“Uğursuz qiymət siyasəti, bahalaşma, rüşvətxorluq Azərbaycanın uğurlarına kölgə salmamalıdır”.Bunu deputat Sabir Rüstəmxanlı bu gün Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
“Ölkə qanunlarla idarə edilməlidir. Oliqarx-nazir fəaliyyəti ilə yox. Bu gün işsizlik, kommunal xərclərin artması , müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazın haqqını ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır”, - deyə millət vəkili vurğulayıb.
S.Rüstəmxanlı bildirib ki, insanlar müharibədən sonra yeni Azərbaycanda yaşamaq istəyirlər: “Bizim üçün prioritet işğaldan azad olunmuş yerlərin bərpası məsələsidir. Xalq bunu başa düşür. Cəmiyyətdə olan bu sabitlik xalqın bunu başa düşməsinə görədir. Ancaq xalqın sosial rifahı da yaxşılaşdırılmalıdır. Biz cəmiyyətdəki ağrıları görürük və deyirik. Onun müalicəsi hökumətin işidir. Xahiş edirəm ki, burda biz deyənlərə hökumət üzvləri ciddi yanaşsınlar. Prezidentin ölkə boyu kərpic-kərpic qurduğu siyasət məmurların etinasızlığı ilə sökülməməlidir. Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir. Bu məsələlərə baxılmalıdır”.