Abşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil qəzaya uğrayıb.APA bildirir ki, hadisə Qurtuluş 93 yaşayış kompleksinin həyətyanı sahəsində baş verib.
Belə ki, Rzayeva Azadə Bəhrəm qızı tanışına məxsus "90-SP-998" dövlət nömrə nişanlı “KİA” markalı avtomobili binanın həyətindən qaçıraraq yüksək sürətlə məhəllədaxili yolla hərəkət edib. Bu zaman o, qəfil dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini Süleyman İsayevə məxsus “Opel”ə çırpıb.
Bununla belə, avtomobili saxlamayan qadın sürücü əks yola çıxaraq Fərrux Kərimova məxsus “Chevrolet” markalı maşınla toqquşub. Sükana nəzarəti itirən qadın “KİA”nı Məhəmməd Atayevin sükanı arxasında olduğu “Daewoo” markalı maşına da çırpıb.
Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qadının avtomobili hadisə yerində qoyub qaçdığını görüblər. Amma Post Patrul Xidmətinin əməkdaşları onu təqib edərək saxlayıblar. Məlum olub ki, qadın sərxoş haldadır. Bunu həm Abşeron Rayon Polis İdarəsinin əməkdaşları, həm də hadisə zamanı zərərçəkən sürücülər təsdiqləyiblər.
Daha sonra qəzanın baş verdiyi əraziyə “KİA” markalı maşının sahibi gəlib. O, polis əməkdaşlarına bildirib ki, avtomobilini Azadə Rzayeva oğurlayıb.
Qeyd edək ki, Azadə Rzayeva özünü youtuber (video-bloger, youtube kanalında aparıcı-"Senzor") kimi təqdim edib. A.Rzayeva polis tərəfindən saxlanılıb.
Foto





