“Microsoft” şirkətinin yaradıcısı, milyarder-filantrop və hazırda dünyanın 4-cü ən varlı adamı olan Bill Qeyts bildirib ki, bəşəriyyət yalnız yeni pandemiyalara yox, habelə bioloji silahın istifadə edilə biləcəyi terror hücumlarına hazırlaşmalıdır. Bu hücumlar isə özlüyündə koronavirusun yayılmasından daha təhülkəli ola bilər. Azvision.az bildirir ki, Bill Qeyts bu sözləri Britaniyanın “Policy Exchange” ictimai təşkilatına verdiyi müsahibədə deyib.
Amerikalı milyarder-filantrop yeni təhdidlərə qarşı mübarizə üçün epidemioloji təhlükəsizlik sahəsində tədqiqatlara və infeksiya xəstəlikləri ilə mübarizənin konkret mexanizmlərinin işlənib-hazırlanmasına miyardlarla dolların xərclənməsi zərurətini vurğulayıb.Bu kontekstdə, Bill Qeyts epidemioloji vəziyyətə nəzarət etmək üçün ÜST-ni xüsusi işçi qrupu yaratmağa çağırıb. Onun fikrincə, bu qrup bioterrorçuların mümkün hücumlarının nəticələrinin ləğv olunması ssenarisini işləməklə belə hallara hazırlaşa bilər.
Amerikalı filantrop bioloji silahın istifadəsi yolu ilə terror aktlarına qarşı hazırlığın əhəmiyyətini də qeyd edib: “Bəs bioterrorçular 10 aeroporta çiçək xəstəliyi gətirsələr necə? Dünyanın buna necə cavab verəcəyini bilirikmi? Təbii şəkildə yaranan və bioterrorizmin gündəmə gətirdiyi epidemiyalar var. Sonuncular bizim indi yaşadığımızdan daha pis ola bilər”.
Onun fikrincə, gələcək pandemiyalarla mübarizə üçün çəkiləcək böyük xərclər bəşəriyyətə digər töhfələr, məsələn, qripdən və digər xəstəliklərdən qurtulmaq imkanı da verə bilər.