
Azərbaycan MiQ-29 qırıcıları üçün İsrailin “hava-hava” raketlərini alıb.
Senzor.az bildirir ki, Azərbaycanın “I-Derby ER” aviasiya raketini aldığını “Azerbaijani Armed Forces” kanalı iddia edib.
Bildirilib ki, raket artıq ordumuzun arsenalına daxil edilib. “I-Derby ER” “Derby” raketlərinin təkmilləşdirilmiş və tam modernləşdirilmiş versiyasıdır.
“I-Derby ER” orta mənzillidir, 100 km-likdəki hədəfi dəqiqliklə məvh etmək gücündədir. Raketin ağırlığı 118, döyüş başlığının ağırlığı isə 23 kq-dır.
Raketin hədəfə yönləndirilməsi kombinə edilib və uçuş mənzilinin ortalarına qədər komanda-inersiya sisteminə əsaslanır, mənzilin sonuna yaxın isə raket radilokasiya siqnalları əsasında hədəfə müstəqil yönəlir. Başlıq təmassız lazerlidir.Bu raketlərin daşıyıcıları kimi F-16C/D, F-5, “Mirage”, JAS-39 “Gripen”, habelə MiQ-21 və MiQ-29 sovet qırıcıları hesab edilir.
Virtualaz.org xatırladır ki, İsrailin “Rafael” şirkəti Azərbaycan Ordusunu “Spike NLOS” və “Spike” yüksək dəqiqlikli tank əleyhinə raketlərlə təchiz edir. Bu raketlərlə 2020-ci ildə 44 günlük müharibə zamanı düşmənin çoxsaylı hərbi texnikası məhv edilmişdi. İndi Azərbaycanın MiQ-29 qırıcılarının I-Derby ER "hava-hava" raketləri ilə təchiz edilməsi bu təyyarələrə düşmənin yaxın və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin zərbə zonasına daxil olmadan hava hədəflərinə dəqiq zərbə endirməyə imkan verəcək.