Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisidə saxlanıldığı Qldani həsxanasının klinikasından reanimobillə Müdafiə Nazirliyinin Qori şəhərindəki Giorgi Abramişvili adına hərbi hospitalına köçürülüb.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onun olduğu xüsusi maşını Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyin Xüsusi Penitensiar Xidmətinin avtomobil karvanı müşayiət edib.
Köçürülmə zamanı siyasətçinin şəxsi həkimi Nikoloza Kipşidze və həbsxananın tibbi heyəti, həmçinin anası Qiuli Alasaniya yanında olub.
Onun yerləşdirildiyi palatanın pəncərələrində metal barmaqlıqlar quraşdırılıb, hospital yaxınlığında polis nəzarəti gücləndirilib.
Siyasətçi 50 gündür keçirdiyi aclıq aksiyasını dayandıracağını bildirib.
Qeyd edək ki, Gürcüstan ombudsmanı nəzdində yaradılmış həkim qrupunun rəyinə əsasən, uzunmüddətli aclıq nəticəsində M.Saakaşvilidə beyin zədələnməsi ilə xarakterizə olunan nevroloji pozuntu - Vernike ensefalopatiya yaranıb. Bu səbəbdən həkimlər dünən onun təcili surətdə çoxprofilli hospitala yerləşdirilməsinə çağırmışdılar.
Onu da xatırladaq ki, Qori hərbi hospitalı 2006-cı ildə M.Saakaşvilinin prezidentliyi dövründə yaradılıb. Çoxprofilli tibbi müəssisənin əsas pasiyentləri hərbçilər, keçmiş hərbi qulluqçular və onların ailə üzvləridir.