““Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib”.Senzor.az bildirir ki, bunu Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev jurnalistlərə açıqlamasında deyib.
“Biz istintaqın gedişində bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik. Lakin sonra müəyyən elədik ki, həmin şəxslərin günahı yoxdur və onlar barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub. Təqsirləndirilən şəxslərə hökm çıxarılsa da, həmin şəxslər hökmlərdən apellyasiya şikayəti verdilər. Daha sonra Ali Məhkəməyə kassasiya şikayəti olunub. Həm apellyasiya, həm də kassasiya mərhələlərində göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğundan hökmlər qüvvədə saxlanılıb”, - deyə X.Vəliyev bildirib.
Onun sözlərinə görə, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə (bir neçə gün ərzində) dövlətə xəyanətdə şübhələndirilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar həyata keçirilib: “Nəticədə biz cinayət işi başlayana qədər bir nəfər şəxs vəfat edib. Şəxsən mən özüm, eləcə də Respublika Hərbi Prokurorunun birinci müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa, Baş prokurorun birinci müavini Rüstəm Usubov, İdarə rəisi və digərləri həmin hərbi hissəyə getdik.
Müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıq. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin Tibb xidmətindən böyük həkim briqadası gəldi, oradakı şəxsləri müayinə etdi. Kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğunu müəyyənləşdirdi”.
X.Vəliyev daha sonra “Tərtər işi” ilə bağlı sosial şəbəkələrdə, YouTube kanalında aylardır aparılan müzakirələrə də münasibət bildirib: “Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində zəfər qazanandan sonra ermənipərəst qüvvələr bizim aramızda olan erməni xislətli insanlardan istifadə elədi. Onlar “Tərtər işi” adlandırılan məsələni bu cür tamamilə əsassız şəkildə gündəmə gətirməyə cəhd etdilər. Qurban Məmmədov və onun kimiləri bu gün də ermənilərin maşasıdır. Çox təəssüf edirəm ki, belə insanlar bizim millətdəndir. Qurban Məmmədov kimiləri başa düşmür ki, onların deməkləri ilə deyil. Qurban Məmmədov özü hüquqşünasdır. Çox gözəl bilir ki, hər bir ölkədə, o cümlədən müasir qanunvericiliyə malik olan Azərbaycanda hər şey qanunla həll olunur. “Tərtər işi” ilə bağlı cinayət işi başlanıldı, istintaq aparıldı, təqsirli hesab olunan şəxslər məhkəmə məsuliyyətinə verildi və Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələləri üzrə bu işlər araşdırılıb. Daha sonra belə qərara alınıb ki, doğurdan da istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə qanunsuz işgəncə verilən şəxslər haqqında çıxarılmış hökmlər qanunidir”.
Hərbi prokuror onu da bildirib ki, bəzi hərbçilərin İkinci Qarabağ müharibəsi zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb.
Xüsusi qeyd edib ki, II Qarabağ müharibəsində əsgər və zabitlər arasında fərarilik edən kimsə olmayıb: "Bu da əslində millətin ruhundan xəbər verir".
II Qarabağ müharibəsində Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı açılan cinayət işlərinə gəlincə, X.Vəliyev bildirib ki, onların bir qisminin istintaqı Hərbi Prokurorluqda gedir: “Cinayət işlərinin bəziləri Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılır. Bu işin həcmi çox böyükdür. Müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb”.