"Tərtər işi" noyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri Komitəsinin iclasında müzakirə predmeti olub. “Turan”ın məlumatına görə, bu barədə REAL partiyası Siyasi Şurasının üzvü, Azərbaycan parlamentinin deputatı Erkin Qədirli öz Facebook səhifəsində yazıb.
E.Qədirli iclasda çıxışında hüquq müdafiə təşkilatlarının hesabatlarına və rəsmi qurumların məlumatlarına əsaslaraq qeyd edib ki, "Tərtər işi" ölkədə siyasi müzakirələrə xüsusi təsir göstərir.
Onun sözlərinə görə, problemin miqyasını və xarakterini qiymətləndirmək üçün Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin nümayəndə heyətinin səfəri təşkil edilməlidir. Onun mandatı AŞPA-nın bu məsələ üzrə xüsusi məruzəçisinin təyin edilməsindən daha səmərəli mexanizmdir.
Müzakirələr zamanı məruzəçi olmaq istəyən olmayıb. Komitə müzakirəni gələcəkdə davam etdirmək qərarı qəbul edib.
Qeyd edək ki, bu ilin iyununda 24 AŞPA üzvü Azərbaycanda "Tərtər işi" kontekstində işgəncələrin araşdırılması və bu məqsədlə Assambleyanın məruzəçisinin təyin edilməsi təşəbbüsü ilə çıxış edib.
1551 nömrəli müvafiq sənəd iyunun 25-də AŞPA-nın saytında dərc edilib. Araşdırmaların təşəbbüskarı qismində italiyalı senator Robert Rampi çıxış edib.
Sənəd müəllifləri araşdırma zərurətini "Tərtər işi"ndə genişmiqyaslı işgəncə faktları ilə əlaqələndiriblər, 200-dən çox hərbçi bu işin qurbanı olub, onların 11-i vəfat edib.
25 nəfər işgəncə altında dindirilmə zamanı alınmış məlumat əsasında dövlətə xəyanətə görə mühakimə edilib və yeddi ildən iyirmi ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və DİN Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə bir qrup hərbi qulluqçunun və mülki şəxsin saxlanıldığını bildiriblər.
Prokurorluq CM-nin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi qaldırıb. Saxlanılan şəxslər müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Amma tezliklə məlum olub ki, araşdırma zamanı 11 şübhəli şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dörd nəfərə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə müxtəlif müddətə həbs cəzasına məhkum ediliblər.
Senzor.az xatırladır ki, bu il noyabrın 1-də Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev də bu məsələyə toxunub. Bildirib ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.
Onun dediyinə görə, istintaqın gedişində bəzi şəxslər məsuliyyətə cəlb olunsalar da, sonradan təqsirsiz olduqları aşkar edilib: “Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub”.
Xanlar Vəliyev əlavə edib ki, belə hallar hər bir azərbaycanlı üçün qara ləkədir və əvvəllər də olub, onlara qarşı mübarizə aparılıb, məhkəmə məsuliyyətinə cəlb ediliblər.
X.Vəliyev qeyd edib ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə ayrı-ayrı şəxslərə qarşı - söhbət dövlətə xəyanətdə şübhəli bilinən şəxslərdən gedir - fiziki zorakılıqlar, həm də çox ciddi zor tədbirləri həyata keçirilib: “Nəticədə Hərbi Prokurorluq - biz, cinayət işini aparana kimi bir nəfər şəxs vəfat etmişdi, kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilmişdi və cinayət işi başladıldı”.
Onun dediyinə görə, Müdafiə Nazirliyinin Tibb xidmətindən böyük briqadada həkimlər gəlib, hansı şəxslərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğu müəyyənləşdirilib: “Bir qism insanlar Mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas olundu. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxslər cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli hökm qərarı qəbul olundu. Onlar da hökmlərdən şikayət verdilər. Lakin nə apellyasiya, nə də kassasiya məhkəməsi həmin şikayətləri qəbul etdi. Hesab etdi ki, istintaq orqanları onlara istinad olunan ittihamları əsaslı və qanuni verib. Hökmlər qüvvəsində saxlanıldı”.