“Ermənistan və Azərbaycan MDB çərçivəsində ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb”.Senzor.az "Sputnik Armenia"ya istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması ayrı-ayrı məsələlərdir və müxtəlif müzakirə üsulları tələb edir.
Ərazi bütövlüyü məsələsinə toxunan Paşinyan qeyd edib ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində iştirak ediblər və bəyannamə və dövlətlərarası saziş imzalayaraq ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar.
N.Paşinyan xatırladıb ki, İrəvən onilliklərdir təcrid olunmuş vəziyyətdədir. Ona görə də Avropa, Rusiya və İranla dəmir yolu Ermənistan üçün böyük üstünlük olacaq... Baş nazir qeyd edib ki, bunun İrəvan üçün sərfəli olmadığı barədə iddialar absurddur.
“İlham Əliyevlə Soçi və Brüsseldəki görüşlər bir-birilə ziddiyyət təşkil etmir”
Ermənistan lideri noyabrın 26-da Soçidə keçiriləcək görüşdən də danışıb və bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın vasitəçiliyilə Soçidə və Avropa İttifaqının vasitəçiliyilə dekabrın 15-də Brüsseldə keçiriləcək görüşlər bir-birilə ziddiyyət təşkil etmir: “Brüssel və Soçi görüşlərini bir-birinə qarşı qoymaq cəhdləri var. Burada heç bir ziddiyyət yoxdur. Çünki bizim tərəfdaşlarımızın faydalı ola biləcək vasitəçiliyindən imtina etməyə haqqımız yoxdur. Biz vəziyyəti sabitləşdirmək üçün onların kömək etmək istəyindən, bilik və təcrübəsindən istifadə etməliyik”.
Erməni baş nazir 9 noyabr görüşündən niyə imtina edib?
N.Paşinyan noyabrın 9-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev ilə videokonfrans rejimində üçtərəfli görüşdən niyə imtina etdiyinə də aydınlıq gətirib: “Noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi. Mən dedim ki, bu ideya bizim üçün problemlidir, çünki noyabrın 9-u bizim üçün çətin gündür”.
O qeyd edib ki, əgər “konkret qərarlar, misal üçün, erməni hərbi əsirlərin qaytarılması ilə bağlı qərar qəbul ediləcək” deyilsəydi, o zaman noyabrın 9-da görüşə razılıq verərdi: “Mən dedim ki, bu halda 9 noyabr tarixi nə qədər çətin və ağrılı olsa belə, bunun öhdəsindən gəlib görüşdə iştirak edə bilərəm. Lakin məlum olanda ki, həmin görüşdə bu cür razılıq əldə oluna bilməz, mən görüşü noyabrın 15-nə keçirməyi xahiş etdim. Daha sonra görüşün noyabrın 26-na və əyani formada keçirilməsi təklif edildi, mən də razılaşdım”.
“Müdafiə nazirləri arasında birbaşa əlaqə qurulur..."
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında operativ əlaqə yaradılır: “İndsidentlərin qarşısını almaq məqsədilə Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında operativ əlaqənin təşkili məsələsi müzakirə olunur. Bu əlaqə beynəlxalq vasitəçiliyin köməyi ilə formalaşır. Ermənistanın müdafiə nazirinə bu kommunikasiyadan fəal istifadə etmək, atəşkəs rejiminin pozulması halları barədə azərbaycanlı həmkarı ilə informasiya mübadiləsi həyata keçirmək tapşırılıb. Əvvəllər Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında bu cür təmas heç zaman olmayıb. Bu ilk dəfədir. Əlaqə yaradılıb və mən Azərbaycan Prezidentinin bu qərarını qiymətləndirirəm. Bu operativ əlaqənin nə dərəcədə səmərəli olacağını zaman göstərəcək”.