzalarını çəkəcək, həm qanun qarşısında, həm də xalqımız qarşısında cavab verəcəklər.
Silahlı Qüvvələr və digər dövlət qurumları lazımi göstərişlər alıb və hazırda Moskvada, Moskva vilayətində və bir sıra digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edilir. Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün də qətiyyətli addımlar atılacaq. Vəziyyət çətin olaraq qalır, əslində mülki və hərbi hakimiyyət orqanlarının işi əngəllənir.
Mən Rusiyanın Prezidenti və Ali Baş Komandanı kimi, Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını, təhlükəsizliyini və azadlığını qorumaq üçün hər şeyi edəcəyəm.
Hərbi üsyanı təşkil edən və hazırlayanlar, silahdaşlarına silah qaldıranlar Rusiyaya xəyanət ediblər və buna görə cavab verəcəklər. Mən isə bu cinayətə sürüklənənləri ölümcül və faciəvi, bənzərsiz səhvə yol verməməyə, yeganə düzgün seçim etməyə – cinayət əməllərində iştirakdan əl çəkməyə çağırıram.
İnanıram ki, biz özümüz üçün əziz, müqəddəs olanı qoruyub saxlayacaq, Vətənimizlə birlikdə istənilən sınaqdan çıxacağıq, daha da güclənəcəyik”, - müraciətdə vurğulanır.
**11:16

Rusiyada üsyan təşkil etməyə çalışırlar.
Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Putin bildirib ki, onlar üsyanla Rusiyanı məğlubiyyətə və təslim olmağa sövq etməyə çalışırlar: "Rusiya özünü daxili xəyanətdən qoruyacaq".
Putin silahlı üsyanla bağlı vəziyyəti ölkəyə, eyni zamanda, xalqa vurulan zərbə və satqınlıq adlandırıb: "Hərbi üsyanı təşkil edən Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən Rusiyanın Prezidenti, Ali Baş Komandan və Rusiya vətəndaşı kimi ölkənin müdafiəsi üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq".
O, hərbi qiyamın təşkilatçılarının zərərsizləşdirilməsi üçün müvafiq əmr verildiyini bəyan edib.
**10:00
Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciət edəcək.
Senzor.az bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
V.Putinin müraciətinin mətni və mövzusu barədə məlumat açıqlanmayıb.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.
Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya Prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verirlər.