
Konfrans Liqasının qrup mərhələsində IV tur başa çatıb.
Azərbaycan təmsilçisi “Qarabağ”ın da yer aldığı H qrupunda günün ikinci oyunu keçirilib. Kiprdə yerli “Omoniya” İsveçrə “Bazel”ini qəbul edib.
Oyunda qalib müəyyənləşməyib. 1:1 hesablı heç-heçə “Omoniya”nın qrupdan çıxmaq şanslarının üstündən xətt çəkib. Kiprlilər ilk iki yerdən bitini tutmaq şansını rəsmən itiriblər.
Bununla da həm “Bazel”, həm də günün ilk matçında “Kayrat”a 2:1 hesabı ilə qalib gələn “Qarabağ” qrupdan çıxmağı təmin edib. Ağdam klubu Azərbaycan futbolu tarixinə qrup səddini adlayaraq mövsümün ikinci hissəsində mübarizəni davam etdirə biləcək ilk komanda kimi düşüb.
Tarix yazan “Qarabağ” qrupdan “Omoniya”nın xal itirməsi ilə çıxıbsa, liderliyə “Bazel”in büdrəməsi ilə yüksəlib.
Təmsilçimiz “Bazel”lə mübarizədə birinci yeri qorusa 1/8 finala, qrupdan ikinci yerlə çıxsa, pley-offa yüksələcək.
Bir daha xatırladaq ki, “Qarabağ” noyabrın 25-də “Bazel”in qonağı olacaq.
**21:48
Ağdamın “Qarabağ” komandası UEFA Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 4-də səfərdə Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşıb.
Senzor.az bildirir ki, Almatıdakı “Ortalık” stadionunda keçirilən görüşdə ilk qol 57-ci dəqiqədə vurulub. Ağdamlılar İbrahim Vadjinin qolu ilə hesabı açıblar. Amma 11 dəqiqə sonra “Kayrat”ın hücumçusu Joze Kante tarazlığı bərpa edib. Lakin görüşün 72-ci dəqiqəsində ağdamlılar yenidən hesabda irəli çıxıblar. Bu dəfə “Qarabağ”ın heyətində Abdullah Zubir fərqlənib – 2:1. Xatırladaq ki, Ağdam təmsilçisi “Kayrat”ı üçüncü turda da eyni hesabla (2:1) üstələmişdi.
Beləliklə, bu oyundan sonra “Qarabağ” xal ehtiyatını 10-a çatdırıb. Ağdamlıların qrupda liderliyə yüksəlməsi aktivində 7 xal olan “Bazel”in səfərdə “Omoniya” komandası ilə keçirəcəyi görüşün nəticəsindən asılı olacaq. Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.
Onu da qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 25-də İsveçrədə “Bazel”ə qarşı keçirəcək.